Yuxarı

Aydın Balayev: "Yubileylərdə çıxıb danışan tarixçilərin heç Rəsulzadənin əsərlərindən xəbəri yoxdur”

Aydın Balayev:

Aydın Balayev:

31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Rəsulzadə haqqında bu günə qədər çox yazılıb, deyilib. Amma böyük öndər barədə hələ uzun illər danışılacaq sözlər var.

Cebhe.info böyük öndərin həyat yoluna tarixçi alim, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırmaçısı Aydın Balayevlə işıq tutmağa çalışıb.

-Aydın müəllim, Rəsulzadə Azərbaycan, eləcə də yaxın ölkələr, o cümlədən Rusiya müsəlmanları üçün kim idi?

-Rəsulzadə müsəlmanlar üçün, xüsusilə Çar Rusiyasında milli oyanışınliderlərindən biri idi. 1917-ci ilin mayında Moskvada keçirilən ÜmumRusiya Müsəlmanlarının Qurultayından sonra bu proses başladı. Azərbaycan türkləri üçün isə ilk növbədə milli ideologiyanın yaradıcısı idi. Rəsulzadə daha sonra Azərbaycan türklərinin dövlətçiliyinin yaranmasının bünövrəsini təşkil etdi.

-Onu dostlarından bir addım öndə edən cəhətlər vardı.

-Çünki hərəkatın ideoloqu Rəsulzadə idi. Hər hansı işə başlamaq üçün ilk növbədə onun nəzəri əsaslarını yaratmaq lazımdır. O əsasları da yaradan əlbəttə ki, Rəsulzadə idi. Digər tərəfdən, Rəsulzadə təkcə nəzəriyyəçi deyildi, həm də praktik idi. Həmin ideologiyanın həyata keçirilməsinə rəhbərlik edən Müsavat Partiyasının rəhbəri idi. Bu baxımdan, ideoloqla prakmatik bir simada- Rəsulzadədə birləşirdi. Təbii ki, Xalq Cümhuriyyətində digər görkəmli şəxsiyyətlər- Topçubaşov, Xoyski və digərləri var idi. Amma onlar ilk növbədə siyasətçi idi, nəzəriyyəçi deyildi. Rəsulzadə isə həm nəzəriyyəni, həm də praktikanı özündə birləşdirən lider idi. O zaman milli hərəkatın lideri Müsavat Partiyası idi. Müsavat Partiyasını xırda, gizli bir dərnəkdən ümummilli, kütləvi partiyaya çevirən insan da məhz Rəsulzadə oldu.

-Son zamanlar Rəsulzadə xüsusilə Azərbaycan gənclərinin sevimlisinə çevrilir. Bunun səbəbi nədir?

-Deməzdim ki, Rəsulzadə hansısa dövrdə Azərbaycan cəmiyyəti üçün populyar olmayıb. Sadəcə olaraq, bir sıra strukturlar Rəsulzadəni görməzlikdən gəlir. Hesab edirəm ki, Rəsulzadənin heç təbliğata ehtiyacı da yoxdur. Dəfələrlə yazmışam, indi də deyirəm ki, Rəsulzadənin nə pərəstişkara, nə də ona səcdə edənlərə ehtiyacı olub. Rəsulzadəyə ən böyük abidə onun ideyalarının, amallarının bugünkü Azərbaycanda gerçəkləşməsi olar. Təəssüf ki, hələ o reallıqdan uzağıq. Hətta 100 il qabaqla müqayisədə də bu ideyaların gerçəkləməsindən uzaq qalmışıq.

-Rəsulzadə ideyalarını bugünkü Azərbaycanda gerçəkləşdirmək bizə nə qazandırar?

-İdeologiyada ola bilər ki, hansısa məsələlər artıq köhnəlib. Çünki artıq üzərindən 100 il keçib. Amma Rəsulzadə ideologiyasının əsas prinsipi Azərbaycanın müstəqilliyi idi. Bu isə həmişəyaşar, heç vaxt öz önəmini itirməyəcək ideyadır. Nə qədər ki, Azərbaycan var, deməli, Rəsulzadə idelogiyasına da ehtiyac var. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin həm nəzəri, həm də praktik cəhətdən qurucusu Rəsulzadədir.

-Aydın müəllim, Rəsulzadə ilə bağlı gənclərə çağırışınız nə olar?

-Rəsulzadəni ancaq yubileydən yubileyə yığışıb tərifləmək lazım deyil. Onların tərifə ehtiyacı yoxdur. Onu arzulayardım ki, Rəsulzadənin əsərlərini oxusunlar, ideyalarını öyrənsinlər. Çünki Azərbaycanda çox az adamın, hətta yubileylərdə çıxıb danışan tarixçilərin heç o əsərlərdən xəbəri yoxdur. Sadəcə olaraq, kiməsə xoş gəlmək xatirinə Rəsulzadədən danışırlar. İlk növbədə Rəsulzadənin qoyub getdiyi irslə tanış olmaq lazımdır.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları