Yuxarı

“Borca düşdüm, “Kredit” şeirini yazdım”

“Borca düşdüm, “Kredit” şeirini yazdım”

Tural Adışirin: “Şair öz dövrünün güzgüsüdür” Cebhe.info gənc yazar Tural Adışirinin “Cümhuriyət” qəzetinə müsahibəsini təqdim edir. . -Ədəbiyyat ciddi düşünən beyin üçündür, yoxsa xatirələr axtaranlar üçün? -Ədəbiyyat, əlbəttə, ciddi düşünən beyin üçündür. Ədəbiyyat elə həyatın özüdür. Həyat lövhələri ciddi ədəbi əsərlərdə əks olunur. Yazıçı da yaşadığı dövrünün güzgüsüdür. Ancaq ciddi ədəbi nümunələrdə biz yazıçı qələminin qüdrətini, zəmanəsinin xüsusiyyətlərini görürük. -Stolüstü kitabınız mütləq ki, var. Bilmək olar nələri oxuyursunuz? -Mən daha çox poeziya kitabları oxumağa üstünlük verirəm. Təxminən 500-ə yaxın poeziya kitabı oxumuşam-desəm, yanılmaram. Stolüstü kitabım  M.Ə.Sabirin “Hophopnamə”sidir. Darıxdığım anlarda B.Vahabzadənin şeirlərini də oxuyuram. Dünya ədəbiyyatından Rey Bredberinin hekayələrini çox sevirəm. Onun “Sevgi haqqında” hekayəsini oxudum, çox təsir elədi. Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiri qədər sevdiyim ikinci şeir yoxdur. Gənc, orta və yaşlı nəslin nümayəndələrini də oxuyuram. Ramiz Qusarçaylı, Ayaz Arabaçı, İbrahim İlyaslı, Əlirza Həsrət yaradıcılığına çox müraciət edirəm. Gənclərdən Ruslan Dostəlinin, Elməddin Nicatın, Vasif Zöhraboğlunun, İntiqam Yaşarın, Elməddin Mətləbin, Mətləb Ağanın şeirlərini bəyənirəm. Çağdaş poeziyada istedadlı gənc şairlər yetərincədir. -Yaxın vaxtlarda ədəbi mühitdə hansı əsərin gəlişini qürurla qarşılamısınız? -Çağdaş ədəbi mühiti müntəzəm izləyirəm . Özüm bir ədəbiyyat saytının (azadyazı. com) və internet dərgsinin (“Gənc yazarlar ədəbiyyatı”) redaktoruyam. Ədəbi mühitdə baş verən hər bir yeniliyi dərc edirəm. Paytaxt və bölgələrdəki ədəbi mühitlərdən xəbərdaram. - Hansı əsərdir? -Son dövrlərdə maraqla qarşıladığım ədəbi nümunələr  Nəriman Əbdürrəhmanlının “Qurban”, “Yolçu” romanları, Aslan Quliyevin “Ağrı” romanı, xalq yazıçısı Elçinin “Baş” romanı, Şərif Ağayarın “Gülüstan” romanıdır. -Oxucunun Turalı hansı labirintdən keçməlidir? -Oxucunun zövqünü oxşamaq, onun ürəyindən keçənləri duyub yazmaq hər bir qələm adamı üçün məsuliyyətli işdir. Mənim oxucularım qələm dostlarım, tanınmış ziyalılar, şagirdlərim, sadə peşə adamlarıdır. Uca Tanrıdan hər zaman oxucularımın yanında sözümün kəsərli, üzümün ağ olmağını diləyirəm. -Ədəbiyyatda “gənclərin işıq yolu varmı?” -Əlbəttə, var. İstedadı olan hər bir gənc ədəbi mühitdə gec-tez öz yerini tapır. Yaxşı şairi hər kəs oxuyur, sevir. İstedadın formalaşması üçün də dəstək amili lazımdır. İstedada qiymət vermək, onu həvəsləndirmək də önəmlidir. Şəxsən gənc yazar kimi hər zaman orta və yaşlı nəsildən ədəbi çevrədən qayğı görmüşəm. Əkbər Qoşalının, Ayaz Arabaçının, Fərqanə Mehdiyevanın, Dayandur Sevginin, İbrahim İlyaslının diqqət və qayğısını vurğulamaq yerinə düşərdi. Çağdaş poeziyada öz dəsti-xətti ilə seçilən, öz işıq yolu olan gənclər yetərincədir… Ruslan Dostəli, Elməddin Nicat, Vasif Zöhraboğlu, Şahinə Könül, Şəfa Vəli, Elçin Aslangil bu qəbildəndir… siyahını uzatmaq da mümkündür. Mən hər birinə yeni-yeni yaradıcılıq uğurları, ədəbiyyatımızı zənginləşdirən bədii nümunələr yazmağı diləyirəm. Ədəbiyyatda gənclərə işıq tutan, bir növ mayak olan “Ulduz” jurnalının ədəbi gəncliyə olan dəstəyini xüsusi vurğulamaq istərdim. Bu jurnalın ədəbi gəncliyimizin formalaşması və inkişafındakı rolunu danmaq olmaz. -Sizə uğur gətirən şeiriniz mütləq ki var? -Şairin yazdığı hər bir şeir onun üçün xüsusi önəm daşıyır. Uğur dediniz, yadıma gəlir, 2012-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin nəşr etdirdiyi bölgə gənc yazarlarının şeirlərindən ibarət “Bölgələrdən səslər” almanaxında 3 şeirim dərc olunmuşdur. Tanınmış tənqidçi alim Vaqif Yusifli kitab haqqında məqalə yazmışdı və mənim “Bilmirəm” gəraylımı məqalədə bütöv şəkildə qeyd etmişdi. Ancaq tələbəlik illərində “Qızlar” şeiri ilə daha çox tanınmışam. -Ədəbi tənqidə münasibətiniz necədir? -Ədəbi tənqidə münasibətim normaldır… Ədəbiyyat varsa, tənqid də var. Tənqiddə dözümlü olmaq lazımdır. İndi ədəbi tənqidimizdən razı qalan və razı qalmayan təbəqələr də var, düzdür. Onların hərəsinin öz baxış bucağı var. Öz şəxsi fikrimi bildirsəm, əsil qələmə və ədəbiyyata xidmət edən tənqidçi çox lazımdır… Mir Cəlal Paşayev, Bəkir Nəbiyev, Yaşar Qarayev tənqidimizin bel sütunları idilər… Allah hər birinə rəhmət eləsin, onların yeri görünür. -Müasir tənqidçilərimizdən nə dərəcədə razısınız? -Müasir tənqidçilərdən Vaqif Yusiflinin, İradə Musayevanın, Cavanşir Yusiflinin, Elnarə Akimovanın, Əsəd Cahangirin tənqidi yazılarını daha çox izləyirəm və redaktoru olduğum saytda da çap edirəm. Qocaman tənqidçi Vaqif Yusifli başda olmaqla onların hər biri ədəbiyyatımızın inkişafı üçün xidmət edirlər. Vaqif Yusiflinin, Elnarə Akimovanın gənc yazarlar haqqında yazdığı silsilə məqalələrini alqışlayıram. -Zahirən sakit təbiətli insana bənzəyirsiniz. Ancaq şairlərin daxili dünyası başqadır. Qəzəbinizdən şeir yazmısınız? -Sakit təbiətli olduğum doğrudur. Mənimlə ünsiyyətdə olmaq elə də çətin deyil. Hər kəsə diqqət, qayğı ilə yanaşanam. İstəmərəm ki, kimsə məndən incik qalsın. Şeirlərimdə qəzəb, nifrət hissi heç vaxt olmayıb. Sevgi şeirlərimi heç zaman qəzəbdən yazmamışam. Düzdür, yanğı, həsrət, küskünlük olub…Yarın cəfası da şirindir. Qəzəbdən bircə “Kredit”şeiri yazmışam, o da borca düşmüşdüm. Şeir rayon qəzetlərinin birində çap edilmişdi, 500 tiraj qəzetdən bircə dənə də qalmamışdı. -Yaradıcılığının fəlsəfəsi olmayan ədəbiyyatçının ədəbiyyatda rolu hara qədərdir? -Əbədiyaşarlıq qazanmaq elə də asan deyil. Yazdığın əsərin bədii tutumu, fikir yükü olmalıdır. Nizamini, Nəsimini, Füzulini, Sabiri məgər indiyə kimi yaşadan nədir? Yazdıqları əsərlərdə məna və fəlsəfə.. -Oxucuları gələcəkdə Tural Adışirindən hansı ədəbi yeniliyi gözləsin? -Ədəbi mühitdə az-çox tanınıram… Ölkənin nüfuzlu qəzet, jurnallarının hər birində çap edilmişəm…  Dünya Gənc Türk Yazarlar Birliyinin Dənətim Kurulunun üzvüyəm. Bir neçə kitabın tərtibçisi, bədii redaktoru olmuşam. Səmimi desəm, qoşma, gəraylı yazmaqla ədəbi yeniliyə cəhd etmək absurddur… Düzdü, yaddaqalan, könül oxşayan şeirlər yaza bilərsən, yeni deyimlər də taparsan, ancaq yazdığın şeirlərdə ədəbi yenilik etdim - deyə özünü yanıldarsan. Süjetli lirikaya keçsəm, ciddi əsərlər yazmağı düşünərəm.. Gələn ilə hələlik kitab çap etdirməyi düşünürəm. Əntiqə  Səməndər  





Həftənin ən çox oxunanları