Yuxarı

Köməkçisi Elçibəylə bağlı sirri açdı: "O vaxt qorxudan Gülhanəyə qoymurdular ki, birdən sağalar”

Köməkçisi Elçibəylə bağlı sirri açdı:

Köməkçisi Elçibəylə bağlı sirri açdı:

Bu gün çağdaş Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərhum sədri Əbülfəz Elçibəyin vəfat etdiyi gündür.

Qeyd edək ki, Əbülfəz Elçibəy 2000-ci ilin 22 avqustunda, 62 yaşında Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı Gülhanə Hərbi Tibb Akademiyasında dünyasını dəyişib.

Əbülfəz Elçibəyin anım günü ilə bağlı son günlərində Bəyin yanında olmuş köməkçisi Əli Mürsəloğlu ilə söhbətləşdik.

"Elçibəy nə edibsə, millət üçün edib”

-Əbülfəz Elçibəyin ölümündən 20 il keçir... Bu, kifayət qədər uzun zamandır, amma hələ də Bəyin ölümü ilə bağlı suallar var. Niyə bu məsələyə birdəfəlik yekun vurulmur?

- Əslində, ölüm nisbi məsələdir, Bəy dünyasını dəyişib. Elçibəy deyirdi ki, türk dili qədər gözəl, zəngin bir dil yoxdur. Türk insanı deyir ki, filankəs dünyasını dəyişib, yəni bu dünyadan o biri dünyaya köçüb. Yəni Elçibəy də dünyasını dəyişib. Elçibəyin belə bir deyimi var: tarix təhqir və böhtanların cəzasını, cəmiyyət isə əsl qiymətini verəcək. Elçibəydən nə vaxt soruşurdun ki, bu işləri axırı necə olacaq, deyirdi, hər şeyin zamana ehtiyacı var. Hər şeyi zaman həll edir. Əbülfəz Elçibəy şəxsiyyətdir. Elə-belə, sıradan bir adam deyil ki, nəsə deyəsən, bununla da məsələ qapana. Hara əlini atırsan, orada Elçibəy var. Çünki Elçibəy nə övladı, nə qohumu, nə ətrafı, nə də özü üçün nəsə edib. Məsələn, biri mən, evimi gözünüzlə görürsünüz. Amma 100-cü, mininci adamın hər şeyi var. Deməli, Elçibəy nə edibsə, millət üçün edib. Elçibəy deyirdi ki, pulu sevərsən, xərclənərsən, vəzifəni sevərsən, hörmətsizləşərsən, xalqını, millətini sevərsən, böyüklərdən böyük olarsan. Yəni Bəyin ideyası millət, xalq idi. Deyirdi ki, mənim millətim, xalqın yaşasın, inkişaf eləsin. Elə adamlar var ki, ona "bəy” deyə müraciət edəndə acığına gəlir, amma Elçibəy hər kəsə "bəy” deyə müraciət edirdi. Deyirdi ki, bu millətin övladı bu millətin iç üzüdür. Necə olur ki, sən bu gün övladının qədrini bilirsən, maşın, ev alırsan, dəbdəbəli toy edirsən, Elçibəy isə hər şeyi millət üçün edirdi. Onun üçün ən gözəl an bu millətin sevinməsi idi. Məsələn, Bəy toya Üzeyir bəyin "Koroğlu” operasından üvertüranın müşayiəti ilə girirdi. Bəy bunu ona görə edirdi ki, millət şəxsiyyətlərini tanısın, bilsin ki, bu Üzeyirdir, bu Hadir di, bu Əhməd Cavaddır. Millət öz keçmişi ilə fəxr eləsin. "Qurani -Kərim”də yazılır ki, ey bəndə, mən səni övladla, varla, dövlətlə imtahana çəkirəm.

Bəy sıradan bir insan deyil. Bəyin haqqında hamı hər şeyi bilmək istəyir. İnsanlar bilmək istəyir ki, Bəy necə idi, necə oldu dünyasını dəyişdi, xasiyyəti necə idi və sairə. 20 il keçməsinə baxmayaraq, hələ də danışılır. Məsələn, Atatürk 100 ilə yaxındır ki, dünyasını dəyişib, amma onun haqqında hələ də danışılır. Bəy bir dəfə deyib ki, istəyirəm Atatürk haqqında nəsə yazım, görürəm, insan o qədər böyükdür, onun haqqında heç nə deyə bilmirəm. Atatürk haqqında film çəkilə, musiqi yazıla, rəsm əsəri çəkilə bilər, amma söz demək olmaz. Bəy haqqında da nəsə demək olmaz. Düzdür, insanlar istəyir Bəyin ölümü ilə bağlı hər şeyi bilsin, amma bunun zamana ehtiyacı var. Bu gün mübahisə doğuran məsələ çoxdur. Məsələn, bu gün Əli, Oqtay nəsə desə, buna bir qrup inanacaq, bir qrup inanmayacaq, ajiotaj yaradacaq. Amma zamanı gələndə hamı onu qəbul edəcək. İndi desən ki, filankəs belə oldu, belə dedi, kiminsə xoşuna gəlməyəcək. Ona görə də bu gün o mövzunun zamanı deyil. Amma zamanında deyiləcək, hamı biləcək.

"Allah vermişdi, Allah da aldı. Bəyin missiyası ora qədər idi”

-Bəyin ölümündə günahkar kimdir? Xəstəlik, yoxsa onun meydandan çəkilməsində maraqlı olan şəxslər?

-Allah hər bir insana bəlli bir ömür verib. 40, 50, 100 il ömür verir və bir missiya verir. Məsələn, Bəyin xəstəliyi var idi. Amma Bəyi küçədə maşın da vura bilərdi, kimsə sui-qəsd edərdi.

Onda da günahkar çıxardardılar ki, Bəyi qoruya bilmədiniz, onu etdiniz, bunu etdiniz. Allah vermişdi, Allah da aldı. Bəyin missiyası ora qədər idi. Bəyin missiyası Azərbaycan türklərinin dövlətləşmə, millətləşmə və bütövləşməsi idi. 15 MDB ölkəsində inkişaf edən bir Azərbaycan var, o da Elçibəyin hesabınadır. İndi bəziləri deyir ki, o vaxt bunu mən eləmişəm, onu mən eləmişəm. Kim olur, olsun, Nemət Pənahlısı, Etibar Məmmədovu olsun. Onda bunların 28-30 yaşları var idi, indi 55-60 yaşları var. Onda ağıllı olardın, yoxsa indi? Təbii ki, indi. İndi niyə edə bilmirlər? İkisinin adını çəkdim, amma elə hamısına deyirəm. Bir söz var deyirlər, aslan yatar qaya kölgəsində, elə bilər öz kölgəsidir. Bir nəfər var idi, adını çəkmirəm, deyirdi ki, Bəy mən Azərbaycanda olanda sizi dərk edə bilmədim. Getdim Türkiyəyə, gördüm ki, böyük dağı onun ətrafında dərk edə bilməzsən, kənardan seyr etmək lazımdır. Sərhəd Hərəkatı, Azərbaycan milli bayrağının qəbul olunması Elçibəyin xidmətidir. Kim bilirdi milli bayraq nədir?

"O,millətin elçisi, qürurudur”

-"Əbülfəz Elçibəy evdən yox, eldən getdi”, bu ifadə sizə məxsusdur. Bəy o biri dünyaya özü ilə nə "apardı”? Yəni Bəylə bərabər nələr getdi?

-Fərabi deyir ki, bir dahi şəxsiyyət dünyasını dəyişəndə ona ağlamayın, yerdə qalanlara ağlayın. Məsələn, ata evdə olanda oğlu, ailəsi kef edir. Necə deyərlər, bir ata 10 oğulu saxlayar, amma 10 oğul 1 atanı saxlaya bilməz. Ata dünyasının dəyişəndən sonra bunu başa düşürsən, əlini hara atırsan deyirsən ki, atam olsaydı, bunu belə edərdi. Bəy statusu Elçibəyə elə-belə verilməyib, yəni bu millətin Elçisi, qürurudur. Elçibəy dünyasını dəyişib, amma ideyası yaşayır. Bəy deyirdi ki, Qarabağın yolu Təbrizdən keçir, gülürdülər. Amma arada vəziyyət qarışanda Təbrizdə nə edirdilər? Türklər ortalığı dağıdırdılar ki, gedirəm Qarabağa vuruşmağa. Demək ki, Bəy toxumu səpib. O toxum artıq cücərib.

"Vəfat edəndən 1 gün sonra Bakıya göndərdilər”

-Bəy Türkiyədən niyə incik düşmüşdü? Son müsahibələrindən bu narazılıq açıq şəkildə görünür...

-Türkiyədən deməyək, hökumətindən incik düşmüşdü. Müsahibəsində də var, deyir ki, mən Türkiyədən 4 helekopter istədim ki, Kəlbəcərdən dinc sakinləri çıxarda bilim, amma vermədilər. 2000-ci ildə Bəy Türkiyədə dedi ki, Türkiyə və Azərbaycan birləşsin, konfederativ dövlət olsun. Dedilər Bəy belə demə, rusun acığı gələr. Kaş Elçibəyin dönəmindən Türkiyədə Ərdoğan kimi bir lider olaydı. Elçibəy Türkiyədə xəstəxanada yatanda prezident qorxurdu ki, zəng edib Elçibəylə danışsın. Türkiyə Prezidenti mənimlə danışanda deyirdi ki, Elçibəyə zəng etsəm, onu desəm, bunu etsəm, problem olar. Nə oldu, Elçibəy dünyasını dəyişəndə 1 gün qoymadılar Türkiyədə qalsın, gecə ilə Bakıya göndərdilər. Bunun da səbəbləri açılacaq. Amma Ərdoğan olsaydı, başqa cür olardı. Hörmətli Ərdoğan, Süleyman Soylu, Çavuşoğlu, Hulusi Akar birağızdan deyir ki, Azərbaycana bir kimsə yaxın dura bilməz. Bununla da məsələ bitdi. Bəs o vaxt niyə demirdilər? Qorxurdular. Elçibəyi o vaxt qorxudan Gülhanəyə qoymurdular ki, birdən sağalar. Zaman gəlincə, bunların hamısı açılacaq.

"Həyat bumeranqdır, kim nə edibsə, bir gün özünə qayıdacaq”

-Mənimlə söhbətdə bir maraqlı ifadə işlətmişdiniz ki, "Elçibəyin ölümü ilə bağlı məsələlər bir gün açılacaq, indi hər şeyi demək olmur”. Bəs bu gün necə? Gizli qalan məqamları deyə bilərsiniz?

-Bəli, hələ vaxtı deyil. Çünki bu elə bir məsələdir ki, bunu cəmiyyət hələ yaxşı qarşılamır. Amma zamanı gələcək, həkim də çıxacaq, mən də çıxacam sənin qarşına, orda deyiləcək. Həkimə sual veriləcək ki, Elçibəyi müalicə etmisən, belə-belə hadisələr olub? Biri Elçibəy forumu keçirirdi, Cavid var, "Təbriz” mahnısını oxuyur. Çıxdı danışmağa, dedi ki, Elçibəyin yanına getmişdim, danışdı, ağladı. Dedim, bir dəqiqə dayan, elə olmadı. Elçibəy sənə nə dedi? Dedi nə vaxta qədər sızıltı ilə oxuyacaqsız? Bir cəngavər, sərkərdə kimi oxuyun. Mən axı bunun canlı şahidiyəm axı, niyə yalan danışırsız? Məndə Elçibəyin yanına kim gəlib, kim gedib, nələr olub hamısı var, kim səhv danışsa, deyəcəyəm düz demirsən. Mən yoxam, Ədalət Tahirzadə, Mirmahmud Mirəlioğlu var, onlar deyəcək. Həyat bumeranqdır, kim nə edibsə, bir gün özünə qayıdacaq.

"Deyirdi ki, nə etsəniz, mən götürəcəyəm, elə edin, Allah götürsün”

-Bu gün müsahibəmizdə siyasətə girmək istəmirdim, amma bir məsələni soruşmaq istəyirəm. Bəyin ölümündən sonra AXCP-də parçalanmalar, kreslo davaları başladı. Sanki bəzi daxili qüvvələr Bəyin ölümünü gözləyirmiş kimi bir görüntü ortaya çıxdı. Bəyə yaxın bir çox insanlar, elə siz də partiyadan getdiniz. Bəy öləndən sonra özünün imzası ilə yaranan AXCP niyə dağıldı?

-Allah əziyyət çəkəni sevir. Mən onun yanında olan adam kimi Elçibəyin necə əziyyət çəkdiyini bilirəm. Axşam saat 9-da gəlirdik evə, məlum olurdu ki, Pənah Hüseyn gözləyir. Bəy deyirdi gəlsin danışaq, sonra çörək yeyərəm. Siyasi söhbət gedirdi, gecə saat 3-4-ə qədər çəkirdi. Kim buna dözərdi? Heç kim. Kim olsa, deyərdi ki, çörək yeyim, istirahət edim, sabah görüşərik. Amma Bəy elə demirdi. Bəy ən tez saat 3-də yatırdı, əziyyət çəkirdi. Gördünüz, Belarusda nə oldu, 27 yaşlı bir xanım gəldi lider oldu. Azərbaycanda da məndən soruşanda deyirəm, sabah proses olarsa, içindən bir dəfə qaynayacaq, bir nəfər üzə çıxacaq. Bəlkə elə 20 yaşlı bir gənc gəlib lider olacaq. Sən sinənə döymə, lider ola bilməzsən, lider əziyyət çəkən olacaq. Məsələn, Türkiyədə Kılıçdaroğlu deyir ki, mən Atatürkçüyəm. Azərbaycanda da bir çox adam deyir ki, biz Elçibəyin davamçısıyıq. Koroğlu misalında deyirlər ki, bir oğlan da Koroğlu olmaq üçün atasının gözünü çıxardır, amma ona "kor kişinin oğlu" deyirlər. Bu da ona oxşayır. Elçibəy ola bilməzsiniz, qardaş, AXCP bitdi. AXCP mərhələsi Elçibəylə gəldi, Elçibəylə də getdi. İndi başqa mərhələ gəlib, çayı keçmək istəyirsənsə, ayağını çırmala keç. Rusiyalı jurnalist Dmitri Furman deyirdi ki, Elçibəyə xəyalpərəst kimi baxırdılar. Amma Elçibəyin dedikləri xəyal olsa belə, onu gerçəkləşdirirdi. Əvvəl Elçibəy bayraq deyəndə deyirdilər ki, mümkün deyil. İndi, həmin bayrağı öpürlər. Adam hər şeyi demək istəmir, o vaxt ABŞ Konqresindən Elçibəyə dəvət göndəriblər, amma Bakıda gətirib onu Bəyə çatdırmayıblar, verməyiblər, gizlədiblər. İstəməyiblər ki, Bəy təbliğ olunsun. Allah hamısının bəlasını verəcək. Bəy özü deyirdi, nə etsəniz, Əbülfəz götürəcək, amma elə et, Allah götürsün.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları