Yuxarı

“Müxalifət eqosuna yenik düşüb”

“Müxalifət  eqosuna  yenik düşüb”

  Vüsal Qarayev: “Birləşsək, hakimiyyəti laxlada bilərik” Milli Şuranın uğursuz 8 aprel mitinqi ilə bağlı müzakirələr səngimir. Siyasi ekspertlər uğursuzluğun əsas səbəbini qurumun və “Yurd”un müxalifətin parçalanmasına əsas yaratmış intriqaçı siyasətində görürlər. Hesab olunur ki, özəlliklə “Yurd” sədri Əli Kərimlinin bölücü siyasəti ciddi fəsadlar verib. Artıq cəmiyyət mənasız mövqe və nüfuz savaşı aparan müxalifətə inanmır. Mövzu ilə bağlı  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev lə söhbətləşdik. “Xalq narazıdır və meydan axtarır” -Vüsal bəy, bu gün mitinqlərin keçirilməsinə ehtiyac və sosial sifariş varmı? -Bu gün Azərbaycanda mitinqlər, etiraz aksiyaları qaçılmazdır, zəruridir, ən təsirli mübarizə üsuludur. Və biz haqsızlığa, ədalətsizliyə qarşı çıxan bütün addımları alqışlayır, dəstəkləyirik. Xalq bu gün narazıdır və səsini eşitdirmək üçün fürsət, meydan axtarır. Amma vətəndaş mitinqə çıxmır. -Mitinqlərə az adamın gəlməsində xalq günahkardır, yoxsa mitinqləri təşkil edənlər? -Hə, biz müxalifət olaraq oturub rahat yerimizdə xalqı günahlandıra bilərik ki, bəs mağmınsınız, əziksiniz, mitinqə çıxmırsınız, haqqınızı tələb etmirsiniz. Fəqət, cənablar, bu işlər o qədər bəsit deyil. Axı bu xalq dünyanın ən böyük imperiyasına qarşı çıxıb zamanında. 100 minlərlə insan selinin axın etdiyi meydanlara bu gün 1000-1500-dən çox adam çıxmırsa, problem mitinqə gəlməyəndə yox, onu mitinqə gətirə bilməyəndədir. Burda problem xalqın mənafeyini şəxsi ambisiyalarına, eqolarına qurban verərək, vətəndaşın ümidini qıran, inamını, etibarını itirən ənənəvi müxalifətdədir. “İntriqalar bir kənara qoyulmalıdır” -Bu gün ənənəvi müxalifətdə daxili intriqalar yaşanır. Mitinqlərin bu cür səmərəsiz keçməsinin səbəbi bu ola bilərmi? -Əslində müxalifət partiyaları arasında rəqabətin, hətta intriqaların belə olması normaldır. Lakin bu daxili çəkişmələr xalqı əsla və qətiyyən maraqlandırmır və bu müxalifətdaxili problemlər ümumi məqsədə doğru irəliləməyə mane olmamalıdır, mitinq kimi xalqın taleyini həll edəcək məsələlərin təşkilində bir kənara qoyulmalıdır. Nə yazıq ki, bu gün müxalifət eqolarına, qısqanclıqlarına yenik düşür. Alınmadığını, alınmayacağını əvvəldən bilə-bilə təkbaşına ümumxalq mitinqləri təşkil etməyi başqa cür dəyərləndirə bilmərəm. Milli Şuranın son mitinqi bunun bariz nümunəsidir. -Müxalifət birləşə bilərmi? -Bu gün Azərbaycan müxalifətinin birləşməkdən başqa yolu yoxdur. Biz yüz minləri meydanlara çıxartmaq, milyonlarla narazı vətəndaşın etiraz səsini yüksəltmək istəyiriksə, birlikdə hərəkət etməliyik. Mənəm-mənəmlik bu ölkəni, bi xalqı məhvə sürükləyir. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq hər kəsi birlikdə hərəkət etməyə, bir masa arxasında oturub məsləhətləşməyə, planlı şəkildə, birlikdə hərəkət etməyə, izdihamlı mitinqlər təşkil etməyə çağırırıq. Qısa müddət öncə partiyalara göndərdiyimiz məktubda da bu məsələni vurğulamışıq. -AXCP-nin təklifinə müsbət cavab verib, müxalifət birləşərsə, nəyə nail olmaq olar? -Biz yalnız bu zaman hakimiyyəti laxlada bilərik, ən azından hökuməti xalqın mənafeyinə xidmət edən addımlar atmağa məcbur edə bilərik. Əks halda siyasi partiyalarımızın gücü “sən öl”, “mən öllə” toplanmış 1000-1500 nəfərlik piketlərdən o tərəfə keçməyəcək. Vilayət Muxtar





Həftənin ən çox oxunanları