Yuxarı

İlk gündən son günədək döyüşən polkovnik: "Hücumlar boyu XTQ-ni artilleriya atəşi ilə qoruyurduq” - FOTOLAR

İlk gündən son günədək döyüşən polkovnik:

İlk gündən son günədək döyüşən polkovnik:

27 sentyabr 2020-ci ilin səhəri...

Azərbaycanın və azərbaycanlıların 30 ilə yaxın gözlədiyi gün. Həmin gün azərbycanlıların bir-birinə salamdan da əvvəl dediyi ilk söz "Başladı” oldu. Nə olduğunu hər kəs elə bircə sözdən anlayırdı, dünyanın çətin ki, hansısa başqa ölkəsində müharibənin başlamasına onun adını belə çəkmədən bu qədər sevinərdilər.

Azərbaycan o gün müharibənin başlamasına sevinirdi, çünki bu dava o davalardan deyildi. Bu dava əyilən başımızı dik qaldıracaq davaydı. Bu dava qürurumuzu oxşayacaq davaydı. Bu dava bizdən zorla alınanları geri qaytaracaq davaydı. Bu dava yaşam davasıydı, var olmaq davasıydı, milli özünütəsdiq davasıydı. Bu dava sonunda Böyük Qələbəni gətirəcək davaydı...

44 günlük müharibədə hər günümüz müharibə xəbərlərilə başlayıb, qələbə xəbərlərilə bitdi. Əslində, bitmədi, yeni günə köhnə günün son xəbərlilə başladıq. Ürəyimiz Qarabağda döyündü, dualarımız Ordumuz üçün pıçıldandı, əllərimiz əsgərlərimiz üçün Tanrıya uzandı. Ordumuz qələbəni ovcumuza elə məharətlə qoydu ki, hər birimiz ovcumuzda Azərbaycan boyda bir bir qələbə daşımaq xoşbəxtliyi yaşadıq. Bunu bizə yaşatdıqlarına görə canını Vətən uğrunda fəda edən şəhidlərimizə, sağlamlıqlarından keçən qazilərimizə, döyüşçülərimizə tarix boyu borclandıq. Bu borc hər birimiz ömrümüzün sonuna qədər böyük fəxrlə daşıyacağımız borcdur. Əvəzi heç nə ilə ödənməyəcək Vətən borcu.

Cavid Abdullayev də Vətənin azadlığına, bütövlüyünə görə borclu olduğumuz zabitlərdəndir. 1997-2020-ci illərdə Milli Ordumuzda həqiqi hərbi xidmətdə olub və artilleriyaçı zabit kimi polkovnik-leytenant rütbəsinə yüksəlib. Xidmətdə olduğu dövrlərdə həm ölkədaxili təlimlərdə, həm də xarici ölkələrdə keçirilən çoxsaylı yarışlarda bir çox mükafatlarla, fəxri adlarla təltif olunub.

İlk gündən son günədək cəbhədə...

"Amma nə qədər çox mükafatlar, fəxri adlar alsam da, keçən ilin yanvar ayında Ordudan tərxis olunandan daxilimdə olan bir hiss məni rahat buraxmırdı ki, bu qədər hərbi gücümüz ola-ola, bu qədər təlimlərdə hərbi biliklərə yiyələnsək də, Qarabağı tam azad edə bilməmişdik.

27 sentyabrda Ali Baş Komandanın əmri ilə Ordumuz irəli atılanda bütün hərbiçilərimiz kimi mən də sevindim və müharibənin ilk günlərindən cəbhədə oldum. Briqadanın artilleriya rəisi kimi Füzulinin alınmasından Şuşanın alınmasına və müharibənin son gününədək öz əsgər və zabitlərimlə ön xəttdə olmuşam və artilleriyaçı zabit kimi qoşunlarımızın hücumlarna dəstək məqsədilə düşmən texnikasının və müdafiə nöqtələrinin məhvi üçün dəqiq atışlarla öz töhfəmizi vermişik”,-Cavid Abdullayev "Cümhuriyət” qəzeti ilə söhbətinə belə başlayıb.

"Təlimlə döyüşün tamam fərqli olduğunu anladıq”

Mənim üçün müharibənin ilk günündən bir hərbçinin keçirdiyi ilk hissin nə olduğu maraqlıdır. Biz cəbhədən uzaqda ancaq cəbhə xəbərlərinə diqqət kəsilən sıravilər həyəcanlanır, qısa zamanda qələbə xəbəri gözləyir, amma döyüş meydanında hər şey daha fərqlidir. Heç düşünmüsünüzmü ki, peşəkar hərbçi müharibə başladığı xəbəri alanda nə hiss keçirir? Bunu həmsöhbətimə soruşuram, çünki cavab verəcək ən yaxşı həmsöhbət indi odur.

"Səmimi etiraf etmək istəyirəm ki, birinci gündən Füzuli rayonunda döyüşə atıldıq və təlimlərdə amansız qanlı döyüşlərin tamam fərqli olduğunu anladıq. Hər tərəfdə məhv edilmiş erməni hərbçilərinin cəsədləri, erməni ordusuna məxsus sıradan çıxarılmış ağır texnikalar tökülüb qalmışdı. Mülki həyatdan birdən-birə müharibəyə atılan insanların hamısı ilk günlərdə bu hisləri məcburən yaşayır. Mənimçün daha çətini o idi ki, həmişə həqiqi ordu hissələrinda xidmət etmişdim, indi isə əsasən Hərbi Səfərbərlik Xidməti tərəfindən çağırılan şəxsi heyət ilə vuruşurdım”,- deyə C.Abdullayev cavab verir.

"Tabeliyimdə olanlar mənim hər bir komandamı sözsüz başa düşürdü”

C.Abdullayev deyir ki, həmin insanların içərisində ən müxtəlif yaşlarda olan və ən müxtəlif peşələrin sahibləri olub:

"Onlarla cəmisi bir neçə gün ərzində təlim keçmək imkanımız olmuşdu. Amma cəmisi 1-2 gündən sonra tabeliyimdə olan həmin insanlar mənim hər bir komandamı sözsüz başa düşür və vaxtında dəqiq icra edirdilər. Cəmisi bir neçə günlük müharibə hamımızı inanılmaz dərəcədə yaxınlaşdırmışdı və elə bil bir neçə il idi ki, bir yerdəydik”.

Polkovnik sözləri təmkinlə, amma elə tələffüz edir ki, müharibədə bir yerdə döyüşdüyü yoldaşları üçün darıxdığını hiss etmək mümkündür. Hələ deyirlər ki, hərbçilər soyuqqanlı olur. Görünür, xidmətlə mülki həyatın fərqi də elə bundadır...

"Xüsusi təyinatlılarımıza "yol açırdıq”

Bir hərbçi üçün həyatının ən unudulmaz xatirəsi yəqin ki, müharibədə yaşadıqları olar. Əgər bu müharibə xalqın illərlə gözlədiyi Vətən müharibəsidirsə, döyüş yolunun hər qarışı müqəddəsdir. C.Abdullayevin döyüş yolu da uzun olub-düz Şuşaya qədər:

"Füzuli rayonunun bir çox yaşayış məntəqələri işğalçılardan azad edilməsindən dərhal sonra komandanlığın əmri ilə Hadrut (Ağoğlan) istiqamətində ağır döyüşlərə başladıq. Bir şeyi mütləq qeyd etmək lazımdır ki, nə qədər müasir silahlardan istifadə etmiş olsaq da, torpaqlarımızın hər bir qarışı qəhrəman hərbçilərimiz tərəfindən qanlı döyüşlər nəticəsində azad edilib. Hadrut erməni birləşmələri tərəfindən çox güclü şəkildə qorunurdu. Bütün hücum əməliyyatları xüsusi təyinatlılarımızla əvvəlcədən birgə müzakirə olunurdu və hücumlar boyu XTQ-ni artilleriya atəşi ilə qoruyur, onlara sanki "yol açırdıq”. Bəzən bizə əmr verilirdi ki, öndə olan qüvvələrimizin 50-100 metrliyində olan düşmən qüvvələrini məhv edək. Ağır artilleriya ilə bu dəqiqliklə zərbə endirməyin nə qədər çətin və məsuliyyətli olması məncə hərbçi olmayan şəxslərə də aydınır.

44 günlük müharibə dövründə demək olar ki yuxulamağın, istirahətin və normal yuyunmağın belə nə olduğunu bilməyən əsgər və zabitlərimizin əməyi heç vaxt unudulmamalıdır. Ağır maşınların və ağır artilleriya vasitələrinin yalnız gecələr işıq faralarını yandırmadan yolsuz şəraitdə dağlara qaldıraraq mövqe tutmaq və hər dəfə düşmənə zərbələr endirdikdən sonra gecələr mövqeləri dəyişmək çox ağır prosesdir. Torpaqlarımız azad edildikdən sonra həmin dağları keçdikdə insanın heç cür inanmağı gəlmir ki, həmin yerlərə gecə vaxtı qaranlıqda texnika qaldırmaq mümkün olar”.

"Düşmən yaxşı başa düşürdü ki, istiqamət ya Xankəndi, ya da Şuşayadır”

Polkovnik Hadrut və Füzuli şəhəri azad edildikdən sonra Şuşa istiqamətində hərəkətə başladıqlarından danışır:

"Ən keçilməz yollarla gecə vaxtı ağır texnikalarla yol getməyə, mövqe tutmağa başladıq. Hər bir metr Vətən torpağı uğrunda ağır döyüşlər gedirdi və düşmən heç bir mövqeyini, səngərini asanlıqla əldən vermək istəmirdi. Çünki mənfur düşmən yaxşı başa düşürdü ki, istiqamət ya Xankəndinə, ya da Şuşayadır. Dəfələrlə erməni kəndlərində evlərin damından düşmənin atəş nöqtələrinin koordinatlarını müəyyən edərək həmin nöqtələrin dəqiq məhvinə nail olmuşuq ki, düşmən özü bundan çox vaxt çaşqın vəziyyətə düşürdü. Ən böyük uğurlarımızdan biri isə bütün döyüşlərdə düzgün mövqe seçmək və düşmənin çoxsaylı artilleriya zərbələrinə rəğmən itkilərimizin minimum sayda olması oldu. Ermənilərdən ələ keçirdiyimiz texnikanın, topların, silah və sursatın sayı-hesabı yox idi və həmin silah-sursatlar onların özlərinə qarşı istifadə edilirdi”.

"Bir neçə gündə Xankəndidəki erməni birləşmələrini tamamilə məhv etmək asan idi”

Beləliklə, müqəddəs Şuşa yolçuluğu başlayır. 44 günlük hərbin ən müqəddəs yolçuluğu... C.Abdullayev o yolu da mətanətlə gedib:

"Şuşanın azad edilməsi əməliyyatları haqda çox yazılıb və bu barədə günlərlə danışmaq olar. Şuşa azad edildikdən sonra isə hədəfimiz Xankəndi idi və Xankəndi demək olar ki, mühasirəyə düşmüşdü. Bir neçə gün ərzində Xankəndidə olan erməni birləşmələrini tamamilə məhv etmək Ordumuz üçün artıq çox asan bir iş idi. Lakin noyabrın 9-da Ermənistanın məcbur olaraq kapitulyasiyaya imza atması ilə müharibəyə son qoyuldu və müharibə Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı”.

Bir müharibənin 3 medalı

C.Abdullayev deyir ki, 44 günlük müharibə Azərbaycan xalıqının, Ordumuzun gücünü, xalqla Ali Baş Komandanımızın birliyini və yenilməzliyini bütün dünyaya göstərdi:

"Xalqımıza şərəfini, özgüvənini geri qaytardı. Qısa müddətdə və minimum itkilərlə qələbə qazanmağımlzın əsas səbəblərindən biri də uzun illər böyük xərclər və zəhmət bahasına keçirilən hərbi təlimlərin böyük rol oynadığı şübhəsizdir. Əlbəttə, burada qardaş Türkiyə dövlətinin və türk xalqının hər cür dəstəyini mütləq qeyd etmək lazımdır”.

Müharibə başa çatdıqdan sonra polkovnik-leytenant Cavid Abdullayev Ali Baş Komandan tərəfindən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Bunu özü üçün böyük şərəf və məsuliyyət hesab edir:

"Bu təltiflərə görə ölkə başçısına ailəmiz adından minnətdarlığımızı bildirirəm. Bu adların qazanılmasında zəhməti olan bütün zabit və əsgər yoldaşlarıma çox təşəkkür edirəm”.

Biz də təşəkkür edirik, cənab polkovnik! Sizin timsalınzda bütün əsgər və zabitlərimizə təşəkkür edirik. Sizə minnətdarlığımı çatdırmaq üçün indi sözümüz var, sözümüz tükənsə, hissimiz var, hisslərimiz məhv olsa, baxışımız qalacaq.

Və bir də müqəddəslik zirvəsinə ucalan şəhidlərimiz var ki, onların qarşısında sözümüz də, hissimiz də, baxışımız da acizdir...

Elnarə Əlosmanqızı





Həftənin ən çox oxunanları