Yuxarı

"Azərbaycana inqilab lazım deyil”

"Bu qruplar Azərbaycanı 4 il inkişafdan saxladılar”
 
Əli Əlyev: "Trampın dünyanı Rusiya və İrana qarşı qoyması, Azərbaycanın müqəddəratına həlledici təsir göstərəcək”

 
Vətəndaş və İnkişaf Partiyası (VİP) 28 may Respublika günündə növbəti qurultayını keçirəcək. Partiya sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə müsahibəsində ölkədə baş verən ictimai-siyasi proseslərdən, VİP-in qurultaya hazırlığından danışıb.

-Əli bəy, qurultayı niyə məhz 28 may Respublika Gününə təyin etmisiniz?
-28 May həm bizim, həm də respublika üçün önəmli tarixdir. Çünki müstəqil Azərbaycan ərazisində dövlətçiliyin qurulması məhz bu günlə bağlıdır. Bu tarix müstəmləkə dönəminin sonunu ehtiva edir. Mövcud Azərbaycan Respublikası 1920-ci il Azərbaycan Cümhuriyyətinin xələfidir. Hesab edirəm ki, Məhəmməd Əmin Rəsulzadənin və komandasının adı ilə bağlı olan istənilən siyasi məsələ Azərbaycan xalqı üçün müqəddəsdir. Bizim partiyanın təsis günü də 2006-cı il mayın 28-də olub. Bu dəfə də qurultay gününü seçən zaman Rəsulzadənin və komandasının xatirəsini əziz tutaraq məhz bu günə salmışıq. Bu partiyanın 4-cü qurultayıdır. Nizamnamə tələbinə görə, partiya 4 ildən bir qurultay keçirməlidir. Qurultayda partiyanın bütün seçkili qurumları hesabat verməli və yenidən təşkil olunmalıdır. Bu həm sədr institutuna, həm Ali Məclisə, həm də onun fəaliyyətinə nəzarət edən təftiş qrupuna aiddir. Hər 3 qurum yenidən seçiləcək. Qurultayda təşkilatı məsələlər, hesabatlar və mövcud ictimai-siyasi vəziyyətin müzakirəsi də aparılacaq və işçi qaydada digər məsələlər həll olunacaq.

-Qurultayın keçirilməsi ilə bağlı sizə hansısa təzyiqlər oldumu?
-Ümumiyyətlə, son illər partiyaların qurultaylarla bağlı təzyiqlə üzləşdiyini görməmişəm. Özüm də müəyyən qurultayların iştirakçısı olmuşam, bəzilərini kənardan izləmişəm. Maneələr ümumi səviyyədə olur. Bu da tədbirlərin keçirilməsinə deyil, siyasi fəaliyyətə bağlı olan təzyiq şəklində xarakterizə olunur. Ölkənin ictimai-siyasi həyatında rol almış partiyaların qurultay keçirməsi üçün Suraxanı rayonu ərazisində yerləşən məkanlara göndərilməsi psixoloji təzyiqdir. Biz isə bir qədər fərqli məkan seçmək qərarına gəldik və hakimiyyətin bizi göndərmək istədiyi Suraxanı rayonunda deyil, şəhərin mərkəzində keçirməyi planlaşdırdıq. Müraciət etdiyimiz mehmanxanaların heç birində siyasi amilin problem təşkil etmədiyinin şahidi olduq. Amma qiymətlər bir qədər yüksəkdir. Bu baxımdan imkanımıza, qurultay standartlarına uyğun bir zalı Beynəlxalq Mətbuat Mərkəzində kirayələdik. Oranın həm tərtibatı, həm şəhərin mərkəzində olması bizi tam şəkildə qane edir.

-Əli bəy, partiya sədrliyinə alternativ namizədlər varmı, yoxsa tək siz olacaqsınız?
-Partiyanın nizamnaməsinə görə, qurultayın gedişatında belə sədrliyə namizəd olmaq mümkündür. Bunu məhdudlaşdıracaq maddələr nizamnamədə mövcud deyil. Mən də qurultayın gedişatında belə bir halın yaşanmasını müsbət qiymətləndirmişəm. Ümid edirəm ki, partiyanın daxilində onu idarə etmək gücündə olan siyasətçilər yetişir. Bu, yalnız kadr potensialının gücündən xəbər verən amildir. Partiyanın fərdə deyil, sistemə söykənməsinin tərəfdarıyam. Hesab edirəm ki, sədrliyə nazmizəd partiyanın sistemini yürütmək bacarığını göstərməlidir. Həmin şəxsin həm ideoloji, həm partiyanın maliyyəsini, həm sistemini idarə etmək bacarığı olmalıdır. Bu halda partiyanın daxilində rəqabətin güclənməsi, inkişafa doğru irəliləməsi qaçılmazdır. Ancaq tapşırıqla, süni namizədlərin yaradılması bir qayda olaraq partiyanın gələcəyinə mənfi təsir göstərən amildir.

-Qurultaydan sonra partiyanın proqramına, nizamnaməsinə dəyişiklik nəzərdə tutmusunuzmu?
-Əslində bugünkü durum, hakimiyyətin üzləşdiyi kənar təzyiqlər partiyalarda ciddi təməl dəyişikliklərini zəruri edir. Ölkə çox böyük bir mərhələni arxada qoyub. Neft pullarının bir qismi ölkədən qaçırılsa da, digər qismi yeni situasiya yaradıb. Sosial təbəqə yeni seçici və onun strukturunu formalaşdırıb. Bu baxımdan partiyaların, o, cümlədən, bizim də fəaliyyət sisteminə və sənədlərə yeni baxışı ehtiva edir. Ancaq gələcəkdə üzləşəcəyimiz çətinlikləri nəzərə alaraq, partiyanın sənədlərində hər-hansı bir dəyişikliyə getməməyi qərara almışıq. Ancaq siyasi davranışında, hədəfə çatma yollarında yeni tezislərin ortaya çıxmaması düzgün olmaz. Lakin yeni çıxacaq bu müddəalar partiyanın sənədlərində öz əksini tapmayacaq. Sadəcə olaraq fəaliyyət mərhələsində bunları görmək mümkün olacaq.

-Azərbaycandakı mövcud situasiyanı necə dəyərləndirirsiz?
-Hesab edirəm ki, referendumdan sonra Azərbaycanda fərqli siyasi situasiya yaranıb. Bu mərhələ bizim partiyanı da ağuşuna alıb. Ona görə də bu yeni çağırışlara qarşılıq verməmək, uyğunlaşmamaq və dünya düzənində baş verənləri görməzdən gəlmək ancaq özümüzə ziyan ola bilər. Bu dönəm təkcə Azərbaycanın daxili ilə bağlı deyil. Hesab edirəm ki, son referendumun keçirilməsini zəruri edən daxili amillər kimi xarici təsirlər də var. Düşünürəm ki, Trampın hakimiyyətə gəlişi dünyada yeni situasiya yaradıb. Bu yeni situasiya isə Azərbaycana mütləq təsir edəcək. Azərbaycan İran və Rusiya kimi çox odioz dövlətlərin qonşusudur. Bu iki dövlət Suriyada baş verənlərə birbaşa məsuliyyət daşıyan ölkədir. Rusiya və İran Suriya prosesinə həlledici təsir göstərən güclərdir.

Hesab edirəm ki, Suriyanın viran qalmasında məhz bu iki dövlətin rolu var. Azərbaycan da bu iki dövlətlə həmsərhəddir və bu ölkələrin Azərbaycana ciddi təsir riçaqları var. Trampın dünyanı bu iki dövlətə qarşı qoyması Azərbaycanın siyasi müqəddəratına həlledici təsir göstərəcək. Bu günlərdə Rusiya-Azərbaycan münasibətlərində yaranan gərginlik son 25 ildə görünməyən səviyyəyə çatıb. Rusiya artıq Azərbaycana təsir göstərməkdə çox israrlı və hərəkətli görünür. Azərbaycanın siyasi müqqədəratını həll edəcək bu cür amillərin sayı isə günü-gündən artır. Belə bir geosiyasi vəziyyətdə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların, təşkilatların öz siyasətində dəyişikliklər etməməsi təəccüblü görünər. Bizim də qurultayda etmədiyimiz dəyişklikləri, fəaliyyətimizdə açıq şəkildə sezmək mümkün olacaq.

-Hər bir müxalif partiyasının məqsədi iqtidara gəlməkdir. Qarşıdan da 2018-ci il prezident seçkiləri gəlir. Seçkilərdə iştirak etməyi düşünürsünüzmü?
- Prezident seçkiləri Azərbaycan üçün çox önəmli və həlledicidir. Daxildə gedən proseslər belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycanda 2013-cü ildə hakimiyyət dəyişikliyi baş tuta bilərdi. Ancaq ilk növbədə Moskva, Rusiyanın Azərbaycan hakimiyyətindəki nümayəndələri və Azərbaycan müxalifətinin bir hissəsi Rüstəm İbrahimbəyovun liderliyi ilə bu prosesin qarşısını aldı. Fikrimcə, hər üç tərəfin öz maraqları var idi. Moskvanın marağı regiondakı mövqeyini qoruyub saxlamaq idi. İbrahimbəyovun ətrafına yığılanlar isə fərqli maraqlardan çıxış edirdilər.

Hesab edirəm bu qruplar Azərbaycanı 4 il inkişafdan saxladılar. Doğrudur, yeni namizədin gəlib möcüzə yaradacağı qənaətində də deyiləm. Ancaq hesab edirdim ki, Yeni Azərbaycan Partiyası yeni namizədlə çıxış edərsə, yeniliyə təşəbbüs olardı. İndi isə eyni hadisələrin 2016-cı ildən başladığının şahidiyik. Referendum baş tutdu, amma heç bir dəyişiklik olmadı. O zaman belə bir sual ortaya çıxır, dəyişiklik olmayacaqdısa, bu referendum nəyə lazım idi? Əgər referendum keçirilirsə, demək ki, plan var. Əgər plan icra olunmursa, deməli maneələr, əngəllər var. Bu baxımdan hesab edirəm ki, prezident seçkiləri 2017-ci ilin payızında da ola bilər, təqvimə uyğun olaraq 2018-ci ildə də. Hətta hesab edirəm ki, 2020-ci ilə də saxlaya bilərlər. Bu baxımdan bizim seçki ilə bağlı mövqeyimiz hakimiyyətin atacağı addımlardan asılıdır.

-Azərbaycanda hakimiyyət dəyişikliyi mümkündürmü? Hansı şərtlərlə bunu etmək olar?
-Prezident seçkiləri çox önəmli və geniş miqyaslıdır. Bu gün Azərbaycan müxalifətində heç bir partiya seçkilərə qatılmaq, hakimiyyətin əlində olan resurslara alternativ qoymaq gücündə deyil. Ortada beynəlxalq dəstək də yoxdur. Bu baxımdan biz müxalifət olaraq bu prosesə qoşulmaqla təmərküzləşmək üçün enerji axtarmalıyıq. Bu enerjini müxtəlif proseslərdən əldə edə bilərik. Bunun ilk pilləsi mütləq qaydada müxalifətin təşkilatlanmasından keçir. Təşkilatlana bilsək, lazım olan resursları da əldə edə bilərik.

Beynəlxalq dəstək də alarıq. Belə olduğu halda hakimiyyəti sarsıtmaq da nəzəri baxımdan mümkün görünür. Əgər müxalifət təşkilatlana biləcəksə, o zaman biz koalisiyanın tərkibində seçkilərə qatılmağı daha doğru hesab edirik. Əgər buna nail olunmayacaqsa, proses qismən müqavimət göstərməkdən ibarət olacaq. Bu isə hakimiyyətə ciddi təsir göstərməyəcək. Bütün bunlar olmayacaqsa, o, zaman 2013-cü ildə olduğu kimi seçkiləri sadəcə proses kimi qiymətləndirib təbliğatımızı gücləndirmək üçün çalışacağıq. Əgər hakimiyyəti dəyişmək gücündə deyiliksə, o zaman mövcud olanın yaxşıya doğru dəyişməsində iştirak etmək lazımdır. Bizim yanaşmamız bundan ibarətdir. Prosesə maksimalist, ya ağ, ya qara prinsipindən baxmırıq, daha yaxşısına nail olmaq üçün siyasi proseslərə davam etməyi daha doğru hesab edirik. Bunların fövqündə duran mövqeyimiz budur- Azərbaycana inqilab lazım deyil. İnqilablar ölkələri dağıdır, millətləri qarşı-qarşıya qoyur, dövlətləri parçalayır. İnqilabların nəticəsi isə gözümüzün qarşısındadır.

Son 6-7 ildə ərəb dövlətlərində baş verən inqilablar, ölkələrin təkamül və inkişaf prosesi var. Tunis, İordaniya təkamül nümunələri var. Dövlətlər yerindədir, daxili sarsıntı keçirməyib. Bu dövlətlər üçün yeni mərhələ başlayıb. Eyni zamanda Yəmən, Liviya, Misir, İraq, Suriya nümunəsi mövcuddur. Bu cür inqilabların millətlərə nə verdiyinin canlı şahidiyik. Hesab edirəm ki, Azərbaycan üçün də təkamül vacib şərtdir. Dinc yolla dəyişikliyə nail ola bilmiriksə, bundan yaxşısına nail olmaq üçün çalışmaq lazımdır. Heç bir halda müxalifət heç kimin, xüsusilə də xarici güclərin əlində alətə çevrilməməlidir. Hakimiyyətə gəlmək müxalif partiya üçün əsas məqsəd olsa da, ancaq müstəsna, zəruri məsələ deyil. Əsas dövlətin mövcudluğu və inkişaf etməsidir.

Vilayət Muxtar 





Həftənin ən çox oxunanları