Yuxarı

"Sözə baxmayan” bankları bazardan çıxarırlar”- MÜSAHİBƏ

Hazırda ölkədə 31 bank fəaliyyət göstərir. Bu bankların əksəriyyəti, bəzi məlumata görə 80 faizi ağır maliyyə böhranı keçirir, iflas həddindədir. Bankların bu vəziyyətdə olması onların sağlamlaşdırılmasını gündəmə gətirir. Hələ ötən il Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankların sağlamlaşdırılması prosesinə başlamışdı və bunun nəticəsi olaraq 12 bankın lisenziyası ləğv olundu. Sonradan bağlanan banklardan biri "Para Bank” Bank Olmayan Kredit Təşkilatı (BOKT) kimi fəaliyyətini bərpa etdi. Digər 11 bank isə ləğv olundu və həmin bankların ləğvetmə prosesi davam edir. Ancaq görünən odur ki, bu hələ son deyil. Belə ki, 11 bankın bağlanması bank sisteminin sağlamlaşmasına kömək etmədi. Ekspertlər hesab edir ki, bu gün bazarda bağlanan banklardan daha da ağır vəziyyətdə olan banklar var.

Bankların cari ilin üçüncü rübünün yekunlarına dair açıqladığı hesabatlarda da bunu görmək olur. Bu baxımdan bankların yaxın gələcəkdə də birləşdiriləcəyi və ya bağlanacağı gündəmdə olan məsələdir. Bir neçə gün öncə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri də bu ilin sonuna qədər iki bankın birləşəcəyini və artıq müzakirələrin aparıldığını bildirmişdi.
Ümumiyyətlə, bu gün ölkədə fəaliyyət göstərən bankların sayının çox olduğu, əhalinin sayına adekvat olmadığı bildirilir. Hətta ötən il rəsmilər də bu haqda fikir bildirir və bankların sayının azaldılmasını təklif edirdilər. Ancaq bu barədə fikirlər heç də birmənalı deyil. Bir tərəfdən bankların sayının azaldılmasının rəqabətli mühitin ölməsinə, digər tərəfdən isə "xəstə” bankların bazarda qalması bu sektorun çökməsinə səbəb olur. Məsələ ondadır ki, bu gün bankların ağır durumda olması bu sektoru çıxılmaz vəziyyətə salıb. Banklar kredit verə, müxtəlif əməliyyatlar apara bilmir və ən əsası isə xarici borcları kifayət qədər yüksəkdir. Gəlirləri isə az olduğu üçün bank müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir.

Ekspertlər deyir ki, banklar özəl qurum olduğu üçün birləşmək və ya bazardan çıxmaq (bağlanmaq) haqqında qərarları da özləri verməlidir. Özəl qurumların fəaliyyətini inzibati qaydada təyin etmək doğru deyil. Digər tərəfdən isə bəzi ekspertlər bu məsələyə hökumətin müdaxiləsinin vacib olduğunu vurğulayır. Buna əsas kimi isə banklarda aparılan yanlış maliyyə-kredit siyasəti və ölkənin iqtisadi aktivliyinə mənfi təsir edə biləcək fəaliyyəti göstərilir.

Son zamanlar bank sektorunda yaranan və geniş müzakirə predmetinə çevrilən problemlərlə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

-Əkrəm bəy, bu gün faktiki olaraq ölkədə 31 bank fəaliyyət göstərir. Bu ölkə əhalisinin sayına adekvatdırmı?
-Hesab edirəm ki, ümumiyyətlə, belə bir standart yoxdur. Müxtəlif ölkələrdə də bu fərqlidir. Məsələn, Avropada bankların sayı azdır, ancaq özləri böyük banklardır və çox sayda filialları var. Əgər biz özümüzü Avropa ilə müqayisə etsək, bizdə bankların sayı çoxdur. Amma Amerika Birləşmiş Ştatlarında bankların sayı çoxdur, amma kiçik banklardır və filialları azdır. ABŞ-la müqayisədə isə Azərbaycanda bankların sayı çox deyil. Hesab edirəm ki, burada əsas məsələ çox və ya az olması deyil, keyfiyyətli olmasıdır. Bu gün Azərbaycanda ən böyük və ən problemli bank Azərbaycan Beynəlxaq Bankıdır. Yəni, bankın böyük böyük olması onun yaxşı olması anlamına gəlmir.

-Bilirik ki, bankların birləşməsi və ya bağlanması haqqında qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası verir. Yəni, bir növ bu proses inzibati qaydada aparılır. Bu nə dərəcədə doğru yanaşmadır? Banklar özləri öz taleyi haqqında qərar verə bilmirmi?
-Əslində bankların inzibati yolla birləşməsi mümkün deyil. Ən azından formal olaraq birləşmək və ya müflis olmaq könüllü olur. Məsələn, birləşməyə gedən hər iki bankın razılığı olmalıdır. Amma burada inzibati amil var. Maliyyə Bazarlarına Nəzarət Palatası bankı çağırır, deyir ki, sən filan banka birləşməlisən. Bir növ Palata banka deyir ki, sən bu bankla "evlənməlisən”. Əgər bunu etməsən, ən pis halda bankı bağlayacağını deyir. Doğrudur, hal-hazırda bu məsələ Azərbaycanda aktual deyil. Yəni, Palata indi heç bir bankı bağlamaq istəmir. Amma əlində digər alətlər var. Məsələn, bank Mərkəzi Bankdan kredit götürmək istəyirsə, Palata həmin bank haqqında Mərkəzi Banka rəy verməlidir. Palata deyir ki, rəy verməyəcəm və sən kredit götürə bilməyəcəksən. Yaxud bankı digər sanksiyalar tətbiq etməklə təhdid edir. Deyir ki, əhalidən əmanət qəbul etməyi qadağan edəcəm. Bununla da bank Mərkəzi Bankdan kredit ala, əhalidən əmanət cəlb edə bilməyəcək. Bu isə o deməkdir ki, bank faktiki olaraq fəaliyyət göstərə bilməyəcək. Təbii ki, Palata bu cür amillərdən istifadə edə bilər. Bu əlbbəttə ki, düzgün deyil. Palatanın indiki rəhbərliyinin isə nə biliyi, savadı, nə də qanuna riayət etməsi yoxdur. Ona görə də mən onlardan hər şey gözləyirəm.

-Bankların bağlanması və ya birləşdirilməsi bazarda rəqabətli mühitə necə təsir edir? "Xəstə” bankların bu cür inzibati qaydada bazardan çıxarılması bank sisteminə nə verir?
-Ümumi götürsək, "xəstə” bankların bazardan çıxması yaxşıdır. İstənilən halda ən doğru yol budur. Bu gün ən "xəstə” bank isə məlumdur ki, Azərbaycan Beynəlxalq Bankıdır. Amma bu addıma getmirlər. Bizdə əsas problem odur ki, qismət "xəstə” olan banklara müdaxilə edib, korrupsioner maraqlara uyğun olaraq rəqabəti öldürürlər. Bir də görürük ki, bankın vəziyyəti heç də digərlərindən pis deyil, amma bəzi qurumların sözünə baxmadığı üçün bağlayırlar. Hansısa dövlət məmurunun bankının fəaliyyətinə maneə olur deyə bazardan çıxardırlar.

-Bir müddət öncə xarici bankların bazara girişinə yaradılan əngəllərin aradan qaldırılması təklif olunurdu. İddia olunurdu ki, xarici bankların bazara girməsi rəqabətli mühitin yaranmasına və bank sektorunun inkişafına səbəb ola bilər.
-İndiki vəziyyətdə bu mümkün deyil. İlk növbədə bu vəziyyətdə heç bir xarici bank Azərbaycana gəlməyəcək. Çünki Azərbaycanda iqtisadi cəhətdən vəziyyət olduqca pisdir. Əgər bir xarici gəlsə, ölkənin ümumi maliyyə sistemini əlinə ala bilər. Amma bunu bir neçə il bundan öncə etsəydik, bir deyil, bir neçə bank gələrdi. O, zaman isə rəqabətli mühit olardı. Bu halda isə təhlükə var. Təhlükə olduğu üçün isə əksər xarici banklar Azərbaycana gəlməyəcək.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları