Yuxarı

Bir mahnı ilə tanınan müəllim: "Aldanmayan qadın yoxdur”

Bir mahnı ilə tanınan müəllim:

Nəzrin Vəlizadə: "Dinləyicilərimiz depressiv musqiləri xoşlayırlar”
Bir müddət öncə sosial şəbəkələrdə ifa etdiyi "Sənlə olmaz ki...” mahnısı ilə məşhurlaşan və kifayət qədər izləyici toplayan gənc müğənniyə maraq göstərənlərin sayı durmadan artır. Söhbət məlahətli səsi, oxu tərzi və üslubu ilə dinləyicilərin konlünü fəth edən müğənni Nəzrin Vəlizadədən gedir. "Cümhuriyət” qəzetinin qonağı olan yeni ifaçımız həyat və yaradıcılığından danışıb:
-İlk olaraq özünüz haqda oxucularımıza məlumat verərdiz...
-1992-ci ildə Bakı şəhərində anadan olmuşam, 27 yaşım var. Bakalavr üzrə coğrafiya müəllimliyi və magistr üzrə biznes administrasiyası, maliyyə ixtisasları üzrə iki ali təhsil almışam. Sabunçu rayonu 4 saylı Musiqi Məktəbinin piano ixtisası üzrə təhsil almışam. Sabunçu rayonu 72 saylı lisey-məktəbdə 4 ildir ki, müəllim işləyirəm və yuxarı siniflərə coğrafiya fənnini tədris edirəm.
-Musiqiyə marağınız necə yarandı?
-3 yaşında idim, evimizə fortepiano hədiyyə etdilər. O vaxtdan musiqiyə marağım artdı. 4 yaşında rəqsə getdim. 8 yaşında xalamın təşəbbüsü və məsləhəti ilə musiqi məktəbinə qəbul olundum. 7 illlik musiqi təhsilimi bitirəndən sonra hansı peşə sahibi olacağıma qərar verə bilmirdim. Bir qədər kənar streotiplər də təsir edirdi. Bəziləri deyirdi ki, incəsənət və istedadda çox böyük uğur qazanmaq mümkün deyil. Orada pul yoxdur, filan... Əlbəttə ki, insanların ümdə arzusu çalışmaq və həyatını təmin etmək olur. Amma heç kəs demir ki, mən çalışım və öz istədiyimi edim. Musiqi məktəbində İrina Aleksandrovna adlı müəllimim səsimi çox bəyənirdi və məhz ifaçı olmağımı istəyirdi. Hətta Asəf Zeynallı adına Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi məktəbində oxumağımı məsləhət görürdü. Əslində, gedə bilərdim. Sadəcə arxa fonda əsas işim olsun deyə düşündüm. Musiqiyə əvvəl hobbi kimi baxırdım. Amma indi anlayıram ki, bu sahədən yaxşı qazanc əldə edə bilərəm və əsas işim ola bilər. Musiqi sahəsində gec-tez uğur qazanacağıma hər zaman inanmışam. Ən böyük problem vaxt məhdudiyyəti və musiqinin insanlara düzgün çatdırmamaqdır. Valideynlərim də musiqi ifa etməyimə qarşı çıxmırlar. Anam deyir ki, istedadlı insan bütün sahələrdə uğur qazanır. Düzdür, əvvəl valideynlərim bir qədər etiraz etdi. "Çətinliklərin olacaq, üzüləcəksən, nailiyyətlərin ola bilsin ki, sənə uğur gətirmədi” deyə məni düşünməyə çağırdılar. Müəyyən vaxt keçəndən sonra başa düşdülər ki, bunu istəyirəm. Hazırda mənə dayaq və dəstəkdirlər. 
-"Sənlə olmaz ki...” musiqisi ilə tanındınız. Mahnı necə ərsəyə gəldi?
-Mahnının sözləri və musiqisi mənə məxsusdur. Əslində, bu musiqini iki il əvvəl bir hissə olaraq yazıb ifa etmişdim. Sonradan dinləyicilərin istəyi ilə mahnı tam versiya ilə ərsəyə gəldi. İllərdir ki, bəstəkarlıq fəaliyyəti ilə məşğulam. Səsyazma studiyalarından birindən hansısa müğənniyə mahnı yazılması üçün sifariş aldım. Çox düşündüm, necə mahnı yazım ki, insanlara təsir etsin. Təbii ki, hər bir mahnının tarixçəsi olur və gözəl hisslərlə yazılır. Mahnının tarixçəsi varsa, uğur qazanacaq. Eləcə də bu mahnı kimi... Mahnını təqdim etdim, amma həmin müğənni onu bəyənmədi. Onu da deyim ki, özüm o müğənnidən çox bəyənmişdim. Qərara gəldim ki, başqasına saxlamayıb, özüm ifa edim. Əvvəlcə ifamı diktofona yazdım, sonra isə "İnstagram” da yerləşdirdim. Bir ay keçəndən sonra qrup yoldaşlarım, tanışlarım arasında ajiotaj yarandı. Mahnının mənim ifa etdiyimə təəccüblənmişdilər. Beləliklə, mahnı yayılmağa başladı. Bir müddət sonra mənə "Cırtdan Pro” səhifəsi müraciət etdi. Səhifə mahnımı paylaşmaq üçün icazə istədi. Beləliklə, "Sənlə olmaz ki...” akustik versiya ilə işıq üzü gördü. Tam versiya ilə isə öz "Youtube” kanalımda yayıldı. Əslində, bəstəkar kimi fəaliyyət göstərirdim deyə ifaçı kimi insanların marağında olacağıma tərəddüd edirdim. Amma gözlənilməz hadisə baş verdi. Günlər keçdikcə izləyicilərin sayı da artırdı. İki gün ərzində 1200 izləyicim oldu. İki il müddətində təsəvvür edin mənə nə qədər ismarıc gəlib ki, xahiş edirik mahnını davam edin. İzləyicilərim olmasaydı, mən bunu davam etməyəcəkdim. 
-Yaradıcılığınıza iki il fasilə verməyinizə səbəb nə oldu?
 -Magistraturada oxuyurdum. Həmçinin özümü tam tapana kimi, ifaçılığa hazır hiss edənə kimi məsafə verməli oldum. Onu da anlayırdım ki, iki il müddətində səs dəyişir, yerinə oturur. Məsələn, akustik versiyadan ifa etdiyim tonallıqdan oxuyanda çətinlik çəkdim. Düşündüm səsim iki ilə necə qalınlaşıb ki, getdikcə bəm notları götürməyə başlayıram. Əsas odur ki, iki il əvvəlin də, sonrasının da anısı qalsın...

-Mahnının şəxsi həyatınızla əlaqəsi varmı?
-Ola bilər. Hər birimiz sevgi hissi yaşamışıq. Elə bir qadın yoxdur ki, aldanmasın. Bəlkə də elə qadın var ki, aldanmır. Amma dünyada 7 milyard insan var, hər biri sevgi acısı yaşayır. Hər kəs elə bilir ki, o sevgi acısı onu məhv edəcək. Bunun üçün qürur və inad etməlidir. Amma elə deyil. Biz qadınlar olğun yaşa çatandan sonra bilirik ki, bizə nə lazımdır. 
 -Adətən, müğənnilik fəaliyyəti olanlar romantik tərzli musiqilərə üz tutur. Sizin müğənnilik fəaliyyətiniz yox idi, necə oldu ki, bu tərzi seçdiz?
-Ümumiyyətlə, necə mahnı yazmağı çox düşünürəm. Zövqlər və tərzlər müxtəlifdir. Əsas şüarım ilk öncə işimi özümün bəyənməyidir. Mən bəyənmirəmsə, dinləyici bunu necə bəyənəcək? Çalışmışam ki, mahnıda hisslərimi, bacarığımı tam olaraq ortaya qoyum, sonra dinləyici qərar versin. Mahnının irəli getməsi üçün üç faktor nəzərə alınmalıdır. İstedad, zövq və mahnının reklamı...Əgər istedadın varsa, mahnını insanlara düzgün çatdıra bilirsənsə, uğur əldə etmək mümkündür. Hiss etmədiyini yazanda və ya oxuyanda, yəni sənə yad olanı ifa edəndə, dinləyici xırda bir qüsuru tutur. Tam olaraq potensialı ortaya qoyanda isə dinləyiciyə də xoş olur. Sırf kütlə məni bəyənsin deyə oraya nəsə çıxarırsansa, kütlə onu bəyənməyəcək. 
-Yaradıcılığınız hələki "Sənlə olmaz ki...” mahnısından ibarətdir, yoxsa başqa mahnılarınız da var?
-"Sənlə olmaz ki...” mahnısından əvvəl Xocalı faciəsinə aid "Oralarda duman var” adlı mahnı yazmışdım. Amma uğur qazanmadı. Mən kitab da yazıram, hərçənd ki, bunu paylaşmağı xoşlamıram. Sadəcə, "Facebook” da bir çox yazarlardan ibarət qrupumuz var ki, orada hərə öz hekayəsini paylaşır və birgə diskussiya aparırıq. Eləcə də faciəyə aid hekayə yazmışdım. Bölümlərdən birində belə bir mənzərə var. Qız eyvana çıxır və dağları görüb belə deyir: "Dağları görürəm, oralarda duman var”. İki bölümü paylaşmışdım ki, mənə məktublar gəldi. Yazanların arasında həqiqətdə bu faciəni yaşayanlar var idi ki, onlar hadisəni gözəl əks etdirdiyimi bildirirdilər. Düşündüm ki, əgər bunu film kimi təsvir etsəydim musiqisi nə olardı? Beləliklə, "Oralarda duman var” adlı mahnı yazdım. Amma uğurlu alınmadı. Bilmirəm, burada hansı faktorlar rol oynayırdı? Əslində, dinləyicilərimiz depressiv musqiləri xoşlayırlar, təbii ki, əgər bu keçirdikləri sevgi hissləri ilə bağlıdırsa... Bəlkə də bu musiqinin mövzusu insanların zövqü ilə uyuşmadı. Həm mövzu ağır olduğu üçün çox da populyarlıq qazanmadı. Amma son vaxtlar insanlar bu mahnı ilə də maraqlanmağa başlayır. Yəqin ki, səs populyarlaşandan sonra, ifaçının digər musqiləri axtarılır. 
-Növbəti ifanıza hansı mahnı ilə davam edəcəksiz?
-Növbəti mahnımın adı "İllüziya” olacaq və kliplə birlikdə yaxın vaxtlarda təqdim edəcəyik. Sözləri və musiqisi özümə aiddir. Oranjemanı isə Fidan Əliyevaya aiddir "Shahsabsound I Record” səsyazma studiyası ilə çalışıram. "Sənlə olmaz ki...” mahnısını da Fidan Əliyeva ilə birlikdə tərtib etmişik. Məncə bu, "Sənlə olmaz ki...” dən daha möhtəşəm olacaq. Əslində, hər müğənninin bir mahnısı onun pasportu olur...
-Müğənnilik fəaliyyətində irəliyə getsəniz, müəllimliyə son verəcəksiz?
-Qətiyyən... Mən bacardığım qədər müəllim kimi fəaliyyətimi davam etdirəcəyəm. Əslində, çox düşünürəm, o uşaqlar mənsiz neyləyəcəklər? Sanki savadsız qalıb, yollarını azacaqlar. Təbii ki, hər bir müəllimi məktəb, stress, zəngin səsi az da olsa, yorur. Səs-küy əsəblərimizə toxunur. Amma bir tərəfdən də bu işdən zövq alıram. İnanın ki, şagirdlərim də tez-tez sual verirlər. "Müəllimə, siz məşhurlaşsanız bizi atacaqsız?” Deyirəm, yox, mən hər zaman sizin qaşqabaqlı müəlliməniz kimi qalacam. Hara getməyimdən asılı olmayaraq yenə də səhər gəlib sizdən o testi alacağam. 
-Bildiyimiz qədər, məşhur türk müğənni Mustafa Sandal da "Sənlə olmaz ki...” mahnısını çox bəyənib və öz səhifəsində paylaşaraq ifanızı bəyəndiyini bildirib... 
-Düzdür... İnanın, sevdiyim müğənnidən müsbət reaksiya görmək məni hədsiz sevindirdi. Əvvəlcə inanmadım, yenidən incələdim və həqiqətən də, Mustafa Sandalın mahnımı öz səhifəsində paylaşdığını gördüm. Təşəkkürlərimi bildirdim. Müğənni isə mahnının çox gözəl alındığını qeyd etdi. 
-Yeri gəlmişkən, Azərbaycanın məşhur reperi Orxan Zeynallı da mahnını çox bəyənib və paylaşıb...
-Bəli. Əslində, Orxan Zeynallı ilə işimiz olub. Emin Quliyevin "Sonuncu pərdə” triologiyasında soundtrackı Orxan Zeynallı tərtib edib. Nəqarət üçün qeyri-adi səs axtarılırdı. Sosial şəbəkələrdə insanların 90 faizi məni qeyd ediblər. Maraqlandılar.... "Synaps Production”da "Clavis” ləqəbli reperin xüsusi təşəbbüsü ilə "Sonuncu pərdə” filminin soundtrackı olan "Atalar və oğullar” mahnısında qadın səs olaraq mən ifa etdim. Kliplə birlikdə mahnını ərsəyə gətirdik. Ondan sonra insanlar arasında böyük bir ajiotaj yarandı. Siz o Nəzrinsiniz? - deyə ismarıclar gəldi...Davamlı olaraq soruşuldu ki, növbəti mahnınız nə vaxt olacaq? Fikirləşdim ki, bu mahnını çıxarmışamsa, dayanmaq lazım deyil. Bu da uğurlu iş oldu...
-Məşhurlaşmaq sizi qorxudurmu?
-Mən sağlam tənqidi sevirəm. Gələn şərhlərdə mütləq mənfi rəy axtarıram. Xoşum gəlir, açıq yazsınlar ki, "mahnını bəyənmədim...” Elə yazanlar da olub təbii ki... Harda səhv etdiyimi bilmək üçün özüm maraqlanıram. Amma onu da bilirəm ki, bir işin hədsiz dərədəcədə incəliyinə gedəndə, sonda o işi atırsan. Edirsənsə, qaynar-qaynar bunu bitirmək lazımdır. İkinci mahnı birincidən, üçüncü mahnı isə ikincidən yaxşı olur. Beləliklə də, öz tərzinlə davam edirsən. Əsas odur ki, yolda büdrəməyəsən. Balansı qorumaq lazımdır. Əvvəl düşünürdüm ki, yazdığım musiqi fenomenal olmalıdır və dünya bunu dinləməlidir. Hər kəsdən fərqlənirəm filan...Amma indi elə düşünmürəm. Sadəcə, normal və adekvat insanam. Ulduz xəstəliyinə də tutulmamışam... (gülür) Mənə yazanların hər birinə cavab verirəm. Bəzən irad tuturlar ki, belə olmayın, hər kəsə cavab yazmayın. Düşünürəm niyə? Mən də onlar kimi insanam. Bir sənətçinin auditoriyası olmasa, o sənətçi də yoxdur. Auditoriya ilə ünsiyyətdə olmalısan. İnanın ki, insanların ideyalarından bəhrələnirəm. Ümid edirəm ki, normallıq balansını qoruyaram və relsdən çıxmaram. 
Alçina Amilqızı





Həftənin ən çox oxunanları