Yuxarı

"Mütəllibovun adamları Elçibəyin üzərinə yeridilər...”

18 oktyabr Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Bu tarix Azərbaycanda müstəqillik günü kimi qeyd olunur. 26 il öncə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul edib. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də qərar verməyi bir həftə sonraya saxlayır. Lakin mərhum Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan xalq hərəkatının, hərəkatın avanqard təşkilatı olan Xalq Cəbhəsinin güclü təzyiqi Moskvapərəst hakimiyyəti geri çəkilməyə vadar edir. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasında müxalifətçi deputatların böyük rolu olub. Müsahibimiz əsasən AXC üzvlərindən ibarət "Müstəqil Azərbaycan” (Demblok) fraksiyasının sabiq üzvü, keçmiş təhsil naziri Firudin  Cəlilovdur. 

-Firudin  bəy, 18 oktyabra qədər artıq bir neçə sovet respublikası müstəqilliyini elan etmişdi. Azərbaycanda Müstəqillik Aktının qəbul olunması niyə gecikirdi?
-Əslində müstəqillik prosesinə Baltik respublikalarından sonra ilk olaraq biz başladıq. Müstəqillik ideyası SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsi ərəfəsində meydana gəldi. Təbii ki, o, dövrdə Kommunist Partiyası güclü idi. Ona görə də bizə mane oldular. Deputatların əksəriyyəti müstəqilliyin əleyhinə idi. Cəmi 43 deputat müstəqilliyin leyhinə səs verdi. Ancaq Ali Sovetdə yaradılan "Demblok”un deputatları mübarizəni davam etdirdilər. Təbii ki, xalq da bizə dəstək verirdi. Avqust ayında parlamentin adından müstəqillik bəyanatı verdik. Sonra sənədlər hazırlandı, təxminən 1 aydan sonra Müstəqillik Aktı qəbul olundu. Proses uzanırdı. Onu bir gündə həll etmək mümkün deyildi. Yəni, Müstəqillik Aktının qəbul olunması çox ciddi məsələ idi. Məsələ qoyulmuşdu ki, Azərbaycan Məmməd Əmin Rəsulzadənin yaratdığı Cümhuriyyətin varisidir, yoxsa yox. Respublikanın adı "Şimali Azərbaycan”, yoxsa "Azərbaycan” olsun. Bu cür mübahisələr var idi, mətnin üzərində işlər gedirdi.

"Kommunist deputatlar dəhlizdə gəzirdilər”

-Həmin dövrdə Ali Sovet üzvlərinin çoxu Moskvaya bağlı kommunistlər bağlı şəxslər idi. Müstəqillik Aktına səs verməyə onları necə razı sala bildiniz? Xalq hərəkatının bu məsələdə rolu nə qədər idi?
-Artıq proses başlanmışdı, digər respublikalarda müstəqillik elan olunurdu. Rusiya Ali Sovetinin deputatları Rusiyanın SSRİ-dən çıxmasını istəyirdilər. Yəni, zaman bunu tələb edirdi. Ona görə də Moskvaya bağlı deputatlar da görürdü ki, heç nə edə bilməyəcəklər. Digər tərəfdən də bizdə xalq hərəkatı çox güclü idi. Xalq hərəkatının təsiri ilə Müstəqillik Aktı qəbul olundu. Maraqlıdır ki, səsvermə zamanı bəzi deputatlar qaçdı, iclasa gəlmədi. Onlar çıxıb dəhlizdə gəzişirdilər. Amma demək olar ki, Müstəqillik Aktının əleyhinə səs verən olmadı. Müstəqillik Aktı qəbul olunandan sonra mən Ali Sovetdə elan etdim ki, sabah "Azadlıq” meydanında mitinqə gedirik, müstəqilliyi bayram kimi qeyd edəcəyik. Səhəri gün doğrudan da çox böyük mitinq keçirildi. Hətta əvvəldən Müstəqillik Aktının qəbul olunmasını istəməyən deputatlar, hökumətin adamları da bizim yanımızda, tribunadaydılar. Onlar da çıxış etdilər.

"Sənədin əziyyətini Hacıbaba Əzimov çəkib”

-Müstəqillik Aktının hazırlanmasında kimlər iştirak edib?
-Sənədin hazırlanmasında, təkliflərdə hər kəs iştirak edib. Mənim də təkliflərim olurdu. Amma insafla danışmaq lazımdır. Redaksiya heyəti var idi, amma sənədin "qara işini” Hacıbaba Əzimov görüb, əziyyətini o çəkib. Mətni hazırladı və özü də tribunadan oxudu.

"Sabir Rüstəmxanlının başından vurdular”

-Moskvada hərbi qiyam baş verənə, "QKÇP” elan olunana qədər xalq hərəkatında Azərbaycanın suverenliyi fikri vardı. Necə oldu ki, müstəqillik ideyası yarandı?
-Digər respublikalardan fərqli olaraq ilk dəfə bizdə xalq hərəkatı adından "QKÇP”-yə bəyanat göndərildi. Bu bəyanat iki nəfərin, mənim və İsa Qəmbərin imzası ilə getdi. Bu ərəfədə də o vaxtkı iqtidar (Ayaz Mütəllibov hakimiyyəti-müəll.) uzaqgörənlik etmədi, "QKÇP”-ni dəstəklədi. Hətta hökumət polisi və "Qardaşlıq” cəmiyyətinin qoçularını bizi cəzalandırmaq üçün AXC-nin qərargahına göndərdi. Onlar cəbhəçiləri döydülər. Sabir Rüstəmxanlının başından vurdular, Elçibəyin üzərinə yeridilər, onu yumruqladılar, Pənah Hüseyni vurdular, yıxıldı, qolu sındı. Biz bu cür ağrı-acılardan keçib o bəyanatı verdik. Yəni, bu göydəndüşmə bir məsələ deyildi.

-Firudin bəy, Müstəqillik Aktının qəbulunda hansısa təcrübədən istifadə olundumu?
-Yox. Artıq ona vaxt yox idi.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları