Yuxarı

Milli mübarizədə keçən ömür

Milli mübarizədə keçən ömür

Rafiq Daşdəmirli: "Azərbaycanın demokratikləşməsi, bütövlüyü uğrunda mübarizəmiz davam edəcək”

Tanınmış hərəkatçı, Azərbaycan Xalq Hərəkatının öncül simalarından biri, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin sədri Rafiq Daşdəmirlinin doğum günüdür. Fədakar cəbhəçinin 57 yaşı tamam olur. Rafiq bəyin  Xalq Cəbhəsi Partiyasının təşkilatlanmasında, güclənməsində böyük zəhməti olub. Rafiq bəy  Xalq Hərəkatı dövründən bu günə qədər bir çox haqsızlıqlarla üzləşib, dəfələrlə həbsdə olub. Ailəsi ilə birlikdə zaman-zaman repressiyaların qurbanına çevrilib. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Rafiq Daşdəmirli yenə də AXCP-də öz siyasi fəaliyyətini davam etdirir. Bu gün siyasi fəaliyyətə yeni başlayan gənclər Rafiq Daşdəmirlinin zəngin təcrübəsindən yararlanmağa çalışırlar. Cebhe.info-nun suallarını Rafiq Daşdəmirli cavablandırır.

-Rafiq bəy, ömrünüzün 30 ili siyasi fəalliyyətdə keçib. Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmusunuz. Geri dönüb baxdığınızda itirilən illərə görə peşman deyilsiniz ki?

-Azərbaycanın müstəqilliyi hərəkatında, demokratikləşmə prosesində iştirak etmişəm, bu yolda təzyiqlər görmüşəm, ailəm, doğmalarım əzab-əziyyətlər çəkib. Amma müstəqillik uğrunda hərəkatda, demokratikləşmə prosesində iştirakıma görə peşman deyiləm. Çünki tutduğum bu yol Rəsulzadə-Elçibəy yoludur, haqq yoludur, ölkəmizin, xalqımızın rifahı, azadlığı yoludur.

-Hərəkata qoşulanda arzularınız nə idi? Azərbaycan müstəqil oldu, güclü  ordumuz, müstəqil dövlətimiz var. Amma ərazi bütövlüyümüz hələ də tam bərpa olunmayıb...

-Əlbəttə ki, arzum ölkəmin, dövlətimin, xalqımın azadlığı, millətimizin bütövlüyü idi. Bütün bunlara müəyyən qədər nail olsaq da hələ qarşıda görüləsi çox işlərimiz var. Fikrim odur ki, bir qarış belə torpaq düşmənə güzəşt edilə bilməz. Bunun üçün son nəfəsimizə kimi mübarizə aparacağıq.

-Kifayət qədər siyasi təcrübəyə maliksiniz. Müasir siyasi durumu necə dəyərləndirirsiniz?

-Digər sahələrdə olduğu kimi ölkədə siyasi durum da ağırdır. AXCP olaraq bizə həm hökumət, həm də ənənəvi müxalifət tərəfindən ciddi təzyiqlər var. Lakin bütün bunlara baxmayaraq, heç nə bizi tutduğumuz yoldan döndərə bilməyəcək. Ölkənin demokratikləşməsi yolunda mübarizəmiz davam edəcək.

-AXCP olaraq kifayət qədər uğurlara imza atdınız. Qarşıdan gələn illər üçün planlarınız nədir?

-Təbii ki, planlarımızı həyata keçirə bilmək üçün öncə hakimiyyətə gəlməlyik, yaxud da hakimiyyətdə təmsil olunmalıyıq. Bunun üçün də güclü təşkilatlanmaya davam edəcəyik. Sıralarımız günü-gündən genişlənir. Lakin bununla kifayətlənmək fikrində deyilik. Vahid gücə çevrilmək üçün xüsusiylə gəncləri ətrafımızda toplamalıyıq. Bu istiqamətdə artıq gözə görünən uğurlar əldə etmişik. Gənclərlə yanaşı ümumiyyətlə, xalqın bütün təbəqələri ilə sıx əlaqədəyik. Müxtəlif regionlarda sadə vətəndaşlarla tez-tez görüşlər keçiririk. Partiyanın rayon şöbələrinin güclü təşkilatlanması istiqamətində gərgin iş aparırıq.

-Azərbaycanı necə görmək istəyirsiniz?

-İlk növbədə ərazi bütövlüyü təmin olunmuş bir Azərbaycan istəyirik. İqtisadi, siyasi güclü, kimsədən aslı olmayan azad, demokratik bir ölkə istəyirik. Vətəndaşımız rifah içərisində yaşamalıdır, buna bizim haqqımız var, ölkənin iqtisadi gücü buna yetir. Sadəcə, xalqa haqqı olanı vermək lazımdır. Bizim mübarizəmizin də məqsədi budur.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları