Yuxarı

“Tramp İrana təzyiqi artıra bilər”

“Tramp İrana  təzyiqi artıra bilər”

 

“Regionda baş verəcək yeni proseslərə hazır olmalıyıq”

Məhsa Mehdili: “İran rejimi türk kimliyini qəbul etməyə məcbur oldu”

İranın dini-siyasi rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı həbsləri davam etdirir. Milli fəallara qarşı aqressivliyini artıran rejim digər yandan bir sıra media qurumlarında Azərbaycan türklərinə qarşı təhqir kampaniyası başladıb. Baş verənlərə dünya birliyi hələ də susur. Vaxtilə Güney məsələsini gündəmə gətirən ABŞ-dan da bir səs yoxdur. “Cümhuriyət” qəzeti Güney Azərbaycanda baş verən proseslərlə bağlı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdilinin fikirlərini öyrənib.

“Türk fraksiyası”nın yaradılması da bizim tarixi nailiyyətimizdir”

- İran parlamentində Türk fraksiyası yaradıldı, dərhal sonra Kürd Fraksiyası elan olundu. Sizcə, bu təsadüf idi? Məlumdur ki, molla rejimi Azərbaycan türklərinin yaşadığı bölgələri kürdləşdirmək siyasəti yürüdür. Məsələ bu baxımdan rejimin demokratiya imitasiyası ola bilərmi?

- Bunun əsas səbəbi Milli Hərəkatın Güney Azərbaycan və İranda xalqa təsir edə biləcək müxalif güc olması və rejimin bunu özünə qarşı təhlükə kimi görməsidir. Ölkənin iki mərkəz qüvvəsi hesab olunan islahatçılar və mühafizəkarlar da Güney Azərbaycanda baş verən proseslərə təsir edə bilmirlər. Bu da hökumətin alternativ addımlar atmasına səbəb oldu. Milli Hərəkat avtoritar rejiminə qarşı uğurlu mübarizə apara bilir. Təzyiqlərə baxmayaraq, hərəkat geri çəkilmədi. 90 illik inkar və düşmənçilik siyasətinə qarşı həmişə aktivdir. Digər yandan Türk Fraksiyasının yaradılması da bizim tarixi nailiyyətimizdir, nəhayət İran rejimi türk kimliyini qəbul etməyə məcbur oldu. Kürdlərin də bundan əvvəl belə bir təşəbbüsü olmuşdu, indi də yenidən gündəmə gəldi. İran parlamentinin kürd deputatları terror təşkilatlarını müdafiə edirlər. PKK terror təşkilatının lideri Abdullah Öcalan həbs olunanda bunu gördük, İrandakı kürd deputatlar buna qarşı çıxdılar. Həmin deputatlar eyni zamanda Suriya, İraq və Türkiyədəki terror qruplaşmalarını da müdafiə edirlər. Məsələn, PKK-nın siyasi qolu hesab olunan HDP-nin millət vəkilləri Türkiyədə həbs olunanda İrandakı kürd deputatlar rəsmi Tehrana təzyiq etdilər ki, buna kəskin etirazını bildirsin, həmçinin Türkiyədən BMT-yə şikayət etdilər. Kürdlər eyni zamanda Güney Azərbaycana qarşı torpaq iddiası irəli sürdülər. Bunun nəticəsidir ki, İran parlamentində bir sıra Qərbi Azərbaycan bölgələrini kürd millət vəkilləri təmsil edirlər.

- Hesab etmək olar ki, bu, Güneydə fəal Milli Oyanış Hərəkatını yatırmağa hesablanıb?

- Fraksiyanın əsl mahiyyətini açmaq üçün bu ölkənin bir sıra qanunlarını yaxşı bilmək lazımdır. İranda demokratik seçki sistemi yoxdur. Seçkilərdə iştirak edəcək namizədləri 12 nəfərdən ibarət Nəzarət Şurası müəyyən edir. Şura üzvlərinin 6 nəfəri dini-siyasi lider (Xamneyi) tərəfindən seçilir. Digər 6 nəfər də ədliyyə orqanları tərəfindən parlamentə təklif olunan şəxslər arasından seçilir ki, İranda ədliyyə başçısı da dini-siyasi lider tərəfindən təyin olunur. Bu o deməkdir ki, İranda seçilmək haqqı əldə etmək üçün dini-siyasi liderə bağlı olmalısan. Türk Fraksiyasını Güney Azərbaycan Milli Hərəkatından qaynaqlanan bir təşkilat olmaqla birlikdə, hökumətin bu hərəkata qarşı alternativ yaratmaq səyi kimi də qəbul edirəm.

- Tehranda bilirlər ki, Azərbaycan İran üçün təhlükə deyil. Heç tarixə istinad edərək Güney Azərbaycanla birləşmək məsələsi də Bakının gündəmində yoxdur. Nədir Tehranın içində böyütdüyü kin və nifrətin səbəbi?

- İranın siyasətində öz ideologiyasını yaymaq, dini məzhəblər və etniklər üzərində irqçilik, yerləşdiyi regionu öz təsir dairəsinə salmaq məsələləri əsas yeri tutur, bunu hər kəs bilir. Bu siyasət din, məzhəb və əxlaqa xidmət etmir. Bunun mərkəzində fars şovinizmi və əsas güc olmaq istəyən diktator sistemi var. İran elə bir dövlətdir ki, müsəlmanları qıran ölkələrlə müttəfiqlik edir, digər yandan da məzhəb və dini əlində təzyiq vasitəsinə çevirərək Azərbaycandan qorxur. Qorxmağı da məntiqlidir. Azərbaycan Respublikasının müstəqilliyi Güney Azərbaycan türkləri üçün dönüş nöqtəsi oldu. Bu, İran üçün də belədir. Rejimə görə, azərbaycançılıq və türkçülük şüuru İran üçün təhlükədir. Bu baxımdan Azərbaycanla qardaş və müttəfiq olan Türkiyəni də özləri üçün təhdid kimi qəbul edirlər. Buna görə də bir çağırışla milyonlarla küçələrə, meydanlara çıxan türklərin fəallığı İran rejimini həmişə narahat edir. Rejim türklərin “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Haray! Haray! Mən türkəm!” şüarlarından qorxur.

- 2013-cü ildə amerikalı konqresmen Dana Roxarbaxer Konqresin Nümayəndələr Palatasına Güney Azərbaycanın müstəqilliyinə dair qətnamə təqdim etdi. Uzun müddət məsələ gündəmdə qaldı. Hətta Ağ Evin rəsmi saytında səsvermə də keçirildi, lazım olan səs təmin olundu. Lakin sonradan ABŞ hökuməti məsələni unutdu. Nə baş verir, Güney məsələsi Qərb və ABŞ-ın gündəliyindən tamamilə çıxarılıb?

- ABŞ bu bölgəni yaxşı analiz edə bilir. Region Amerika üçün strateji məsələdir. Güneylə bağlı qəbul etdiyi bu kimi qərlarla da nəbzimizi yoxlayır. Hazırda da bölgənin zəif və güclü tərəflərini analiz edirlər. Bu, təkcə Güneylə bağlı deyil, bütün regionda baş verən proseslərlə əlaqədardır. Ağ Evin rəsmi saytında keçirilmiş bu imzatoplama kampaniyası da adi bir aksiya idi, rəsmi müraciət deyildi. Amma böyük ajiotaj yaratdı, uzun müddət türklərin öz gələcək müqəddəratlarını təyin etmək məsələsi gündəmdə qaldı. Proses hələ də davam edir. Məsələ bu deyil ki, hansısa güclərin bizə yaradım etməsini gözləyək, məsələ budur ki, biz sözümüzü deyə biləcək oyunçu olmağı bacarmalıyıq. Beynəlxalq münasibətləri, qanunla təyin olunmuş demokratik haqları, situasiyanı fürsətə çevirib, istifadə etməliyik.

- ABŞ-da prezident Respublikaçılar Partiyasının namizədi Donald Tramp seçildi. Demokratlardan fərqli olaraq, Respublikaçılar geosiyasi məsələlərə önəm verirlər. Hesab etmək olar ki, yenidən Güney məsələsi Ağ Evin gündəliyinə salınacaq? Trampın dövlət katibi təyin etdiyi Mitt Romni də İranın adını ABŞ-ın 3 düşməni (Rusiya, İran və Şimali Koreya) arasında çəkdi.

- ABŞ-ın bölgə ilə bağlı siyasətinin kəskin formada dəyişəcəyini düşünmürəm. Müəyyən dövrlərdə bir sıra fərqliliklər olsa da əsas xətt dəyişməz qalır. Düşünürəm ki, son zamanlarda ABŞ-ın xarici siyasəti İranın əlinə oynayır. Lakin Tramp nə qədər fərqli siyasət yürüdəcək, maraqları nə qədər İranla toqquşacaq - bu barədə əvvəldən danışmaq çətindir. İndiki halda İranın nüvə proqramını həyata keçirməyə davam edəcəyi daha inandırıcı görünür. Bu, Respublikaçıların İrana qarşı daha sərt mövqedə olmasıyla bağlıdır. İran da öz daxili problemləri ABŞ tərəfindən gündəmə gətirilən kimi nüvə proqramını ortaya atır. Xüsusilə İranın İraq, Suriya və İsraillə bağlı sərt siyasi xətti ona qarşı təzyiqləri yenidən artıra bilər. Bölgədə vəziyyətin hansı formada olmasından asılı olmayaraq, yeni proseslərə hazır olmalıyıq.

“Milli fəallar ən çirkin böhtanlara məruz qalırlar”

- İddia olunur ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) əvvəlki kimi aktiv fəaliyyətlə nəzərə çarpmır. Siz necə, GAMOH-un fəaliyyətindən razısınız?

- Mən bir milli fəal və GAMAC sözçüsü olaraq, bu suala cavab verə bilmərəm. Amma Milli Azadlıq Hərəkatının bir mənsubu kimi deyə bilərəm ki, GAMOH-u hərəkatın önəmli və dəyərli bir parçası kimi qəbul edirəm. Dəyərli dostlarıma bu çətin yolda uğurlar arzu edirəm. Hərəkatımızın hər bir parçası bizi bütövləşdirir. Güney üçün çalışan bütün qüvvələrimizə inanıram.

- Fəaliyyətinizə görə, İranda həbs olunmuşdunuz. Bizə İran həbsxanalarında milli fəallara göstərilən münasibətdən danışardız. Fəallara ağır işgəncələrin verildiyi barədə məlumatlar dolaşır.

- Ən önəmlisi budur ki, milli fəallar qondarma, ədalətsiz və absurd ittihamlarla həbs olunurlar. Məhkəmələr hökm verərkən, ədalət prinsiplərini əzirlər. Lakin Güney Azərbaycanın milli fəalları terror və zorakılığa qarşı mübarizə aparırlar. Milli fəallar toplumun ən şüurlu və seçilmiş insanları olsalar da çirkin böhtanlara, ağır həbs cəzalarına və işgəncələrə məruz qalırlar. Hökumət bu qəddar siyasətini indi də davam etdirir.

- İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi binanın üzərində “İran səfirliyi” sözü yazılıb. Halbuki bu, “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi” formasında olmalıdır. İran mediasında da “Azərbaycan hakimiyyəti” ibarəsi əvəzinə “Bakı hökuməti” deyilir. Bu, nəyin göstəricisidir?

- Yuxarıda qeyd etdiyim kimi İran rejimi Şimali Azərbaycan Respublikasının varlığını özünə təhdid hesab edir. Hətta müəyyən dövrlərdə İranda Azərbaycan Respublikasının “Şimali İran” adlandırıldığının da şahidi olmuşuq. Bu, Güney Azərbaycan türklərinə qarşı başqa bir təzyiq vasitəsidir.

“Quzey Azərbaycanda güneylilərin haqqı tanınmır”

- Maraqlıdır ki, niyə güneyli milli fəallar daha çox Türkiyə, Avropa, yaxud Amerikaya üz tuturlar, Azərbaycana yox?

- Niyə belə düşündüyünüzü bilmirəm. Ola bilsin ki, Güney Azərbaycan Milli Hərəkatını yaxşı bilmirsiniz. Əgər məsələ sırf güneylilərin Türkiyə, Avropa və ABŞ-a üz tutmaları ilə bağlıdırsa, bu, Azərbaycanda tətbiq olunan qanunlarla bağlıdır. Azərbaycanda güneylilərə vətəndaşlıq haqqı və ictimai status üçün lazım olan haqlar tanınmır. Bu da onların digər dövlətlərə üz tutmalarına səbəb olur. Əminəm ki, haqlar tanınsa, vəziyyət dəyişəcək.

“İran açıq formada bizi təhdid edir”

- Dekabrda İsrailin baş naziri Binyamin Netanyahu Azərbaycana gələcək. Eyni vaxtda İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. Sizcə, təsadüfdür?

- Bunun planlı formada olduğunu düşünmürəm. Çünki İran - Ermənistan qardaşlığında Azərbaycan - İsrail münasibətlərindən daha çox Güney Azərbaycan faktoru əsas yeri tutur. Lakin bütün hallarda İran - Ermənistan əlaqələri Azərbaycanın bölgədəki mövqelərini zəiflətməyə hesablanıb, bu həmçinin Güney və Quzey Azərbaycana qarşı elan olunmuş savaşdır. İran Ermənistanla münasibətlərini inkişaf etdirərərk, açıq formada bizi təhdid edir.

- Azərbaycan Respublikasının Güneydə baş verən proseslərə münasibətindən razısınız?

- Respublikamızın iqtisadi və siyasi inkişafını Güney üçün böyük dəstək kimi qəbul edirəm. Ən böyük istəyimiz isə budur ki, Ermənistanın işğalı altında olan torpaqlarımız azad edilsin. Ziyalılarımız və siyasətçilərimiz başa düşürlər ki, mənəvi olaraq bizim yanımızda dayanması üçün bizə gücülü Azərbaycan lazımdır. Azərbaycan güneylilərin də respublikasıdır.

- Məhsa xanım, bura qədər danışdıqlarınıza əlavə olaraq, nə demək istərdiniz?

- Biz mənəvi bütövlüyümüzü qorumalıyıq. Ayaqda sağlam qalmamız üçün başqa yolumuz yoxdur. Ümid edirəm ki, hər Azərbaycan ziyalısı Azərbaycanı bir parça yox, bütöv şəkildə görəcək. Siyasi gələcəyimizin formasından asılı olmayaraq, bizim mənəvi olaraq birlikdə olmağımıza ehtiyacımız var. İran adı altında inkar edilən Güneyin varlığını dünyaya göstərmək, hər “azərbaycanlıyam” deyən insan üçün borc olmalıdır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları