Yuxarı

Kino lentinə düşməyən tariximiz - "Bir şadlıq evinin puluna kinostudiyanı bərpa etmək olar” - Sabir Rüstəmxanlı ilə MÜSAHİBƏ

Kino lentinə düşməyən tariximiz -

Kino lentinə düşməyən tariximiz -

Azərbaycan kinosu böhran dövrünü yaşayır.

"Bəyin oğurlanması” filmində rəhmətlik Səməndər Rzayevin yaratdığı sovxoz direktoru Hidayət müəllimin dediyi kimi: "Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”.

Nədənsə aidiyyatı qurumlar Azərbaycanda ciddi, xüsusən də tarixi filmlərin çəkilməsini heç də vacib hesab etmirlər. Bəlkə də ona yalnız qəliz məsələ kimi baxırlar. Azərbaycanın öz tarixi şəxsiyyətləri, qürur və qəhrəmanlıq dolu keçmişi, qədim tarixi olduğu halda, dünyaya çıxarılacaq bir filmin çəkilməməsi insanın içini "yağa su damar kimi” sızıldadır. Hətta vəziyyət o yerə çatıb ki, digər dövlətlərin kino xadimləri bizim qəhrəmanlarımız haqqında film çəkirlər. Farslar isə tarixi qəhrəmanımız Səttar xan haqqında teleserial çəkir, bu ekran əsərində öz milli dəyərlərini nümayiş etdirməyə çalışırlar.

Qazaxlar ulu hun xaqanı Atilladan sonra Avropada ən çox adı çəkilən və Alp Ər Tonqanın nəvəsi olan qadın hökmdar Tomris haqqında film çəkiblər. Maraqlısı budur ki, Akan Satayevin rejissorluğu ilə çəkilən sözügedən filmin bir neçə yerində Massaget hökmdarı Tomirisin qazax qızı olduğu vurğulanır. Lakin tarixin atası adlandırılan Heradotun "Tarix” əsərində Əhəməni hökmdarı Kirin Araz çayından şimalda yerləşən Massaget çarlığına hücum edərkən öldürüldüyü bildirilir. Sözügedən yer müasir Azərbaycan Respublikasının ərazisidir. İranın çəkdiyi "Səttar xan” teleserialında isə Səttar xanın həyat yoldaşı Firdovsinin "Şahnamə”sini oxuyur. Təbii ki, başqa millətin ədəbiyyat nümunəsini oxumaq pis bir şey deyil, bəlkə də əksinə olaraq fəzilətdir. Lakin bunun bir filmdə təbliğ edilməsi, Azərbaycan ədəbiyyatını və şairlərini kiçik göstərmək, aşağılamaq anlamına gəlir. Türkmənlər Ağqoyunlu hökmdarı Uzun Həsənə abidə ucaldırlar.

Bizdə isə "Dədə Qorqud”a kiçik bir abidə qoyulub ki, dastana vaqif olanların belə, həmin abidəni tanıması çox çətindir. Parkın sahəsi çox genişdir, lakin nə "Kitabi-Dədə Qorqud” dastanından bir boy qəhrəmanı, nə də oradakı hadisələri əks etdirəcək hər hansı bir epizod təsvir olunub. "Kitabi-Dədə Qorqud”dakı Təpəgöz obrazı haqqında heç bir guşədə hansısa abidə qoyulmur. Halbuki, alman alimi Fridrix Fon Ditsin yazdığına görə, bu dastanın qədimliyinin əsas faktorlarından biri də Təpəgözlə yunan mifologiyasında mövcud olan polifemin oxşarlığıdır. Bu abidələrdən danışarkən kino məsələsindən uzaqlaşdığımı sanmayın. Məhz bu faktorlar tariximizin qədimliyini göstərən dəlilərdir. Hətta bizdən iqtisadi, hərbi, maliyyə cəhətdən çox-çox zəif olan işğalçı ermənilər belə Qarabağ haqqında film çəkərək dünyanı, guya bizim onların torpaqlarını işğal etdiyimizə inandırmaq istəyirlər. Onlar hətta öz mənfur siyasətlərini həyata keçirmək üçün çəkdiyi filmlərə Hollivuddan aktyorlar da dəvət edirlər. İndi isə "Aslanlar vətəni” adlı film çəkirlər. Aslanlar vətəni, ermənilərin canına hələ də çıxmayacaq qorxu salmış Mübariz İbrahimovun Azərbaycanıdır, yoxsa qulağıkəsik Andronikin Ermənistanı? Bu gün dünyada informasiya müharibəsində geri qaldığımız kimi, təbliğat məsələsinə də çox laqeyd yanaşırıq. Səsimiz yanlız dəyərlərimiz əlimizdən alınandan sonra çıxır. O zaman da həmin səs kiminsə qulağına çatmır, heç çatmasının da bir xeyri yoxdur.

Nəyə görə real tarixi materiallar və böyük hökmdarlarımız, XXI əsrdə qəhrəmanlıq tarixini bir daha təkrarlayan Mübariz İbrahimov kimi igidlərimiz olduğu halda, dünyaya çıxarıla biləcək tarixi filmlərimiz çəkilmir? Bu gün filmlərin Azərbaycan üçün əhəmiyyəti nədir?

"Cümhuriyət”in suallarını Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, istiqlalçı deputat, Milli Məclisin üzvü Sabir Rüstəmxanlı cavablandırır.

"Son dərəcə mənasız seriallar çəkirlər”

-Sabir bəy, bizdə bu qədər tarixi faktlar, sənədli filmlər varkən niyə tarixi filmlər çəkilmir?

-Bu gün film, kino işi millətlərin və dövlətlərin təbliğatı baxımından son dərəcə mühümdir. Bu həm sənaye, həm ticarət, həm tanıtım, həm də mədəniyyət işidir. Film hazırda ən çox dövlətlərin və xalqların tanınmasına xidmət edir. Bu baxımdan Türkiyənin, Hindistanın, Çinin və Koreyanın tarixi filmləri nümunə göstərilə bilər. Film işi dövlətlərin tanınması və haqlarını nümayiş etdirməsi baxımından çox mühüm olduğu üçün kinostudiyalar, prodüsser mərkəzləri çox böyük imkanlarla bu işə qoşulublar. Təəssüf ki, bizdə kinostudiya dağılmış vəziyyətdədir. Mən dəfələrlə demişəm ki, bir ədəd şadlıq evinin pulunu sərf etsələr kinostudiyanı bərpa edə bilərlər. Kino çəkildikdən sonra onu göstərməyə yer lazımdır. Azərbaycan rayonlarının demək olar ki, heç birində normal kino salonu yoxdur. Ticarət mərkəzlərində açılan kino salonları da yaramır. Bundan başqa kinoda çəkilə bilən gözəl və talantlı aktyorlarımız vardı ki, onlar yaşa dolub getdilər və biz, bu illər ərzində onlardan istifadə etmədik. Beləliklə, böyük bir imkanı əlimizdən qaçırdıq. Ayrılan maliyyə vəsaitləri də televiziyalara verilir. Onlar da bəsit və son dərəcə mənasız seriallar çəkirlər. Azərbaycanı bu şəkildə təbliğ etmək olmaz. Həm də Azərbaycan müharibə şəraitindədir. Azərbaycanın problemləri qalıb, xariclə yarışırlar. Gözəl villalar, bahalı maşınlar, eyş-işrət içində yaşamaq və sair təsvir olunur. Sanki bütün Azərbaycan bu şəraitdədir. Əlbəttə, bu yanlış bir yoldur və ölkəmizi belə təbliğ etmək olmaz.

"Tariximiz o cür süjetlərlə doludur”

-Nəyə görə, aidiyyatı qurumlar bu işlərə laqeyd yanaşırlar?

-Bu gün dünyanın hər yerində tarixi filmlər çəkilir. Hətta çoxmillətli dövlət olan Hindistanda Moğol imperiyasından bəhs edən çoxserialı filmlər çəkirlər. Türkiyənin tarixini bilməyənlər dünyada onun haqqında həqarət dolu kitablar yazırdılar. Lakin Türkiyə həmin buzu qırdı və qara pərdəni cırıb atdı. Bunu çəkdiyi filmlərlə etdi. Həmin filmlərdə Osmanlı tarixinin gerçək həqiqətlərini çəkib göstərdi. Ona görə də bu gün Türkiyənin çəkdiyi "Möhtəşəm yüz yıl”, "Paytaxt Əbdülhəmid”, "Diriliş Ərtoğrul” və digər tarixi filmlər bir çox dünya dillərinə tərcümə olunaraq maraqla izlənilir. Yəni ki, filmlərin əhəmiyyəti çox böyükdür. Azərbaycanda nədənsə hələ bizim Mədəniyyət Nazirliyimiz, Kino Xadimləri İttifaqı bu işin əhəmiyyətini ya başa düşmür, ya da qəsdən bu işi kölgədə saxlayırlar və əhəmiyyət vermirlər. Mənim ssenari müəllifi olduğum "Cavad xan” filmi çox cüzi vəsaitlə ərsəyə gətirilib. Kimə desən bu vəsaitlə belə bir film çəkilib, inanmazlar. Baxmayaraq ki, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da həmin filmin çəkilişinə dəstək olmuşdular. İndi də qəhrəmanlıq ruhunun təbliği kontekstində həmin film nümayiş etdirilir. Halbuki bizim tariximiz belə süjetlərlə doludur. Mən "Difai” fədailəri və digər belə məsələlərlə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etsəm də onlardan cavab ala bilməmişəm. Təbii ki, bu istəkdə bulunan tək mən deyiləm.

"Bu, ortaq türk abidəsidir”

-Nəyə görə, Tomiris, Səttar xan və digər tarixi şəxsiyyətlərimiz haqqında digər dövlətlər film çəkərək onları özününkiləşdirir, biz isə onlara sahiblənmirik?

-Azərbaycan Türk dünyasının parçasıdır və bir çox süjetlər var ki, ortaq abidə sayılır. O, həm Azərbaycanın, həm Qazaxıstanın, həm Türkiyənin, həm Türkmənistanın, həm də digər türk dövlətlərinindir. Məsələn, Qazaxlar "Tomris”i çəkiblər. Tomrisin Əhəməni hökmdarı ll Kirlə qarşılaşdığı ərazi haqqında müxtəlif versiyalar var. Amma bu, ortaq türk abidəsidir. Qazaxlar həmin filmi çəkdiyi üçün, indi bu onların tarixinin bir parçası olub. Sabah Koroğlu və ya Uzun Həsən haqqında Azərbaycan film çəkməsə, Türkmənistan çəkər. Onlar da olar türkmənlərin. Həmin türk dövlətlərinə çəkmə də deyə bilmərik. Çünki ortaq abidə olduğu üçün, həmin dövlətlər deyəcək ki, onlar həm də mənimdir. "Kitabi Dədə Qorqud” dastanı da, "Alp Ər Tonqa”da "Oğuz Xaqan” da ortaq türk abidələridir. Ona görə də bu dövlətlərin içində kim qabağa düşüb onlar haqqında film çəkirsə, həmin işə də o sahiblənir. Bu həqiqəti hələ bizim nə Mədəniyyət Nazirliyi, nə də aidiyyatı idarələr dərk etmir.

"Ona görə də kinoya pulu əsirgəmək lazım deyil”

-Ola bilər ki, dünyaya çıxardılacaq səviyyədə tarixi filmlər çəkmək üçün xüsusi büdcə yaradılsın?

-Bunlar hamısı bizim o sahəyə rəhbərlik edən adamlarımızdan asılıdır. Onların milli şüurundan və tarixi bilməsindən asılıdır. O sahəyə rəhbərlik edənlərin çoxunun bizim tariximizdən xəbərləri yoxdur. Heç bilmirlər ki, Tomris, Mete Xan, Əfrasiyab (Alp Ər Tonqa) və digərləri kimdir? Ona görə də əsas odur ki, bu işə uyğun adamlar təyin edilsin. Bundan əlavə, belə iş üçün həm də büdcə ayrılmalıdır. Qazaxlar indi "Köçəri” filminə neçə milyon pul ayırıblar. Amerikadan, Hollivuddan aktyorlar və digər işçilər dəvət edirlər. Azərbaycanda isə belə işə ayrılan pullar gedib elə əllərə düşür ki, tam başqa şeylərə sərf olunur. Ona görə də kinoya pulu əsirgəmək lazım deyil. Ora pul sərf etmək lazımdır ki, gözəl bir filmlə tariximiz tanıdılsın. Hazırda Ermənistanla olan problemlərimizlə bağlı xeyli sənədlər, sənədli və bədii filmlər var. Onların əsasında film çəkib dünyada nümayiş etdirmək olar. Qoy, dünya xalqları görsün ki, biz necə tarixi ədalətsizliklə üzləşmişik. Bundan başqa Azərbaycan torpaqlarının 1828-ci ildə Rusiyaya verilməsi, 1905, 1918, 1937-ci il hadisələri, İravanın Ermənistana verilməsi, hamısı həqiqi tarixdir. Bunu çəksinlər, qoy dünya görsün. Bu haqda sənədlər tək bizim deyil, Rusiyanın da arxivlərində var. Sadəcə, bunu çəkmək və göstərmək lazımdır.

-Mümkündürmü, bu məsələ Milli Məclisdə qaldırılsın?

-Bir neçə dəfə buna bənzər hadisələr, dəyərlərimizə hörmət, tarixi qəhrəmanlarımıza sayğı və sair mövzular Milli Məclisdə qaldırılıb. Amma hər şey Milli Məclisə bağlı deyil ki. Bu gündəlik işdir. Tutaq ki, Milli Məclisdə deyildi, səsləndi, ürəyimiz boşaldı və məsələ qaldı protokolda. Bununla iş bitmir. Əsas odur ki, bu işə baxan adamlar gərək ciddi şəkildə işləsinlər”.

Əli Bədir





Həftənin ən çox oxunanları