Yuxarı

“Başqasının yolunu kəsməklə çörək pulu qazanmaq nə dərəcədə düzgündür?”

“Başqasının yolunu kəsməklə çörək pulu qazanmaq nə dərəcədə düzgündür?”

“Narazı vətəndaşlar aidiyyatı qurumlara şikayət etməlidir”

Tıxac Bakının əsas problemlərindən birinə çevrilib. Problemin əsas səbəblərindən biri də avtomobillərin düzgün park edilməməsidir. Sürücülər deyir ki, park edilmə qiyməti olduqca yüksəkdir, məhz bu səbəbdən də avtomobillərini necə gəldi, harda gəldi saxlayırlar. Nəticədə həm yüksək məbləğdə cərimə edilirlər, həm də ki, tıxaclara səbəb olurlar. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mövzu ilə əlaqədar olaraq “Cümhuriyət” qəzetinə geniş müsahibə verib.

Cebhe.info müsahibəni təqdim edir.

-Vaqif bəy, sürücülər parkedilmə qiymətinin yüksək olmasından narazıdırlar. Bunu əsas gətirərək idarə etdikləri nəqliyyat vasitəsini harada gəldi saxlayır, nəticədə də tıxaclar yaranır. Sizcə, bu qiymət yüksək deyilmi?

-Dünənə qədər Bakı şəhəri ərazisində avtomobillərin park edilməsi ilə bağlı heç bir şərait yox idisə, hazırda 70-dən artıq küçə və prospektlər üzrə 300-ə yaxın parkomat var. Hazırda şəhərin mərkəzi küçələrində mərtəbəli, 7-dən artıq qapalı avtomobil duracaqları da tikilib istifadəyə verilib. Sürücülərin gileylənməyə mənəvi haqqı da yoxdur. Düzdür, onların işinə qarışmıram. Amma hesab etmirəm ki, avtomobillərin parkedilmə qiyməti yüksəkdir. İstənilən duracaq 15 dəqiqə ərzində pulsuz fəaliyyət göstərir. Bir saatın qiyməti isə 1 manatdır. Narazı vətəndaşlar qiymətlərin aşağı salınması ilə əlaqədar aidiyyatı quruma şikayət etməlidir. Kimsə qiymətdən narazıdırsa, buna etiraz olaraq avtomobilini istədiyi yerdə park etməməlidir. Əks halda, dövlət yol polisi avtomobilin düzgün park edilməməsinə görə, 20-40 manat məbləğində cərimə yazacaq. 1 manat bahadır, başa düşdüm, bəs yol polisinin yazdığı cərimə necədir? Hansını ödəmək daha rahatdır? Yol polisi olaraq parkolunma qiymətinə münasibət bildirməkdə çətinlik çəkirəm. Sürücü olaraq tərəfdarıyam ki, parkolunma qiyməti aşağı salınsın. Şifahi deyil, sivil formada yazılı qaydada müraciət etmək olar. Sürücülərin dili ilə desək, 1 manat çox böyük məbləğdir. Çox istəyərdim ki, avtomobillərin parkının 2 saatı 50 qəpik olsun. Qiymətin aşağı salınması həm sürücülərin narazılığını aradan qaldırar, həm də yollarda yaranan tıxacların qarşısı alınar. Amma öncə bilik, bacarığımızı ortaya qoyub düzgün idarəetməni öyrənməliyik, daha sonra qiymətlərin yenidən tənzimlənməsi tələb olunmalıdır.

-Gündəlik olaraq əsasən paytaxtın hansı küçələrində parkolunma problemi var?

- Şəhərin mərkəzi küçələri olan Nizami, Rəşid Behbudov, Füzuli və təhsil müəssələrinin yerləşdiyi küçə və prospektlərdə parkolunma ilə bağlı ciddi problemlər var. Şəhərin mərkəzində təxminən 80 məktəb var. Günün pik saatlarında bu ərazilərdən keçmək mümkün deyil. Xüsusən də təhsil müəssələrinə yaxın ərazilərdə vəziyyət tənzimlənməlidir. Avtomobil olmayanları da düşünün. Mənim balam var, avtomobilim var deyə məktəbin giriş qapısınadək gəlməli deyiləm ki. Övladını məktəbə aparan sürücü deyir ki, məktəbin qarşısında bir dəqiqə saxlayacam. Bu bir dəqiqə elə də az zaman deyil. Bu müddətdə övladını düşürtməli, daha sonra geri qayıtmalı, hələ bir geri qayıdarkən də kiməsə əl etməlidir. Bu isə yoldakı digər sürücülər üçün kifayət qədər vaxt itkisidir. Gəlin, kiçik araşdırma edək. Əməkdaşlarımız gündəlik müşahidələrinə əsasən belə hesablama aparıblar ki, valideyn sürücünün 20 saniyə yolun hərəkəti istiqamətində dayanması, ikizolaqlı, bir istiqamətli yolda 20-yə yaxın avtomobilin dayanaraq 5 dəqiqəlik ləngiməsi deməkdir.

“Parklanma ilə bağlı qayda pozuntuları azalıb”

-Öncəki illərlə müqayisədə bəs hansı irəliləyişlər əldə olunub?

-Öncəki illərlə müqayisədə vəziyyət dəyişib. Öncələr gün ərzində parkolunma ilə bağlı 1000-dən artıq protokol tərtib olunurdusa hazırda bu rəqəm 800-ə bərabərdir. Gün ərzində 100-ə yaxın avtomobil evakuatorla aparılırdısa, indi bu rəqəm 70-dir. Gərək hər kəs ümumi mənafedən çıxış etsin, yalnız özünü düşünməsin. Biri əyri, biri köndələn, digəri paralel saxlayır. Hər kəs avtomobilini necə saxlamaqla öz təbiətini əks etdirir. Avtomobilin nə cür saxlanılması onun sürcülüyünün hansı səviyyədə olmasından bir növ xəbər verir. Xəstə aparıram, dərman alacağam adı ilə min bəhanə gətirərək başqalarıının yolunu kəsmək düzgün deyil. Dayanma, durmanı qadağan edən yol nişanları qarşısında avtomobil saxlamaq inzibati xətadır. Zebra xəttində, yolların hərəkət istiqamətində, piyada səkisində avtomobil dayanmamalıdır. Yolların kəsişmə xəttində avtomobillərin park edilməsi digər avtomobil sürücülərinin hərəkətinin tam dayanması deməkdir. Avtobus duracaqlarının zəbt edilməsi nə dərəcədə düzgündür? Bu sərnişinlər üçün ayrılan bir yerdir. Bu o demək deyil ki, bütün yollarda qayda-qanun pozuntusunun qarşısını almaq üçün zebra xəttində, avtobus duracaqlarında bir yol polisi dayanmalıdır. Sürücülər özləri vəziyyəti tənzimləməyi bacarmalıdırlar. Buna görə, ən böyük nöqsanı sürücülər özlərində axtarmalıdır. Normal ara məsafəsi saxlamaq, tələblərə uyğun avtomobil park etmək lazımdır.

- Yolların uzunluğu, nə qədər kəsişmə xətii, dayanacaq, piyada keçidi və ən əsası nə qədər yol polis əməkdaşı var?

- 2 min 200 kilometrdən artıq küçə və yollarımızın uzunluğu var. 650-dən artıq yol kəsişməsi var. 60 dəmir yolu ilə kəsişən hissə var, 70-dən artıq yerüstü, yeraltı piyada keçidlərimiz var, 280-ə yaxın işıqforla tənzimlənən quru birləşməsi, 800-ə yaxın avtobus duracağı var. Mürəkkəb-sadə yol qovşaqlarında nə qədər yol polisi olmalıdır ki, sıxlıq yaranmasın? Ölkə üzrə 2 min yol polisimiz yoxdursa, hər yüz metrdən bir yol polisinin dayanıb vəziyyətə nəzarət etməsi nə dərəcədə düzgündür? Bu gün 2 əməkdaşımız bir yol patrul xidmətində təxminən 13-15 kilometr əraziyə nəzarət edir. Hansı ki, standartda göstərilir ki, yol polisi 5-7 kilometrlik əraziyə nəzarət edə bilər.

- “20 Yanvar” metrostansiyası ətrafında vəziyyət necədir?

-“20 Yanvar” metrostansiyasının ətrafını paytaxta şimal girişi hesab etmək olar. Strateji əhəmiyyətli bu istiqamətdə gələn və ya burdan digər istiqamətə gedən sürücü gəlməyinə də peşman olur, getməyinə də. Artıq həmin ərazidə 10-dan artıq Yol Patrul Xidmətinin avtomobili, 20-ə yaxın əməkdaş var. Bu o deməkdir ki, polis əməkdaşı olmadan hərəkətimizi tənzimləyə bilmirik. Başqasının yolunu kəsməklə çörək pulu qazanmaq nə dərəcədə düzgündür? Belə olmaz axı. Sürücülər qəza duracaq işığını yandırıb yolun ortasında dayanırlar, sanki belə də olmalıdır. Bu işıqların yandırılmasının təyinatı var. 10 metr qabaqda dayanacaq olsa da sürücü olduğu yerdə qalır, tıxac yaratması azmış kimi hələ bir telefonla da danışır. Ay pul davası edən sürücülər, ilk növbədə tələbələrə uyğun hərəkəti öyrənin ki, park edilmə ilə bağlı narazılıqlarınız da öz həllini tapsın.

“Bu qadağa deyil, tənzimləmədir”

- Rayon nömrə nişanlı avtomobillərin paytaxta girişində məhdudiyyətlər hələ də qalmaqdadır...

- Nazirlər Kabinetinin qərarına əsasən göstərilir ki, bölgələrə məxsus dövlət nişanlı avtomobillərin qaranlıq saatlarda paytaxta girişi təmin edilir. Eyni zamanda yük götürmə qabiliyyəti 5 tondan artıq olan yük avtomobillərinin paytaxtın inzibati ərazi, küçə və prospektlərdə hərəkəti də qanunvericiliyin tələblərinə uyğun tənzimlənir. Bu qadağa sayılmalı deyil. Bu vəziyyətin tənzimlənməsidir. Məsələn, biri gecə işləyəndə biri gündüz işləməlidir. Biri günorta nahar edəndə, biri axşam yeməlidir.

“Xanım sürücülər daha peşəkardır”

- Bildiyimiz kimi sürücülərin böyük əksəriyyəti kişilərdir və onlarda iddia edirlər ki, qadın sürücülər qaydanı daha çox pozur. Siz necə, bu fikirlə razısızmı?

- Sürücüləri cinslərə bölmək, kateqoriyalara ayırmaq özü elə qanunun tələblərinin pozulmasıdır. Görünür, bu da bizim mentalitetimizə bağlı məsələdir. Ölkədə 1 milyon 200 mindən artıq avtomobil var. Bu avtomobillərin 72 faizi elə Bakı qeydiyyatındadır. 740 min avtomobil Bakı qeydiyyatındadır. Qadın sürücülərimizin sayı təxminən 50 minə yaxındır. 40 mindən artıq, təxminən 50 minə yaxın xanım sürücünü 1 milyon 200 minə-ə yaxın kişi sürücü ilə müqayisə etmək nə dərəcədə düzgündür? Nə dərəcədə düzgündür ki, deyək yol qaydaları daha çox qadınlar tərəfindən pozulur? Xanım sürücülərimizi alqışlayıram, onlar bütün sahələrdə olduğu kimi sürücülükdə də peşəkardırlar. Qanun qarşısında hamı birdir. Xanımlıqdan istifadə edib yol qaydalarını pozmaq olmaz.

“Əvvəl sürücülər piyadaya yol vermirdilər”

- Sürücülər bir sıra qadağalara məhəl qoymadığı kimi, həmçinin səs siqnalları ilə bağlı tələbləri də pozur...

- Qanunda deyilir ki, səs siqnalı vermək olmaz. Bəs niyə, səs siqnalını basmaqla salamlaşır, xudahafizləşirik, ailə qururuq? Ailə qurmaq əgər səs siqnalının verilməsindən asılıdırsa, elə o zaman biz də bu səs siqnallarından istifadə edənlərə dəstək olaq. Xoşbəxtlik əldə etmək səs siqnallarından asılı deyil. Qanun da deyir ki, yüksək avazlı, səs artıran musiqi siqnallarının avtomobillərə quraşıdırlması, istifadəsi inzibati xətadır. Məhkəmə qərarına əsasən bu qanunu pozanlar yüksək məbləğdə cərimə olunur. Xüsusilə də toy karvanlarında gedənlər, avtoxuliqanlıqla məşğul olanlar yüksək səs siqnallarından istifadə edir. Toy karvanına qoşulanlar deyir ki, ömürdə bir dəfə olan şeydir, nə olar ki. Heç bilmirik ki, onlar bir dəfə boşanacaq ya yox.

Hərə ömürdə bir dəfə düşüncəsi ilə yolun bağlaması, yüksək səs siqnallarından istifadə edilməsi, avtomobilin sürətlə idarəsi, qəza şəraitinin yaranması düzgündürmü? Hər kəs yol hərəkətində mədəni olmalıdır. Bu günədək sürücülər piyadaya yol vermirdilər, təxminən 5 il öncə belə idi. Amma indi sürücü uzaqdan piyadanın gəldiyini görəndə saxlayır, piyada da nazlana-nazlana yolu keçir. İndi də bu problemdir. Bu vaxtadək sürücülər piyadalara aman vermirdisə indi də piyadalar sürücülərə aman vermir. Piyada vurulması ilə bağlı son zamanlar rəqəmlər də artıb, 58 faizə çatıb. Bu çox ciddi xəbərdarlıqdır. Bu səbəbdən vəziyyəti nəzarətə götürmək üçün piyada zolağının kəsişməsində günün pik saatlarında yolun iki əks tərəfində əməkdaşlarımız dayanır. Nəqliyyat sıxlığını aradan qaldırmaq, sərnişinlərin labirint kimi avtomobilərin arasından keçməsinin qarşısını almaq üçün əməkdaşlarımız fəal işlə məşğuldurlar.

Nigar Məhərrəm





Həftənin ən çox oxunanları