Yuxarı

Azərbaycanda yeni toy modeli təklif olundu

Azərbaycanda yeni toy  modeli təklif olundu

 “Yaxşı olmazmı ki, gənclərin izdivac məclisi ən yaxın, ən doğma və ən munis adamların şahidliyi ilə baş tutsun”“Şadlıq sarayının divarlarının qızıl suyuna çəkilməsi nəyin göstəricisidir ki?”Süleyman Qaradağlı: “Dəbdəbəli toy etməklə xoşbəxtliyi satın almaq olmaz”Azərbaycanda dəbdəbəli toylar hər zaman dəbdədir. Hətta manatın devalvasiyası, günü-gündən ağırlaşan iqtisadi böhran da azərbaycanlıların çal-çağırlı, ehtişamlı toy etmək həvəsini söndürməyib. Son vaxtlar mediada, sosial şəbəkələrdə müasir toylarda müşahidə olunan israfçılıq, şadlıq saraylarının soyğunçuluğu barədə müzakirələr gedir. Yeni toy modelləri təklif olunur.Doğrudan da hər bir ailənin həyatında mühüm yer tutan toy adətlərimiz nə dərəcədə müasirdir? Dəbə aludə olmaqla çox ifrata varmırıq ki? Şadlıq evlərini, toy biznesi milyonçularının soyğunçuluğundan necə can qurtarmaq olar? Həmsöhbətimiz tanınmış jurnalist, uzun illərin məclis aparıcısı Süleyman Qaradağlıdır.“Axı biz nə vaxt başa düşəcəyik?..”-Süleyman müəllim, toy məclislərində israfçılıq və dəbdəbənin qarşısını necə almaq olar?- Yenilik heç vaxt cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzən zamanında onu qəbul etdirmək mümkün olmayıb. İstər-istəməz mərhum xalq şairi Məmməd Arazın misraları yada düşür: “Axır səni düzdə qoydu bu düzlük...” Məni narahat edən nədir? Görə-görə ki, müasir və dəbdəbəli toylar əhalinin imkansız və sosial vəziyyəti ağır olan təbəqəsinin durumuna uyğun deyil, biz yenə də israrla öz yolumuza davam edirik. Əlbəttə, bunun birinci günahı toy sahiblərindədir, toyu edən də, sifarişçi də odur. Şadlıq sarayları isə icraçı rolunda çıxış edir. Axı biz nə vaxt başa düşəcəyik ki, yeni qurulan ailənin xoşbəxtliyi toyun hansı dəbdəbə ilə keçirilməsindən qətiyyən asılı deyil. Danmaq nə lazım? Şadlıq evlərinin rəhbərləri, orada çalışan xidmət personalı, musiqiçilər də belə toy keçirilməsinin heç də hamının cibinə uyğun olmadığını etiraf edirlər.Artıq neçə illərdir ki, toylar indiki ssenari ilə davam edir. Xırda istisnaları nəzərə almasaq, nə onun gedişində, nə onun menyusundə ciddi dəyişiklər yoxdur. Hərçənd ki, son illər onun ssenarisinə yenilik gətirmək meyilləri də var. Məsələn, bəy-gəlinin məxsusi olaraq toy günü üçün hazırlanan rəqsi, rəqs qrupunun dəvəti, bəy-gəlinin həyatının bəzi məqamlarını əks etdirən klip və slayd-şou nümayişi, xınayaxdı mərasimi, toydan sonra atəşfəşanlıq... Lakin bunların heç biri umumi mənzərəni dəyişə bilmir.“Dünyanın ən bahalı maşınlarını dünyanın ən ucuz adamları sürür”-Söhbət hansı mənzərədən gedir?- Yenə deyirəm, söhbət ondan getməməlidir ki, filan şadlıq sarayında bir stolun qiyməti filan qədərdir. Məgər qiymətin bahalığı öyünüləsi faktdırmı? Menyunun bahalığı nəyi həll edir ki? Yaxud şadlıq sarayının divarlarının qızıl suyuna çəkilməsi nəyin göstəricisidir ki? Pis çıxmasın, yerinə düşməsə də deyəcəyəm: dünyanın ən bahalı maşınlarını dünyanın ən ucuz adamları sürür. Hər birimiz bər-bəzəkli və zınqırovlu saraylarda qurulan varlı-hallı ailələrin izdivacı o qədər də uzun olmayan nakam taleli övladlar tanıyırıq. Yaxud elələri də var ki, ən kasıb və dəbdəbədən uzaq şəkildə toy ediblər, amma indi onların çox nümunəvi vəı xoşbəxt ailələri var.Bəzən bizim faciələrimiz bu bəhsabəhsdən, camaatla ayaqlaşmaqdan başlamırmı? Ustad xanəndə Hacıbaba Hüseynov onun yanında içki içməkdən çəkinən cavanlara deyirmiş ki, narahat olmayın, onsuz da hər kəs öz qəbrində yatacaq. İndi mərhum xanəndənin sözü olmasın, onsuz də hər kəs öz taleyini, öz həyatını yaşayır. Bir gün dəbdəbəli toy etməklə xoşbəxtliyi satın almırsan ki? Təəssüf ki, bəzi valideynlər vur-tut üç-dörd saat davam edən övlad toyunun hansı dəbdəbədə olmasını özləri üçün fəxarət sayır, onunla qürur duyurlar. Bəy-gəlinin şəkil albomuna, yaxud toyun gedişini əks etdirən video kasetin bir neçə yüz manata alınmasının mənası nədir?Məni narahat edən əsas məsələ həmin psixologiyadan, yalançı parıltı və gurultudan xilas olub ayağımızı yorğanımıza görə uzatmaqdan ibarətdir.-Necə yəni “yorğana görə uzatmaq”?- Sadə desək, əgər valideynin imkanı yoxdursa, heç kimin təsiri altına düşüb öz həyatını və övladlarının gələcəyini risk altında qoymamalıdır. Çox sevdiyim gözəl insan və istedadlı yazıçı dostum Aslan Qəhrəmanlının yaxşı bir sözü vardı: “Nəyin varsa, onunla yaşa!” Özünü kasıb göstərməmək üçün hansı valideynə bahalı şadlıq sarayında toy etməyi həkim dərman deyib? Hiyə həmin valideyn ayağını yorğanına görə uzatmamalıdır, yaxud onun övladları nəyin naminə öz ciblərinə uyğun olmayan məkanlara üz tutmalıdırlar? Üstəlik, əgər biz bu “birgünlük dəbdəbə”nin altını bir neçə il, bəzən də bütün ömrü boyu çəkəcəyiksə, niyə bu addımı atmalıyıq?- Uzun illər bu sahədə təcrübəsi olan bir mütəxəssis kimi siz “yeni toy modeli” dedikdə nəyi nəzərdə tutursunuz?- Əslində mənim təklifimdə elə də böyük yenilik yoxdur. Bu cür toylar olub, təkdənbir də olsa, indi də edənlər tapılır. Mən hələ nə onun ssenarisindən, nə musiqisindən danışmıram.Mən ilk növbədə məsrəflərin azaldılmağını təklif edən model barədə danışıram. Qısaca desək, söhbət ilk növbədə süfrədəki nemətlərə ən minimum vəsait xərcləməkdən, məclisə ən az sayda qonaqlar dəvət etməkdən gedir. Mən yalnız bir, uzağı iki xörəklə də ötüşməyin mümkünlüyünü söyləyəndə birinci növbədə toy sahibinin imkanlarını nəzərdə tuturam. Hələ mən toyu demirəm, biz kiməsə qonaq gedəndə, hanısısa süfrə arxasında əyləşəndə guya bir, ya iki xörəklə doymuruq? Onsuz da orada neçə adda xörək verilsə də, hər kəsin özünün sevdiyi menyu var. Nə etsən, nə qədər çalışsan da, hamının zövqüncə və ağız dadına uyğun süfrə açmaq mümkün deyil. Belə olan surətdə dağa-daşa düşməyin, təzə quzu əti, çay balığı, keyfiyyətli qara kürü, xarici içki axtarmağın nə mənası var? Çox zəngin süfrə olanda bəzən qonaqlar da çaşqın vəziyyətə düşür: nədən başlayıb nədə qurtarmalısan? İndi axşam saatlarında gen-bol yeyib yatmağın həzm və yuxu problemi yaratdığı, mədə-bağırsaq xəstəliklərinə səbəb olduğu heç kəsə sirr deyil. Ya da gərək ötən əsrdə Azərbaycanda olan məşhur yazıçı Aleksandr Düma kimi edəsən. O, Şamaxıda Mahmud ağanın qonağı olarkən yüzlərlə nemətin hər birinə barmağını batırmaqla ona öz ehtiramını bildirib...Toy süfrəsində məqsəd zənginlik nümayiş etdirmək yox, qonaqların ac qalmaması üçün iimkana uyğun yemək vermək olmalıdır. Əgər bir-iki xörəklə qarın doyurmaq mümkünsə, onda niyə dağa-daşa düşürük? Bir neçə yüz adam üç-dörd saat yeyib-içib kef etsinlər, sabah da bunun altını çək... Zənginliyə sərf olunan vəsaitin yeni qurulan ailənin gələcək ehtiyacları, ilkin büdcəsi, lap deyək ki, onların toy səyahəti üçün xərclənməsi pis olarmı?-“Yeni model”in başqa üstünlükləri nədədir?-Menyu ilə bağlı hissəsini az-çox izah etdim. Digər bir məsələ toya çağırılan qonaqlarla əlaqədardır. Kim nə deyirsə-desin, qonaqların say çoxluğu toyda narahatlıq yaradan məsələdir. Say çox olduğca məclis sahibinin onlara lazımi diqqət ayırmağı çətinləşir. Həm də uzun illər ərzində bizdə formalaşan ənənə elədir ki, məclisə çox qonaq dəvət edəndə o qədər də adama borclu qalırsan- sözün həm maddi, həm də mənəvi mənasında.Daha yaxşı olmazmı ki, gənclərin izdivac məclisi ən yaxın, ən doğma və ən munis adamların şahidliyi ilə baş tutsun. Şübhəsiz ki, bu halda söhbət ilk növbədə valideynlərin toya dəvət etdiyi əmi, dayı, xala, bibi və yaxın qohumların iştirakından gedir. Təəssüf ki, əksər məclislərdə bunun tamamilə əksi baş verir. İndiki dövrdə camaatın əksəriyyəti çoxmərtəbəli ictimai binalarda, kommunal evlərdə yaşayır. Belə olan halda binanın bütün sakinlərini ucdantutma toya dəvət etmək nə dərəcədə düzgündür? Yaxud olsun iş yoldaşları. Bütün müəssisəni, şirkət kollektivini toya dəvət etmək nə dərəcədə ağlabatandır? Ona görə də çalışmaq lazımdır ki, məclis yeni qurulan ailənin, gənclərin həyatında bu və ya digər şəkildə rolu olan ən minimum sayda qonaqların iştirakı ilə baş tutsun.-Süleyman müəllim, sizcə, toyların belə bir modellə keçirilməsinə nə mane olur?- Əlbəttə, çox səbəb saymaq olar. Birinci növbədə gənclərin özünün və onların hər nazı ilə oynayan, bir az da kobud desək, övladlarının əsirinə çevrilən valideynlərin iddiası. Heç kəs dəstədən geri qalmaq istəmir, sabah “camaat bizə nə deyər?” prinsipi ilə hərəkət edir. Bəzi toy sahibləri vəziyyəti başa düşüb qiymətləndirsə də, onda belə bir güman var ki, guya o çox da böyük iqtisadi ziyana düşməyəcək. Həm də uzun illər formalaşan ənənəni qırmaq, təzə yolla getmək heç də hamı tərəfindən düzgün başa düşülmür axı... Lap bu cür toy etmək ürəyincə olanlar belə həmişə başqasının qabağa düşməsini istəyir. Ola bilsin ki, bu modelin tətbiq edilməsi “qaz vurub qazan dolduran” şadlıq saraylarınin rəhbərlərinə də iqtisadi cəhətdən o qədər də sərfəli deyil. Bəs onda nə edək? Başqa yol varmı? Yoxsa yenə də səkkiz-doqquz adda isti xörəyin, otuz-qırx adda qəlyanaltının, rəngbərəng içkilərin bəzədiyi süfrə arxasında, ağız deyənin qulaq eşitmədiyi qarmaqarışıq toy məclisləri qurmaqda davam edək?Qoy məni düzgün başa düşsünlər, mən qətiyyən illərlə əzizinin toy gününü gözləyən ata-ananın, baba-nənənin, qardaş-bacının arzusuna qarşı deyiləm. Toy elə bir müqəddəs arzu, əlamətdar gündür ki, hamı onu ürəyincə keçirmək istəyir. Amma niyə bəzən biz elə fikirləşirik ki, bu yalnız bahalı və dəbdədəli şadlıq sarayı, zəngin süfrə, biri-birini əvəz edən müğənnilər, şou-proqram hesabına olmalıdır?Əslində bunlar heç bir əhəmiyyət kəsb etməyən məsələlərdir. Toyun yaddaqalan olması daha çox ora gələn qonaqlardan, onların məclisdə nə dərəcədə ürəklə iştirakından daha çox asılıdır. Məclisin zənginliyini və qiymətini ora gələn qonaqlar və bəy-gəlinin xoşbəxtliyi müəyyən edir. Ona görə də bəlkə dayanıb bu barədə düşünək, daha sərfəli və daha münasib yol axtaraq?.. Bütün hallarda seçim toy sahiblərinin, valideynlərin və yeni həyatın astanasında dayanan bəy və gəlinindir.Nigar Məhərrəm





Həftənin ən çox oxunanları