Yuxarı

“AYB-yə qarşı mübarizə sənət davası deyil”

“AYB-yə qarşı mübarizə sənət  davası deyil”

“Qaraqanın məqsədi sənət deyil, kitabını satmaqdır”\\Ömər Xəyyam: “Bu davanın kökündə ev, qonorar, pul və məişət çərçivəsində olan məsələlər dayanır”\\Yazıçı Ömər Xəyyam (Xəyyam Mazanov) “Cümhuriyət”ə müsahibə verib. Müsahibədə günümüzün ədəbi, ictimai-siyasi reallıqları və yazıçının yaradıcılığı müzakirə mövzuları olub.\\(Əvvəlini buradan oxuya bilərsiniz)\\“Qadın oxucular ərlərindən başqa bütün həqiqətlərə xəyanət edirlər”\\- Bəs oxucu hansı mövzunu istəyir?\- Oxucular daha çox bayağı mövzulara qaçırlar. Məsələn, ən çox satılan Qaraqandır. O dostumuzdur, intellektual gəncdir, amma inanıram ki, Qaraqanın məqsədi sənət deyil, kitabını satmaqdır. Qaraqanın istedadı var, amma pul qazanmaq yoluyla buna xəyanət edir. Bununla da oxucunun zövqünü korlayırıq. O qədər pis əsərlər yazılır ki, yaxşıları da bunların içində itir. Yazıçını oxucu yönəltməli deyil. Əgər yazıçı oxucunun istəyilə hesablaşırsa, bu artıq yazıçılıq deyil. Biz hər gün oxucularla avtobuslarda, qatarlarda rastlaşırıq. Onlar yerə tüpürürlər, onlar üçün namus-qeyrət iki ayağın arasındadır, onlara etibar etmək olmaz. Məsələn, qadın oxucular ərlərindən başqa bütün həqiqətlərə xəyanət edirlər. Onlar məndən ən bayağı, ən bəsit mövzularda yazılar istəyə bilərlər. Oxusalar da, oxumasalar da heç vaxt istədikləri mövzularda yazmayacam. Onsuz da pulumuzu ədəbiyyatdan qazanmırıq.\\- Amma yazıçı da oxucunu öz ciddiyyətinə, ciddi mövzulara çəkmək işində sanki zəifdir. Əksəriyyəti də oxucunun istəyilə hesablaşır.\- Bu, yazıçılıq deyil. Minlərlə belə nümunə var. Məsələn, mənə görə, Üzeyir Hacıbəyli azərbaycanlı deyil, təfəkkür olaraq onu biz yetişdirməmişik. Cəlil Məmmədquluzadənin də bizim içimizdən çıxdığına inanmıram. Amma Çingiz Abdullayev azərbaycanlıdır. Bir “məmməd”ə mədhiyyə yazan məddah şairlərimiz var, onlar azərbaycanlıdırlar. Ciddi təfəkkürü olan sənətkarların heç biri azərbaycanlı deyil. Sənət sənət üçündür.\\Yəni, mən kütlənin səviyyəsinə enmirəm, kütləni öz səviyyəmə qaldırıram. Bu kütlə plastilin kimidir. Onu əymək, yönəltmək rahatdır. Amma bu kütlənin içində bir az işıqlı adamlar var. Onları öz tərəfimə çəkməyə çalışıram. Əgər 100 nəfəri bir tərəfə çəkmişəmsə, bu yenə kütlədir və fərd olaraq onların heç bir fikri yoxdur. Çünki niyə bura gəldiklərinə dair özlərinə sual vermirlər. Onlar eyni anda məndən də, Tolstoydan da, Cəlil Cavanşirdən də zövq alırlar. Azərbaycan oxucusu etibarlı deyil. Məsələn, Seymur Baycanın yazısının altına Günel Mövludun imzasını qoysaq, bunu hamı rahatlıqla həzm edəcək. Yəni, onlar Seymurun xəttini bilmirlər. Min yazının içindən bunu seçə bilməzlər. Ümumiyyətlə, oxucu mənə maraqlı deyil.\\- Oxucu sizə maraqlı deyilsə, oxucunun psixologiyasını bilirsizsə, oxuculara etibar etmirsizsə, bəs niyə yazırsınız?\- Çünki mənim ağrılarım var. Bu mənim özümü ifadə formamdır. Mənim musiqi təhsilim var, musiqiçi də ola bilərdim. Heç vaxt öz ağrılarımı musiqi ilə ifadə edə bilmərəm. Mənə maraqlı deyil ki, bunu kimsə oxuyacaq, bunlara kədərlənəcək, ya da əl çalacaq. Mənim oxucuları öz tərəfimə çəkmək, kitab satmaq kimi məqsədim yoxdur. Azərbaycan reallığında ümumiyyətlə, kitab satıb, bundan qazandığın gəlirlə yaşamaq absurddur. 3 manata kitab satırsan, gəlib sənə deyirlər ki, “bu nədir yazmısan, bayağıdır?!”. Nə gözləyirsən, mən sənə 3 manata dünya həqiqətlərini satacam?\\“Kamal Abdulla bizə diktə etmir”\\- Oxuculara “plastilin” dediniz. Amma yeni yaranmış ədəbi mühitdə müəyyən xətlər ki var, məsələn, AYB xətti Anarı, Kamal Abdulla xətti Kamal Abdullanı, AYO xətti və digər qruplaşmalar da özlərini tənqid etmirlər. Elə bunun özü də plastilinlik deyil?\- Qruplaşma və sonunda izm olan hər şey bayağıdır. Mənim üçün nə AYB, nə AYO, nə digər xətlər var, görə bilmirəm. Bu günün AYO-çusu sabah rahatlıqla AYB-çi, AYB-çi də sabah AYO-çu ola bilir. Bu da plastilinlikdir. Qaldı ki, Kamal Abdullaya, mən Sim-sim.az saytının redaktoruyam, Kamal Abdulla da bu saytın təsisçisidir.\\Bizdə heç bir qruplaşma yoxdur. Biz öz saytımızda AYB və AYO üzvlərinin də, tamam başqa qruplaşmalarda olan adamların da yazılarını dərc edirik. Amma biz o adamların yaxşı mallarını bazara çıxarırıq. Bizə mətn lazımdır, mövqe yox. Həmişə oradan-buradan Kamal Abdullanın qruplaşma yaratması haqda xəbərlər eşitmişəm. Bu günədək mənim Kamal Abdulla haqqında bir yazım olmayıb. Heç vaxt da Kamal Abdulla bizə diktə etməyib.\\- Tənqid etməməyin özü mədhiyyənin bir növü deyil?\- Kamal Abdullanın “Sehrbazlar dərəsi”, “Yarımçıq əlyazma”, həmçinin digərləri intellektual hekayələrdir. Bunlar kütləvi hekayələr deyil, çünki burada sentimental emosiya yoxdur. Bizdə də intellektual kütlə az olduğu üçün bunlar həzm olunmur. Nə vaxtsa Kamal Abdulla hekayə yazar və mənim xoşuma gəlməyə bilər, amma hələlik belə bir hal yoxdur. Kamal Abdulla müasir Azərbaycan dilinin yaradıcılarından biridir. Mən belə bir adamı necə tənqid edə bilərəm? Lap Anar olsun. Anarı necə tənqid eləyim? Dalaşım ki, niyə mənə ev vermirsən?\\- Dil məsələsinə toxundunuz. Məsələn, Sovet dönəmində Səməd Vurğun, sonrakı dönəmlərdə də Anar müasir Azərbaycan dilinin yaranmasında xidmətləri olub. Amma bu adamlar həmişə tənqid olunanda bu işləri yada salınmır, necə ki, siz Kamal Abdulladan danışanda bunu vurğuladınız.\- Səməd Vurğun çox ciddi şair olub. Onun çox gözəl şeirləri var. O şeirlərin altına rahatlıqla imzamı atardım. İlk növbədə yazıçıları müzakirə edərkən, onların yaşadıqları dövrlərə baxmaq lazımdır. İndi həqiqətlərə görə həbsdə nə qədər adam var.\Onda hamımız şərəfsizik, yaltağıq? O adamın yaşadığı dövrə, xarakterinə baxmaq lazımdır. Anara gəlincə, çox ciddi yazıçıdır. Onun ədəbiyyat adına gördüyü ciddi işlər var. Söhbət Anarın AYB içindəki siyasətindən getmir, heç bundan xəbərim yoxdur. Bu mənə maraqlı deyil, mənim üçün sənət önəmlidir. Anar, Kamal Abdulla işində peşəkardır. Deməli, ən yaxşı vətəndaş da onlardır.\\““Anar mənə ev vermir” deyənlər AYB-yə hücuma keçir”\\- Anar məsələsinə həm də ona görə toxundum ki, sizin bir çox müasiriniz hesab edir ki, Anarın sədrliyindəki Yazıçılar Birliyi ədəbiyyatın inkişafına mane olur.\- İndi azadlıq uğrunda mübarizə aparan adamların nəzərindəki “azadlıq” yaxşı maaş və doymuş mədədir. Adamların AYB-yə qarşı olan mübarizəsi sənət müstəvisində deyil. AYB-ni müdafiə etmirəm. Bir nəfər göstərin ki, yaxşı yazıçıdır, amma Anara qarşı mübarizə aparır, mənə nümunələr göstərin ki, bu sənət davasıdır.\\Bu mübarizəni ədəbiyyat müstəvisinə çıxarsaq, onlar darmadağın olacaqlar. Mən AYB-nin üzvü deyiləm. AYB mənə necə mane ola bilər? Yenə də deyirəm ki, bu davanın kökündə ev, qonorar, pul və məişət çərçivəsində olan məsələlər dayanır. “Anar mənə ev vermir” deyənlər AYB-yə hücuma keçirlər. Nə yaxşı ki, mən orada olmamışam. Nə yaxşı ki, Rasim Qaraca, Aqşin Yenisey, Həmid Herisçi, Murad Köhnəqala və digərilərinin AYB ilə apardıqları davaları görməmişəm. O vaxt balaca idim. İnanıram ki, indi özləri də peşimandırlar, çünki ciddi adamlardır.\\- Nəhayət roman yazacaqsız?\- Hələ romana nəfəsim çatmır. 10 il ərzində roman yazmağı düşünmürəm. İndiki ictimai-siyasi proseslər imkan vermir ki, roman yazım. Amma yeni hekayələr və povest yazmışam. Yəqin ki, mart, yaxud aprel ayında hekayələr toplusu, ardınca da povest kitab halında çıxacaq. Növbəti kitab çıxdıqdan sonra ilk kitabımdan imtina edəcəm.\\Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları