Yuxarı

Razi Nurullayev: "Prezidentin ətrafında 50 siyasi partiya birləşdi" - MÜSAHİBƏ

Razi Nurullayev:

Razi Nurullayev: "Prezidentin ətrafında 50 siyasi partiya birləşdi" - MÜSAHİBƏ

"Ədalət Vəliyevin şöbəsinin il ərzində əldə etdiyi nəticə heç 30 ildə olmamışdı”

Ölkəmizdə son zamanlar baş verən hadisələr, o cümlədən 27 sentyabrdan Ermənistanın təxribatına cavab olaraq başlayan Vətən müharibəsi təkcə cəmiyyətdə milli birliyə nail olmaq baxımından deyil, həm də siyasi münasibətlərə baxışın dəyişməsi nöqteyi-nəzərdən önəmlidir.

Siyasi münasibətlərin sivil məcrada formalaşması istiqamətində atılan ciddi addımlar torpaqlarımızın işğaldan azad olunması üçün aparılan savaşda həm də dünya birliyinin Azərbaycan siyasi həyatına olan münasibətini dəyişməyə imkan verdi. İndi artıq dünyanın qarşısında bir amal uğrunda birliyə nail olmuş xalq, siyasi baxışından asılı olmayaraq orduya və Ali Baş Komandana birmənalı dəstəyini ifadə edən siyasi qurumlar var. Azərbaycanın haqq işinin dəstəklənməsi həm də daxildəki milli birlikdən asılıdır. Əminliklə demək olar ki, ölkə və xalq olaraq bu mərhələni uğurla keçdik.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Qarabağdakı Vətən müharibəsi, milli birlik, dünya birliyinin haqq mübarizəmizə münasibəti və digər aktual mövzular ətrafında "Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

Cebhe.info müsahibəni təqdim edir.

"Qarabağ üzərindən kim siyasət qursa, xain və satqın damğası alacaq”

-Razi bəy, ölkədəki ictimi-siyasi həmrəylik, xalqın əhval-ruhiyyəsi çox yüksəkdir. Müharibə və qələbə xəbərləri həm də cəmiyyətdə qarşılıqlı etimad mühiti yaradıb...

-Təbii ki, xalq həmrəydir, bütövdür və nəticədə milli birlik də sarsılmazdır. Dağlıq Qarabağ azərbaycanlıların qanına hopub, müqəddəs bir yuvaya çevrilib ki, ondan imtina etmək olmaz. Qarabağ bu 30 ildə bizim üçün su və hava olub, ən çətin siyasi proseslərdə, çəkişmələrdə birləşdirici faktora çevrilib. Şanlı Ordumuzun zəfərlə irəliləməsi bütün siyasi baxışları birləşdirdi, tənqidləri sıradan çıxardı və siyasi müxtəlifliyimizi də unutdurdu. Başqa cür də ola bilməzdi. Qarabağ üzərindən kim siyasət qursa, xain və satqın damğası alacaq, ictimai rəy də onu cəmiyyətin yaddaşından silib zibil qutusuna atacaq.

-Bəzi ekspertlərə görə, bu həmrəyliyin formalaşmasında müxtəlif sahələrdə başladılan islahatların da payı var...

-Təbii ki, cəmiyyətdə bu açılımlar olmasaydı, çox şey fərqli ola bilərdi. İki il ərzində cəmiyyətin müxtəlif zümrələri ümidlə yaşamağa başladı və günü-gündən ölkənin gələcəyinə, daha yaxşı yaşayacaqlarına ümidi də çoxaldı. Ölkədə aparılan antikorrupsiya tədbirləri, Prezidentin açıq və sərt çıxışları, korrupsiya ilə bağlı həbslər, məmurların cəzalandırılma mexanizmləri xalqın iliyinə işlədi. Hamı elə səhəri gün nəyinsə baş verəcəyini gözləyirdi. Hər kəs düşünürdü ki, günü sabah elə hadisə baş verəcək ki, xalq sevinəcək, əl çalacaq, alqışlayacaq. Bu da baş verdi.

"İndi top müxalifət çərgəsinə atılıb və biz onu geri qaytarmalıyıq”

-Praktikada belədir ki, həmrəylik və birliyin də, qarşıdurmanın da ana xəttini siyasi partiyalar formalaşdırır. Əgər siyasi partiyalar arasında anlaşma, dialoq varsa, cəmiyyət inkişaf edir, iqtidar-müxalifət münasibətləri yeni və sivil məcraya yönəlir. Müşahidələr göstərir ki, Azərbaycanda bu proses başlayıb. Siz necə hesab edirsiniz?

-Əlbəttə, iqtidar-müxalifət münasibətlərində sivil məcra başlayıb. Gəlin, bir müqayisə aparaq. Qəzetləri, internet saytlarını açanda görürdük ki, siyasi partiyalar, hərəkatlar, birliklər və digər siyasi yönümlü təşkilatlar narazılıq edir. Çoxları deyirdi ki, siyasi dialoq yoxdur. "Var” deyənlər də dialoqun predmetinin olmadığını deyirdilər. Siyasi partiyalar şikayət edirdi ki, onların kitabını oxuyan, onları dinləyən, onların təkliflərinə qulaq verən yoxdur. İndi isə biz hara baxırıq baxaq, bu tipli məlumatları görməyəcəyik. İndi kim deyə bilər ki, dialoq yoxdur. Dialoq var və gözləntimizdən də əhatəli, məzmunlu və predmetlidir. Deyirdik ki, təkliflərimizi dinləyən yoxdur. İndi isə tərəflər dəyişib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi deyir ki, təkliflərinizi göndərin, proqramlarınızı gətirin, müzakirə edək, amma bu proses ləng gedir. Artıq siyasi partiyalar deyə bilmir ki, təklifimiz var, dinləyən yoxdur. Deyə bilmərik ki, proqramımız var, ölkəni daha yüksəklərə qaldıracaq. Deyəcəklər ki, gətirin, müzakirə olunsun və hökumətə təqdim edək. Yəni siyasi partiyaların fəaliyyəti, təklifləri və əməkdaşlığı üçün xeyli imkanlar yaradılıb. İnanıram ki, bu münasibətlər daha da optimallaşacaq və hər iki tərəf üçün daha maraqlı məna kəsb edəcək. Əslində, indi top müxalifət çərgəsinə atılıb və biz onu geri qaytarmalıyıq.

-Təbii ki, əməkdaşlığın yaranmasında ölkə başçısının iradəsi çox önəmlidir. İcra edən qurumun məsələyə xüsusi diqqəti də əhəmiyyətli rol oynayır. Bu məsələdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin üzərinə böyük yük düşürdü və görünən odur ki, öhdəsindən gəlindi...

-Cənab Prezidentin tapşırığı layiqincə yerinə yetirilir və Ədalət Vəliyevin rəhbərlik etdiyi şöbə bu işin öhdəsindən gəlir. Ədalət Vəliyevin şöbəsinin il ərzində əldə etdiyi nəticə heç 30 ildə olmamışdı. Həqiqəti demək lazımdır, yəqin ki, bu, onlara ciddi əmək bahasına başa gəlib. İki partiyanı bir yerə gətirmək olmur, 5-6 partiya toplaşıb bir birlik yaradır, bir neçə aydan sonra top mərmisi dəymiş kimi dağılırlar. Müxtəlif ideoloji baxışlara, fərqli maraq və dairələrə bağlı siyasi təşkilatları bir arada saxlamaq, ideya ətrafında birləşdirmək çox çətindir; Herkules şücaəti, Siseron natiqliyi, Sibir pələnginin səbri və Meduza baxışı tələb edir. Yeni şöbə heç kimin bacarmadığını edib və bunu demək lazımdır. Mətbuata nəzər salın və görəcəksiniz ki, siyasi aləmdə bir rahatlıq hökm sürür. Tələskənlik, qarşılqılı ittihamlar, piketlər, nümayişlər və narazılığın vurub ortaya çıxardığı digər təzahürlər yoxdur. İndiyə kimi niyə var idi? Çünki baxan, maraqlanan, dinləyən, zəng edən və qanunları olduğu kimi tətbiq edən yox idi. İndi isə var və bu məsələlər müvafiq şöbənin müdiri Ədalət Vəliyevin timsalında təzahür edir.

-Belə demək olar ki, siyasi qüvvələr arasında olan "buzlar əridi". Bu məsələdə Ədalət Vəliyevin xidməti çoxdur. Bu, həm təcrübə, həm də məsuliyyət məsələsidir. Ona görə də münasibətlər siyasi qüvvələr, hakimiyyət-müxalifət qarşıdurmasından hakimiyyət-müxalifət anlaşmasına, əməkdaşlıq müstəvisinə gətirildi...

-Bu sualınıza konkret əməkdaşlıq ətrafında cavab verəcəyəm. Müharibə başlanana qədər siyasi partiyalar arasında bir harmoniya yaradılmışdı və Prezidentin tapşırığı ilə şöbə müdiri Ədalət Vəliyev partiya sədrləri ilə görüşüb, müzakirələr aparıb "buzu sındırmışdı". "Buzun sınması" yeni siyasi partiyaların qeydiyyata alınması, mübahisəli məqamların hüquq müstəvisində həllini tapması və digər məsələlərdə özünü biruzə vermişdi.

Müharibə başlayan kimi ölkədə milli birlik üçün müvafiq şöbə tərəfindən addım atıldı və Ali Baş Komandanın ətrafında 50 siyasi partiya birləşdi. Bu, o demək idi ki, onlar Prezidentə Dağlıq Qarabağın azad olunması üçün lazım olan bütün addımları atmasında şərait yaratmış oldular. Yəni torpaqlarımızın azad olunmasında heç bir siyasi fikir ayrılığı yoxdur və Dağlıq Qarabağ məsələsində divident əsaslı siyasətə yol verilmir.

Açığını deyim ki, ilk günlər bu addım mənə sadə bir məsələ kimi görünmüşdü. Amma indi anlayıram, elə bir addım atılıb ki, bunun təsirini, oynadığı müsbət rolu sonralar daha aydın görə biləcəyik. Mən şəxsən bu təşəbbüsə görə, Ədalət müəllimə sonsuz təşəkkürümü bildirmək istəyirəm. Bu birliyə qoşulan hər bir partiyaya, onun sədrinə və üzvlərinə də dərin hörmətimi və sevgimi bildirirəm.

Ermənistanda siyasi partiyalar arasında çaxnaşma var, hər biri "yorğanı öz üzərinə çəkmək istəyir", qarşılıqlı ittihamlarla bir-birilərini ifşa edir, bir-birlərinə hədə-qorxu gəlir, bir-birlərinə xain və satqın deyirlər. Bu isə onların cəmiyyətində ciddi qarşıdurmaya gətirir. Demək olar ki, orada birlik yoxdur. Hər kəs öz adından və ağlına gələni danışır ki, bu da cəmiyyətdə təslimçilik ruhu yaradır. İndi təsəvvür edin ki, Azərbaycanda da belə bir hal olaydı. Hərçənd ki, belə halların olduğu zamanlar heç də uzaq tariximiz deyil. Elə 2016-cı ildə ciddi siyasi təlatümlər yaşadıq. Onun üçün də yenə deyirəm ki, bu milli birlik bizim ən böyük uğur və qazanclarımızdan biridir. Torpaqlarımızın işğaldan azad edilməsində bu təşəbbüs və birlik mühüm rol oynamaqdadır. Çünki Prezident daxili problemlərlə məşğul deyil, o rahatdır ki, ölkəiçi məsələlər sabitdir, bir rahatlıq var, hürriyyət var. Bu isə Prezidentin iradəsi və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, şöbənin bacarıqlı əməkdaşlarının sayəsində olub. Allah birliyimizi pozmasın!

"Dünya Azərbaycanı başqa yöndən də tanımağa başladı, Prezident İlham Əliyevi də yenidən kəşf etdi”

-Döyüş əməliyyatının ən aktiv fazasındayıq. Ermənistan artıq 30 il işğalda saxladığı Azərbaycan torpaqlarından qovulur. Amma silahı yerə qoymaq istəmir. Niyə axı? Azərbaycanın hərbi-siyasi gücünü dərk etmək o qədərmi çətindir, yoxsa havadarları imkan vermir?

-Ermənistan havadarlarına güvənir. Azərbaycanla döyüşməyə gücü bir günə belə yetmədi. Bir-iki gün içində bütün istehkamları yarıldı və panikaya düşdülər. Onlar kimdir ki, bizimlə döyüşə bilsinlər?! Onlar tarix boyu qoltuq altında yaşamış toplum olublar. Əgər onlara desələr ki, rədd olun, çıxın Azərbaycan torpaqlarından, rədd olub gedərlər. Bunu onlara deyən yoxdur. Azərbaycanın, Türkiyənin güclənməsini istəmirlər. İstəmirlər ki, bu regionda başqa ölkə də söz sahibi olsun. Dünya dəyişib, Azərbaycan regionda qardaş Türkiyə ilə mühüm gücə çevriləcək və heç bir güc də onlarla aşağılayıcı tonda danışa bilməyəcək.

- Ermənistan faktiki beynəlxalq dəstəyini də itirib. Müharibə meydanında olduğu kimi, "şanı-şöhrəti dünyaya sığmayan” diasporu da məğlub durumdadır. Ermənistanın kapitulyasiyası tezliklə baş verəcəkmi?

-Azərbaycan Ermənistanla müharibə aparmır. Neytral olmalı olan Minsk Qrupunun həmsədr ölkələri belə, Ermənistanın yanında dayandıqlarını gizləmir. Ermənistana verilən pulsuz silahlar haradan gəlir? Hər gün düşmən ölkəyə bir neçə təyyarə enir və müasir silahlar gətirir. Ermənistan kasıb ölkədir, pulu yox, parası yox. Bu namərd rejimə pulsuz silah verib şirnikləndirirlər deyə, o da təslim olmaq istəmir. Azərbaycan onların bel sütununu tam qırandan sonra bir təpik vurub dərənin dibinə tullayacaq.

Şanli ordumuza inanırıq, Ali Baş Komandana etibar edirik! Bizim hələ istifadə olunmayan silahlarımız var, onları mütləq təslimçiliyə vadar edəcəyik və artıq o zaman onları heç bir pulsuz silah da xilas edə bilməyəcək. Amma görək, ondan sonra bu Minsk Qrupu ölkələri nə edəcək? Nə mesajla gələcəklər? Vallah, hərdən onların yerinə utanmaq istəyirəm, amma ayıbıma gəlir ki, mən niyə utanım, qoy özləri utansınlar və qərəzli siyasətdən əl çəksinlər.

-Azərbaycan döyüş meydanında olduğu kimi, beynəlxalq siyasi arenada, diplomatik savaşda da uğurlu gedişlər edir. Hazırda Azərbaycanın beynəlxalq nüfuzunu necə qiymətləndirmək olar?

-Dünya yaranandan hamı güc ilə hesablaşıb, güclünün çiynində dayanıb və güclünü haqlı çıxarıb. Bu gün bizi bəyənməyənlər və tənqid edənlər qalib ölkə olandan sonra dost olmağa çalışacaq, aranı düzəltmək üçün emissarlar göndərəcəklər. Dünya gördü ki, Azərbaycan Prezidenti nə qədər açıq və net danışır. Demək olar ki, diplomatik qaydaları da əzib keçdi. Çünki buna vadar olmuşuq. Bir yanda işğal altında olan torpaqlarımız, bir yanda şəhidlərimiz, o biri yanda kürəyimizə bıçağı saplamağa hazır olan namərdlər. Belə bir zamanda həm döyüş meydanında, həm informasiya sahəsində, həm də diplomatiyada müharibə aparmalısan və biz bunu edirik. Həqiqəti demək lazımdır ki, dünya Azərbaycanı başqa yöndən də tanımağa başladı. Prezident İlham Əliyevi də yenidən kəşf etdi. Əslində, xalqımız da, siyasi partiyalar da, dünya liderləri də onu yenidən kəşf etdilər. Çoxları bəlkə də onu belə qətiyyətli, cəsarətli və dünyaya təkbaşına meydan oxuyan lider kimi təsəvvür etmirdi. Hər kəs yanılıb, o cümlədən də biz.

-Biz haqq savaşımızda Türkiyə, Pakistan, İsrail, Ukrayna, Gürcüstan kimi ölkələrdən tam dəstək gördük. Amma bir sıra müsəlman dövlətləri sülh çağırışından o yana getmədi. Qalib Azərbaycan dost siyahısına yenidən baxmalıdırmı?

-Bunu ölkə Prezidenti bir neçə dəfə deyib. Mənə belə gəlir ki, bu, belə də olacaq. Azərbaycan dostlarını və düşmənlərini, o cümlədən "saman altından su yeridənləri" tanıdı. Onlar bizə necə, biz də onlara elə. İşğaldan azad olunan Zəngilan rayonunda məscidlərin birində ermənilərin donuz saxladığını gördük və üzüldük. Amma bu günə qədər bu barbar hərəkəti, dinimizi murdarlayan bu vəhşi aktı pisləyən müsəlman ölkəsi görmədim. Amma Şuşada bir kilsənin yanına mərmi düşüb, daha onunla bağlı yazmayan, fikir bildirməyən ölkə, sual verməyən jurnalist qalmadı. Baxıram dünyaya, müsəlman ölkələrinə, islam bayrağını əlində sipər edənlərə və təəssüflənirəm. Axı biz belə laqeyd olmalı deyildik. Məscid Allahın evidir, istər Azərbaycanda olsun, istər Misirdə, istərsə də Səudiyyə Ərəbistanında.





Həftənin ən çox oxunanları