Yuxarı

Stalin Pişəvəri hökumətini necə satdı?

Stalin Pişəvəri hökumətini necə satdı?

“Qızıl Ordu İranı tərk etdi. Milli Hökumətinə verdikləri silah-sursatı da geri aldılar”

Əkrəm Rəhimli: “Sovetlər Azərbaycanı neftə dəyişdi”

21 Azər Hərəkatı və Güney Azərbaycan Milli Hökumətinin növbəti ildönümüdür.Azərbaycan Milli Hökuməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi qiymətləndirilir.Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələndi.Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Hökuməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.Azərbaycan Milli Hökuməti İranda separatçı fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdi.Şərqşünaslıq institutunun aparıcı elmi işçisi, güneyşünas alim Əkrəm Rəhimli “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

“21 Azərin milli zəmini Məşrutə hərəkatında qoyulmuşdu”

- Əkrəm müəllim, 21 Azər hərəkatının milli zəmini haqqında qısa da olsa, məlumat verməyinizi xahiş edərdik.

- 21 Azər hərəkatı təsadüfən və hansısa xarici qüvvələrin göstərişilə yaranmamışdı. Bunun özünün milli zəmini olmuşdu.Bu zəmin əsrin əvvəllərində 19 mart 1910-cu ildə Səttar xanın rəhbərliyi ilə Məşrutə hərəkatından daha sonra isə Xiyabani hərəkatında qoyulmuşdu.Bu, Azərbaycan xalqının istək və arzularından irəli gələn bir yürüş idi.Milli zəmin Azərbaycan xalqının uzun illər ürəyində bəslədiyi arzu və istəklərin təzahürü idi.

- 21 Azər hərəkatını zəruri edən nə idi? Niyə baş verdi?

- Bu hərəkat ona görə baş verdi ki, Pəhləvi rejiminin zülmü, əsarəti özbaşınalığı bu xalqı cana gətirmişdi. Hərəkat xalqın ürəyindəki arzuların reallığı idi.21 Azər yaranana qədər 7-8 sayda xalq adından çıxış edən partiyalar olmuşdu.Lakin onların heç birinin hədəfi 21 Azər hərəkatının təqib etdiyi hədəfə bərabər olmamışdı.Bu istiqamətdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında mütərəqqi və azadlıqsevər qüvvələr qərara gəldilər ki, azadlıq bayrağını dalğalandırsınlar.Səttərxan, Bağırxan, Heydər Əmoğlu və şeyx Məhəmməd Xiyabani davamçıları 1945-ci ildə sentyabrın 3-də xalqın istək və arzularını gerçəkləşdirmək üçün bir yerə toplaşıb təşkilat yaratmağa qərar verdilər.Bu yığıncaq 12 Şəhrivər müraciətnaməsinin nəşri ilə nəticələndi.Demək olar ki, 12 Şəhrivər müraciətnaməsi ümumi şəkildə Azərbaycan xalqının istək və arzularını bəyan edirdi.Azərbaycan xalqının və ölkənin demokratik qüvvələrinin əksəriyyəti bu müraciətnaməni müdafiə etdilər.Müraciətnamənin nəşri mərkəzi dövlətin məmurları və irticaçı qüvvələr tərəfindən mənfi qarşılandı, bu bəyanat həyata keçməsin deyə onlar hər cür pozuçuluq fəaliyyətinə əl atdılar.Lakin buna baxmayaraq bir ay çəkmədən, 247 nümayəndədən ibarət Azərbaycan Demokrat Firqəsinin ilk qurultayı Təbrizdə təşkil olundu.Qurultay geniş müzakirədən sonra Azərbaycan Demokrat Firqəsinin nizamnamə və proqramını təsdiq etdi.

Həmçinin qurultayda 41 nəfərdən ibarət mərkəzi komitənin üzvlərini seçdi.Seyid Cəfər Pişəvəri ADF-nin sədri seçildi. Beləliklə 1324-cü il azər ayının 21-də (12 dekabr 1945) Azərbaycan Milli Hökuməti rəsmi şəkildə öz işinə başladı. Azərbaycan Milli Hökuməti mərkəzin bütün pozuçuluq fəaliyyətlərinə baxmayaraq qısa müddət ərzində Azərbaycanda iqtisadi, ictimai və mədəni sahələrdə çoxlu islahatlar həyata keçirtdi.

“Sovetlərin yardımı həlledici yox, köməkçi rolu oynamışdı”

- Belə bir fikir vardı ki, Azərbaycan Milli Hökumətini sovet hökuməti yaratmışdı. Sovet hökuməti çəkilən kimi Pişəvəri hökumətini İran devirdi.Bu fikir nə dərəcədə doğrudur?

- Bu, tamamilə yanlış fikirdir. Sovet hakimiyyəti istəyib ki, çox yerdə belə hadisələr olsun.İstək, arzu tam başqa şeydir.Məsələ burasındadı ki, həmin istək və arzunu həyata keçirən əl olsun.Yəni kütlə onu istəsin.İnkar etmirik ki, Azərbaycan Demokrat Firqəsi partiyasının yaranmasında və 21 Azər hərəkatının sonrakı gedişinə sovetlərin yardımı olmamışdı.Sovetlərin yardımı hərəkatda həlledici yox, köməkçi rolu oynamışdı. Buna görə də bu hərəkatı sovetlərin adına tam bağlaya bilmərik. Sovetlərin bu hərəkata yardımında gizli məqamlar var idi.Yəni, onların öz məqsədləri olmuşdu.Məlumdur ki, İran Yaxın Şərqdə strateji cəhətdən mühüm yer tutan ərazidir.Birinci məqsəd, buranı ələ keçirtməkdən ibarət idi.İkincisi, burda neft amili var idi.Sovet hökuməti İranın neftini ələ keçirtmək üçün bu hərəkatı dəstəkləyirdi.Onların bu məqsədi sonralar bilindi.Əvvəl sovet hökumətinin yardımı pərdələnmiş şəkildə olurdu.Guya o, azlıqda qalan milləti dəstəkləyir, onu zülmdən qurtarmağa kömək edir.Amma sonra məlum oldu ki, bu pərdənin arxasında sovet hökumətinin öz mənafeyi durur.Lakin Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi hökumət çalışırdı ki, bu, milli yönlü bir hərəkat olsun, İran və Azərbaycan xalqlarının mənafeyinə xidmət etsin.Buna görə də hərəkatın sonrakı gedişində Pişəvəri ilə Stalin arasında müəyyən fikir ayrılığı oldu.Bu da ondan ibarət oldu ki, Pişəvəri sovet hökumətinin dediyi yolla getmək istəmədi. 1946-cı il iyunun 13-də Təbrizdə Tehranla danışıqlar başlandı. Bu danışıqlara qədər İranın o vaxt ki baş naziri Əhməd Qəvamın Moskvaya səfər etdi. O, çox hiyləgər dövlət başçısı idi. Baş nazir Moskvada məsələni konkret qoydu. O, Stalina, müraciət etdi ki, Siz nə istəyirsiz? Stalin bildirdi ki, istəyirik müştərək şirkət yaradaq və İranın şimal hissəsindəki nefti bizə verəsiz.Stalin sual vermişdi ki, bunun müqabilində siz bizdən nə istəyirsiz?Əhməd Qəvamın bildirib ki, istəyirik sizin qoşunlar İrandan çıxsın və Azərbaycandakı hərəkatı dəstəkləməyəsiz.Həqiqətən belə də oldu. Stalinin göstərişilə Qızıl Ordu 1946-cı ilin may ayında İranı tərk etdi. Daha sonra Azərbaycan Milli Hökumətinə kömək etdikləri hərbi sursatın hamısını geri aldılar.Beləliklə, AMH meydanda tək qaldı və bu hökumətin məğlubiyyətinə səbəb oldu.

Sonra AMH-nin rəhbərliyi sovet rəhbərinə müraciət etdi. O məktubda göstərilmişdi ki, sizdən iki şey istəyirik - ya bir az silah verin millət öz haqqını müdafiə etsin, ya da bizim işimizə qarışmayın. Lakin Moskva bunların heç birinə müsbət cavab vermədi.Hətta Azərbaycan Kommunist Partiyasının rəhbəri Mircəfər Bağırov bu məsələ ilə bağlı üç dəfə Moskvaya müraciət etmişdi.Heç bir müraciətinə cavab verilməyən M. Bağırov xahiş edir ki, Cənubi Azərbaycandakı durumla bağlı onu qəbul etsinlər.Hətta bu müraciətə də cavab verilmir.Beləliklə, həm Şimali, həm də Cənubi Azərbaycandakı hökumət rəhbərliyi Moskva qarşısında aciz vəziyyətdə qalır.

“İran rejimi 35 min azərbaycanlını öldürdü”

- Seyid Cəfər Pişəvəri niyə öldürüldü?

- Pişəvəriyə müraciət etdilər ki, müvəqqəti olaraq geri çəkilsin. Ona göstərmək istəyirdilər ki, Tehrandan Azərbaycana gələn qoşun sülh yaradacaq.Əslində belə olmadı. Qoşun Azərbaycan torpağına ayaq qoyan gündən burda böyük soyqırım başlandı.Rəsmi sənədlərdə 25 min insanın həlak olması öz əksini tapıb.Aparılan hesablamalar göstərir ki, əslində 30-35 min insan həlak olub.Müxtəlif yerlərdə ölüb-itənlər hesablanmırdı.Pişəvərini inandırmışdılar ki, bu, müvəqqəti geriçəkilmədir.Əslində bu, aldatma idi.Pişəvəri inad edirdi ki, onlara xəyanət ediblər.Pişəvəri həm Moskva, həm də Bakıdakı hakimiyyət üçün çiban olmuşdu.Bundan qurtulmaq üçün onu aradan götürməlidilər.İran müəllifləri qeyd edib ki, Pişəvəri Moskva üçün yol üstündə olan bir əngəl idi.

1946-cı ilin dekabr ayından mühacirət etmiş Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəldi.Azərbaycanın 34 rayon və şəhərində onların yerləşdirilməsinə şəxsən Pişəvəri özü rəhbərlik etmişdi. Elə bu işlə əlaqədar 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında Pişəvəri müəmmalı şəkildə avtomobil qəzasına düşmüş və həlak olmuşdu. Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.Onun ölümü Azərbaycan xalqı üçün böyük məğlubiyyət idi.Lakin bunlara baxmayaraq 21 Azər hərəkatı və AMH onun qoyduğu izdən islahatlar həyata keçirirdi.

- 1 illik Pişəvəri hökumətinin tarixi əhəmiyyəti nə oldu? Hansı yaddaqalan tədbirləri gördü?

- Amerikalı bir müəllif qeyd etmişdi ki, bu müddət ərzində iqtisadiyyat, mədəniyyət, elm sahəsində o qədər tədbirlər həyata keçirmişdi ki, hətta Rza şah dövründə 25 ildə bunları etmək olmazdı. Cənubi Azərbaycan aqrar ölkə idi, əhalisinin çoxunu kəndlilər təşkil edirdi.Milli Hökumət aqrar məsələni çox ədalətli, dövrün tələblərinə uyğun şəkildə həll etdi.Az torpaqlı kəndləri torpaqla təmin etdi, onlar dirçəlib həyata qayıtdı. Digər tərəfdən Rza şah Pəhləvi dövründə Azərbaycanı geridə qalmış bir ölkə kimi saxlayırdılar.Burda olan fabriklər, zavodlar xammalla təmin olunmurdu.Buna görə də yüngül sənayedən başqa ağır sənaye yox idi.AMH dövründə sənaye dirçəlmişdi.Daha sonra abadlıq işləri aparıldı çoxlu xəstəxanalar, məktəblər tikildi, küçələr asfalt örtüklə üzləndi.Təbriz şəhərinə su, elektrik enerjisi çəkildi.Bütün bunlar Milli Hökumətin yadigarıdır.Ən böyük nailiyyət əlindən alınmış Azərbaycan dilinin məktəblərə geri qaytarılması oldu.Tək məktəblərdə yox, bütün ölkədə Azərbaycan dili rəsmi dövlət dili elan olunmuşdu.Digər vacib məsələ muxtariyyət məsələsidir.Bu iki məsələni Tehran qəbul etsə, biz onların daxilində qalıb fəaliyyət göstərə bilərik.

- Azərbaycan Milli Hökumətinin nəzarətində olan ərazi Güney Azərbaycanı tam olaraq əhatə edirdimi?

- Pişəvəri hökumətinin nəzarətində olan ərazilər Güney Azərbaycanı əhatə etmirdi. Zəncan, Tehran və yaxınlığında olan ərazilər o cümlədən, Həmədan Azərbaycan torpaqlarıdır.Hansı yerlərdə ki, kompakt azərbaycanlı çox idi, onlar azad olunmuşdu.Azərbaycandan kənar torpaqların alınması gündəmdə idi.Ancaq o gündəmin icrasına imkan olmadı.

- AMH Güney Azərbaycan xalqının yaddaşında necə qaldı?

- Arazın o tayında Pişəvəri hökuməti elə yadigarlar qoyub ki, onları yaddan çıxartmaq, ört-bastır etmək mümkün deyil. Bu yaxınlarda Təbrizdə oldum.Yol təmir işləri aparılırdı.Köhnə asfaltı dağıdıb yenisilə əvəzləmək üçün işlər görülürdü.Kənarda dayanan şəxs bildirdi ki, bu asfalt rəhmətlik Pişəvərinin vaxtında tökülüb.Eləcə də Təbriz Dövlət Universitetinin bünövrəsi AMH-nin rəhbəri Pişəvərinin əlilə qoyulub.Pişəvərinin Güneydə etdiklərini saymaqla bitirmək mümkün deyil.İndiki nəsil bu yadigarları silib ata bilməz.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları