Yuxarı

“Başa düşməliyik ki, qüvvələrimiz azalıb”

“Başa düşməliyik ki, qüvvələrimiz azalıb”

Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə həbsdən çıxan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb. O, ADR Hərəkatının yaranmasına münasibət bildirib, o cümlədən müxalifət daxilində barış missiyasındakı rolundan və digər məsələlərdən danışıb.

- Tofiq bəy, həbsdən çıxandan sonra təşvişlə çıxış etmişdiniz ki, Milli Şura ilə Müsavat arasında barış yaradacaqsınız. Müsavatın son qurultayından sonra partiyadan çox sayda narazı müsavatçılar oldu. Onlar Qubad İbadoğlunun sədri olduğu Demokratiya və Rifah Hərəkatında (ADR) təmsil olundular. Onların partiyaya qayıtması istiqamətində də barış təşəbbüsü ilə çıxış edəcəksinizmi?

- Partiyalar arasında barış missiyası barədə həbs olunmamışdan öncə də çalışırdım.  Əsas mahiyyət hansısa siyasi qüvvənin, liderin, şəxsin, partiyanın bu hakimiyyətə münasibətidir. Tutaq ki, X partiyadakılar görür ki, U partiyadakılar bu hakimiyyətə qarşı onlardan da qatı mübarizə aparır, amma onların özünə münasibəti pisdir. Zənnimcə, bunun üstündən keçmək olar. Çünki bu hakimiyyət anti-milli bir hakimiyyətdir. Bütün parametrləri ilə Azərbaycan xalqının inkişafına mane olan, onun gələcəyini, pulunu, insanlarını və hüquqlarını oğurlayan bir hakimiyyətdir. Bizim üçün əsas olan o deyil ki, hansısa qüvvənin bizə münasibəti necədir. Əlbəttə, bu münasibətlər də isti olsa yaxşıdır. Əgər belə bir qüvvə varsa, çalışıb qarşılıqlı güzəştlərə gedib bəzi məsələləri həll edərək yoluna qoymaq lazımdır.

Çünki uzun sürən repressiyalardan, mürtəce siyasətdən sonra müxalif qüvvələr çox zəif düşür. Hesab edirəm ki, məsələyə bir az da səbr və soyuqqanlılıqla yanaşsalar və əsas hədəfi nəzərə alıb bunu etməlidirlər. Qaldı ki, Müsavat partiyasına, əlbəttə, çox xoşagəlməyən hadisələrdir. Ancaq hər iki tərəfdə olan adamlar çox ləyaqətli, dəyərli və lazımlı insanlardır. Məsələyə bu prizmadan baxıram ki, qopmalar olub və onlar da başqa bir yerdə cəmləşiblər. İstənilən halda bir qədər inciklik olub, bir-birinə qarşı artıq-əksik sözlər deyilib. Yəqin ki, bunun üstündən keçmək çətin olacaq. Amma hər halda çalışacağıq ki, barış alınsın. Qüvvələrimiz azalıb, hamı başa düşməlidir ki, bu incikliklərin şəxsi əhəmiyyəti yoxdur. Arada vətən əldən gedir. Birinci bu ölkəni korrupsioner, dünyanın mədəni inkişafının əleyhinə gedən bir rejimdən qurtarmalıyıq. Nə qədər ki, bu rejim hakimiyyətdədir, biz Qarabağı ala bilməyəcəyik. Görün, işğaldan neçə il keçib?! Bir santimetr torpaq geri qaytara biliblərmi? Bu hakimiyyət 100 il də hakimiyyətdə qalsa, işğalda olan torpaqların bir qarışını belə azad edə bilməyəcək. Çünki bu iqtidar ona qadir deyil və beynəlxalq dəstək də ala bilməyəcək. Çünki dünya səviyyəsində Azərbaycan hakimiyyəti qara siyahıda görünür. Onların ucbatından haqlı işimiz də haqsız yerə gəlib çıxıb.

- Tofiq bəy, bir qədər gecikmiş də olsa, istəyirəm bu sualı verim. ADR Hərəkatının qurulmasına münasibətiniz necə olub?

- Müsbət qarşılamadım. Məncə, bu, lazım deyildi. Çünki seçkidə Arif Hacılı qalib gəlmişdi. Qeyd edim ki, bu təzə həyata hələ tam uyğunlaşa bilməmişəm. Hələ bölgü hədəfləməmişəm. Amma aldığım məlumata görə, bəli, qarşılıqlı ittihamlar olub. Ancaq onları o hərəkatı yaratmalarını qəbul edə bilmədim. Öncə dedilər ki, biz filan hədəflər uğrunda mübarizə aparacağıq. Onsuz da onların dedikləri hədəflər Müsavat partiyasında mövcud idi. Əgər desəydilər ki, biz gedib təmiz ekologiya uğrunda mübarizə aparacağıq, onda ayrılıb bir hərəkat yaratmağa ehtiyac var idi. Çünki Müsavatın proqramında bu yoxdur. Amma deyilən şeylər istənilən siyasi partiyanın həm proqramında, həm də gündəliyində olan məsələlərdir. ADR-in planlarında fərqli bir şey yox idi.

Ora toplanan adamların potensialı, keçmişi çox parlaqdır. Hesab edirəm ki, danışaraq 180 dərəcə olmasa da, nəyinsə istiqamətini bir balaca dəyişmək olar. Bu, mənim iddiamdır. Buna ümidim olmasa da, çalışacam. Amma mənim hər iki tərəfə kifayət qədər böyük hörmətim var. Çünki onlar neçə ildir bu yolu gəlirlər, nə qədər məhrumiyyətlərdən keçiblər. Hərçənd inanmıram ki, tərəflər gözüyumulu mənim ölçülərimlə səhv hesab etdiyim addımları doğrulayarlar. Belə hallar olacaq.

- Azadlığa çıxandan sonra rifahçılar sizinlə görüşməyə gəldimi?

- Hamısı ilə görüşmüşük. Cinsindən, dinindən, irqindən, sosial mövqeyindən asılı olmayaraq, bu hakimiyyətə qarşı mübarizə aparanların hamısı mənim üçün dostdur, qardaşdır. Mənim üçün əsas kriteriya Azərbaycanın başının bəlasına çevrilmiş iqtidarın getməsi üçün çalışanlardır. Münasibət korlanması 93-cü ildən bu yana çox olub. Onların yaxşı sonluqla qurtaranları da olub hələ davam edənləri də var. Hələ mənim qayğılarım, adaptasiya olunmağım var, cəmiyyətə çıxmağa imkanım yoxdur. Mənə elə gəlir ki, bu iki həftə vaxt alacaq. Arada Müsavatın toplantılarına qatılıram. Bir qədər vaxt keçəndən sonra bununla sistemli şəkildə məşğul olacam.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları