Yuxarı

"Rus pəncəsi"ndən çəkinmək lazım deyildi”

 

Mirzə Sakit: “Ana Vətən deyiriksə, anamız düşmən əsarətində ola-ola necə sülhsevər olaq axı?!”

Cəbhə xəttində baş verən hadisələrə ölkənin tanınmış imzaları, yazarları, şairləri də laqeyd qalmadı. Cəmiyyətin tanıdığı müəlliflərin hərbi əməliyyatlara, hərb və sülh seçimi arasında gedən dartışmalara münasibəti fərqli oldu. Xüsusi ilə şairlərdən Salam Sarvan və Aqşin Yeniseyin fikirləri diqqət çəkdi. Bu dəfə isə tanınmış satirik şair, Avropada mühacir həyatı yaşayan Mirzə Sakit Qarabağda gedən döyüşlərlə bağlı mövqeyini açıqlayıb. Mirzə Sakitin “Cümhuriyyət”ə müsahibəsini təqdim edirik:

-  Mirzə, aprelin 1-dən sonra necəsiniz, əhval-ruhiyyə nə yerdədir?

- Aprelin 1-dən sonra Qarabağdakı hərbi əməliyyatların keçirilməsi hamı kimi məndə də böyük ruh yüksəkliyi yaratdı. Sevincimdən bir neçə dəfə də ağladım, özümü orda görmək istədim, hətta sosial şəbəkədə oturub yazmağa da bir az utandım, əsgərlərimizin rəşadətli hücumlarından, müdafiə nazirimizin hücum əmri verməsindən vəcdə gəldim, çox sevinirdim, özümə yer tapa bilmirdim, bütün gecəni Azərbaycandakı dostlardan informasiya almaqla məşğul idim. Zarafat deyil, uzun illər gözlədiyimiz arzularımız reallaşmaq üzrə idi...

- Yəqin ki, Avropadan hadisələr daha fərqli görünür. Belçikadan baxanda Qarabağdakı hərbi əməliyyatlar hansı formada idi və sizcə cəmiyyət eyforiyaya qapılmışdımı?

- Hardan baxmağımızdan asılı olmayaraq, özümü vətəndə hiss edirdim, harda olmağımı unutmuşdum, elə bilirdim Bakıdayam. İlk günlər çox güclü hücumlar təşkil olundu, ermənilərin qaçma səhnələrinə baxdıqca öz-özümə - sizə qurban olum, Azərbaycan əsgərləri - deyib sevincimdən kövrəlirdim, kompüterimə yaxın divara o qədər yumruqlayırdım ki, axırda divarın o üzündəki qonşu da divarı döyəcləyib narazılığını bildirdi.

Cəmiyyət neyləsin axı, bu illər ərzində cəmiyyətimizin əzilməsinə baxmayaraq, bu qələbələrdən cəmiyyətimiz bir daha vətənpərvər olduqlarını sübut etdilər, hər kəsin səmimi sevinci sosial şəbəkələrdən aydınca hiss olunurdu, insanlar yüksək əhval-ruhiyyədə idilər, bütün vətəndaşlarımız bu savaşa səfərbər olduqlarını bildirirdilər.

- Ümumiyyətlə, şairin, yazarın belə vaxtlarda mövqeyi necə olmalıdır, silaha sarılmağa, yoxsa sülhə çağırışlar etməlidir?

- Şairlər nə qədər duyğusal olsalar da, belə situasiyalarda istənilən halda silaha sarılmağa hazırdılar, bir halda ki, biz heç kimin torpağını işğala yox, öz torpaqlarımızı işğaldan azad etmək üçün çabalar göstəririk. Şair təkcə qələmə sarılmaq üçün yox, eyni zamanda silaha da sarılmağı bacarmalıdır.

Hesab edirəm ki, əsgərlərimizin işğaldakı torpaqlarımızı azad etməyə yetərincə gücləri çatar, buna baxmayaraq, bizim də o əsgərlərimizə, zabitlərimizə ruh vermək borcumuz var. Şair də, yazıçı da nə qədər dünyəvi, posmodernist olsa da, ilk növbədə, öz xalqının, vətəninin tərənnümçüsü olmalıdır, öz dövlətçiliyinə, xalqına biganə qalan şairin, yazıçının hətta insanlıqdan danışmağa haqqı yoxdur.

Sülh gözəldir, sülhsevərlik hər bir insana xas olmalıdır, lakin biz öz torpaqlarımızın da düşməndə qalmasına razı ola bilmərik, bir halda ki, ona Ana Vətən deyiriksə, anamız düşmən əsarətində ola-ola necə sülhsevər olaq axı?!

- Aqşin Yenisey hesab edir ki, müharibə xalqların psixoloji-mənəvi dezinfeksiyasıdır. Azərbaycan 4 gündə bu dezinfeksiyanı yaşadımı, təkcə əldə olunan təpələri demirəm, ümumi psixoloji nəticə nədən ibarətdir?

- Normal insanlar heç vaxt müharibə arzusunda olmazlar, bu onda baş verər ki, biz kiminsə torpaqlarını müharibə yolu ilə almaq istəyindəyik. Amma bütün tərəqqipərvər ölkələr də bilirlər ki, biz haqq savaşı aparırıq, anamızı xilas etmək istəyirik, evimizə quldurlar girib, o quldurları evimizdən zorla çıxarmaq bizim müharibəsevərliyimizin yox, əksinə quldurların müharibəsevərliklərini dünyaya bəyan etməyimizdir..

İnsanlarımız son 20 ildə gerçəkdən də çox ağır nevrozluq dövrü yaşayırlar, bu ağır psixoloji duruma Qarabağımızın itirilməsi də öz təsirini göstərib. Bu yaxınlarda burda çayın kənarında gəzişərkən necə oldusa, 10 avro pul itirmişdim, bəlkə də beş-altı gün gedib oraları gəzirdim ki, o 10 avronu tapam.

O boyda torpaq itkisinə dözmək insanların mənəvi-psixoloji dünyasına çox ağır təsirlər göstərib. Mən heç vaxt Şuşada, Laçında olmamışam, ancaq o ərazilərimizi anadan olduğum Şamaxı rayonundan heç də az sevmirəm. Vətənin hər qarışı bizim üçün doğmadır, əzizdir, lap elə öz övladımız kimi.

- Bu prosesdə xalqın ruhunu hiss elədik, ola bilsin ki, tələskənlik vardı, siyasi təhlillər aparılmadı, amma milli bir dirçəliş müşahidə olunurdu. Hamı yardımlaşmaq istəyirdi. Necə bilirsiniz, bu stimul hərbi əməliyyatları davam etdirməyə rəvac verirmi, yoxsa “rus pəncəsi”ni nəzərə alıb dayanmalıyıq?

- Heç bir halda "rus pəncəsi"ndən çəkinmək gərək deyildi, özünüz müşahidə edib gördünüz ki, bir çox ölkələr bizim haqq savaşımıza öz hərbi dəstəklərini təklif etdilər. Onsuz da bütün dünya bilir ki, Qarabağın bir nömrəli işğalçısı Rusiyadır. Və sizə deyim ki, indi 1990-cı il deyil, o illərdən fərqli olaraq dünya siyasətində çox dəyişikliklər baş verib, əgər biz Qarabağda hərbi əməliyyatları saxlamasaydıq, Rusiya əvvəlki kimi bizə qarşı çıxa bilməyəcəkdi.

Düzdür, yenə müdaxilə edəcəkdi, ancaq genişmiqyaslı yox. Mən özlüyümdə belə başa düşürəm ki, Azərbaycan hakimiyyəti Rusiyanın diktəsi ilə oturub-durursa, demək, onu Rusiyadan çəkindiyi incə yeri hakimiyyət məsələsidir, yəni ki, öz hakimiyyətinin itirilmə qorxusuna görə Qarabağın itirilməsinə razılıq verirsə, bunun çox ağır adı var, bu adı öz üzərinə götürən hakimiyyətlə xalq arasında hər zaman böyük bir uçurum olacaq.

-  Mirzə, müxalifət özünü bu mərhələdə necə apardı, partiya başqanlarının tutduğu mövqe sizi qane etdimi?

Müxalifət partiyalarının rəhbərləri nəyi etmək lazım idisə etdilər, onlar bu mərhələdə hakimiyyətə müxaliflik yox, əksinə savaşın qələbələrlə yekunlaşmasına görə hakimiyyətlə haqlı olaraq bir yerdə olduqlarını büruzə verdilər. Bu da alqışlanmalıdır, məhz belə də lazım idi. Ölkənin müqəddəratının həll olunması məsələsində iqtidar-müxalifət söhbəti dondurulmalıdır, bu mərhələdə müxalifət partiyalarının rəhbərlərindən tutmuş sıravi üzvlərinə qədər hər kəs ordumuzun və ordu rəhbərliyinin yanında olduqlarını bəyan etdilər...

-  Əgər ölkədə səfərbərlik elan olunsa, siz və başqa mühacirlər Qarabağda savaşmağa gələcəkmi?

-  Səfərbərlik təkcə ölkə daxilində yaşayanlar üçün nəzərdə tutulmur, o ölkəni özünə vətən hesab edən hər kəs yaşadıqları məkandan asılı olmayaraq, səfərbərliyə qoşulmaq üçün dərhal vətənə dönməlidilər və əlbəttə ki, hər zaman da gəlməyə hazırıq. Bu bir şərəf məsələsidir..

- Yeri gəlmişkən, ölkədəki müxalif qüvvələrlə Avropadakı mühacirlər tez-tez “toqquşur”. Kimini siyasi fərarilikdə, kimini təqib olunmadığı halda saxta sənədlə qaçqın statusu almaqda ittiham edirlər. Nə baş verir, doğrudanmı saxta mühacirlər Avropanı basıb?

- Avropada olan azərbaycanlıların cəmini “mühacir stanoku”na salıb analiz keçirsələr, hesab edirəm ki, o süzgəcdən ən uzağı 15 faiz həqiqi mühacirlər keçəcəklər. Saxta sənədli qaqaşlar və bacılar da yetərincədir və bu saxta sənədləri onlara verənlər də bu gün hakimiyyətə gəlmək iddiasında olanlardır. Qaldı ki, bir-biri ilə "toqquşmalara", bunu da Avropada olan insanlığa qeyri-standart olan insanlar törədirlər.

Sizi əmin edirəm ki, Avropada yaşayan azərbaycanlılar öz yaratdıqları TV-lərdə ilboyu demokratiyadan, ədalətdən danışsalar da, o adamların öz içlərində, təfəkkürlərində demokratiyadan, ədalətdən zərrəcə işartılar yoxdur, bax həmin toqquşmaların da pərdəarxası müəllifləri həmin yalançı "demokratiya-ədalət carçıları"dılar.

Aslan Nəsirov





Həftənin ən çox oxunanları