Yuxarı

"2020-ci ilədək Beynəlxalq Bank özəlləşdiriləcək”

"Banklar postneft dövrünə hazır deyildilər”

Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 857 min manat təşkil edir. 2017-ci ilin sonuna qədər bu göstəricinin 2 milyard manata çatacağı gözlənilir. Bank sektoru isə iki ildir üzləşdiyi maliyyə böhranından çıxa bilmir. Devalvasiyadan sonra yaranan işsizlik, gəlirlərin azalması və istehlak məhsullarının qiymətindəki artım kredit götürmüş müştərilərin borcları vaxtında ödəməsinə mane olur. Kreditlərin qaytarılması ilə bağlı hər hansı güzəşt mexanizminin olmaması vətəndaşlarla yanaşı, bankları da çətin vəziyyətə salıb. Maliyyə böhranının vurduğu Beynəlxalq Bankın sağlamlaşdırlması prosesi hələlik nəticəsiz qalıb. 2018-ci ilin dövlət büdcəsi layihəsində neft gəlirləri, qeyri-neft sektorunun payında isə gömrük rüsumlarından daxilolmalar əsas yer tutur. Bu da iqtisadiyyatın neftdən asılılığının saxlanılması və idxal məhsullarının bahalaşması deməkdir. Sözügedən problemlərlə bağlı "Cümhuriyət” qəzetinin suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov cavablandırıb.

(Müsahibənin əvvəlini buradan oxuya bilərsiniz)

- Demək olarmı ki, təklifləriniz maraqla qarşılandı, amma icrasına vəsait çatmadı?
- Buna neftin dünya bazar qiymətinin aşağı olması təsir etdi, yoxsa dövlət  güzəştlərin tətbiq edilməsinin növbəti mərhələdə ödəmələrə təsir göstərə biləcəyindən ehtiyatlandı, bunu demək çətindir. Amma çox təəssüf ki, biz nə üçün tətbiq edilməməsinin rəsmi izahatını görmədik.

- Banklar özləri də bu problemi həll etmək üçün konkret mexanizm təklif edə bilmədi? Sirr deyil ki, banklar əvvəllər kreditləri geri almaq üçün zorakı metodlara əl atır, müştərini təhdid edir və ya əmlakını zorla əlindən almağa çalışırdılar. Vəsaiti sivil yolla geri qaytarmaq üçün də vətəndaşın ödəmək imkanı yoxdur. Görünür, hansısa  mexanizmin tapılmasında banklar özləri də çətinlik çəkir.
- Banklar ona görə çətinlik çəkirdi ki, onlar post-neft dövrünə hazır deyildilər. Ona görə də banklar mərhələli şəkildə yox, birdən-birə bum dövründən post-neft dövrünə düşdülər. Rəhbəri olduğum mərkəzin hesabatlarında 2015-ci ildən başlayaraq dövlət gəlirlərinin azalacağı proqnozlaşdırılırdı. Bu, yalnız neftin qiymətilə bağlı deyildi. Həm də hasilatın azalmasına uyğun olaraq dövlət gəlirlərində azalmalar müşahidə ediləcəyi gözlənilən idi. Eyni zamanda 2014-cü ildən sonra gəlirlərin azalacağı , hələ 2005-ci ildə Beynəlxalq Valyuta Fondunun məşhur qrafikində proqnozlaşdırılmışdı. Bu baxımdan,  banklar böhranlı vəziyyətə hazır olmalı idilər.
Təbii ki, Mərkəzi Bank da post-neft dövrünə hazır olmalı idi. 2011-ci il mayın 25-də Mərkəzi Bankın sədri Elman Rüstəmova manatın mərhələli şəkildə yumşaldılması ilə bağlı müraciət etmişdim. O zaman kifayət qədər böyük neft gəlirləri var idi və manat möhkəm idi. Manatın mərhələli şəkildə yumşaldılması post-neft dövrünə hazırlıq baxımından çox vacib idi. Manat yumşalmalı idi ki, qeyri-neft ixracatını artırmaq mümkün olsun. Gəlirlər azaldığı müddətdə birdən-birə kəskin devalvasiya riski olmasın. O zaman təklif etmişdim ki, manatı hansı mexanizmlə yumşaltmaq mümkündür ki, milli valyutaya inam itməsin. Çünki ölkə daxilində kifayət qədər böyük xarici valyuta var idi. Bu xarici valyutanın həcmi o qədər böyük idi ki, hətta manatın müqayisəli yumşalması, dəyər itirməsi belə, milli valyutaya inamın qorunub saxlanmasına gətirib çıxaracaqdı. Yəni, müəyyən aylar manatın dəyər qazanması, müəyyən mərhələdə dəyər itirməsi, ilin sonunda isə təxminən 5-7 faiz dəyərsizləşməsini təklif edirdik. Bu isə hiss olunmayacaqdı. Məsələn, son 5 ildə türk lirəsinin kursunda kəskin azalmalar var. Amma cəmiyyət, biznes bunu çox az hiss edib. Çünki kəskin devalvasiya getmir, mərhələli şəkildə azalmalar var. Təbii ki, biz lirənin kursu qədər azalma təklif etmirdik. Biz illik olaraq 5-7 faiz, aylar üzrə fərqləndiməklə, yəni bəzi aylarda hətta manata dəyər qazandırmaq təklifini irəli sürmüşdük. Bu artıq post-neft dövründə manatın bazara nisbətən çox möhkəm kursla daxil olmasının qarşısını alacaqdı. Manat neftin dünya bazar qiymətinin aşağı düşməsi dövrünə möhkəm kursla daxil oldu. Belə olduğu üçün o təzyiqlərə davam gətirmədi və 2015-ci ildə iki dəfə devalvasiyaya uğradı. Bu qədər möhkəm kursa ehtiyac yox idi. Bu möhkəm kurs qeyri-neft ixracatını stimullaşdırmırdı, tormozlayırdı. Çünki manat möhkəm olursa, Azərbaycanın istehsal etdiyi məhsulların qiyməti dünya bazarında artırdı. 100 manata istehsal edilən məhsulun nəqliyyat və ölkəyə daxil olanda gömrük xərcləri nəzərə alınmadan dünya bazarında qiyməti 120 dollardan baha idi. Təbii ki, həmin məhsul dünya bazarında rəqabət apara bilmirdi. Dünya bazarında rəqabət aparması üçün hökmən məzənnənin optimal olmasına ehtiyac var. 
Yaponiya təcrübəsinə diqqət yetirsək, kifayət qədər fərqli bir məzənnənin olduğunu görmək olar. Yaxud Koreya dünyanın ən çox inkişaf etmiş 20-liyinə daxildir və məqsədi də inkişaf etmiş10-luğa daxil olmaqdan ibarətdir. Koreyada 1 dollar təxminən 1000 karoundur. Hətta denominasiyanı fərqli etmək lazım idi. Yəni, 1 dolların 1 manata yaxın denominasiyası doğru addım deyildi. Bu istiqamətdə Yaponiya və  digər ölkələrin təcrübəsini götürüb denominasiya etməyə ehtiyac var idi ki, möhkəmlənmiş kurs olmasın. Çünki möhkəmlənmiş kurs xarici faktorlara reaksiya verə bilmir, iqtisadi təzyiqlərə davam gətirmir.

- Diqqət yetirsək, mediada, eləcə də cəmiyyətdə ittihamlar əsasən Mərkəzi Bankın üzərinə yönəlir. Sizcə, burada daha çox məsuliyyəti Mərkəzi Bank daşıyır, yoxsa hökumət?
- Mərkəzi Bank hökumətin bir elementidir. Düşünmürəm ki, Mərkəzi Bank hökumətdən fərqli bir siyasət həyata keçirir. Manatın məzənnəsi ilə bağlı siyasət digər hökumət nümayəndələri ilə razılaşdırılır. Təbii ki, Mərkəzi Bank fərqli statusa malik olan bir qurumdur. Mərkəzi Bank komitə və ya nazirlik deyil. Amma hesab edirəm ki, həmin dövrlərdə Mərkəzi Bankın proseslərə təsir imkanları vardı. Mərkəzi Bankın kadr potensialını aşağı qiymətləndirmək istəməzdim. Hətta hökumətlə razılaşdırılsa belə, bütün hallarda Mərkəzi Bankın mövqeyi çox əhəmiyyətlidir.

"Beynəlxalq Bank əvvəlkindən fərqli olaraq kiçik banka çevriləcək”
 
- Beynəlxalq Bankın sağlamlaşdırlmasına ümumilikdə 10 milyard manat vəsait sərf olundu, ancaq bu proses hələ başa çatmayıb. Beynəlxalq Bankın tam şəkildə sağlamlaşdırılması üçün yenidən vəsait ayrılmasına ehtiyac varmı?
- Əslində bu, daxili borcların sağlamlaşdırılması ilə bağlı ayrılan vəsaitdir. Məlum olduğu kimi Beynəlxalq Bankın xarici borclarının həcmi 3,3 milyard dollar təşkil edir. Bu borcun dövlət tərəfindən dəstəklənməsi və müəyyən hissəsinin qaytarılmasına ehtiyac var. Beynəlxalq Bank xarici borcun yenidən qiymətləndirilməsi ilə bağlı Nyu-York Məhkəməsinə müraciət etdi. Amma buna rəğmən güman olunur ki, növbəti dövrdə də Beynəlxalq Banka dövlətin maliyyə dəstəyi qalacaq. Bizim proqnoz ondan ibarətdir ki, 2020-ci ilədək Beynəlxalq Bank özəlləşdiriləcək. Özəlləşdirilmə prosesi 2018 və ya 2019-cu ildə də ola bilər. Amma biz Beynəlxalq Bankın 2020-ci ilədək sağlamlaşdırılacağını gözləyirik.

- Bu müddət ərzində Beynəlxalq Bankın xarici əməliyyatlar aparması mümkün olacaqmı? Çünki bəzi Avropa dövlətləri Azərbaycan Beynəlxalq Bankı ilə bu tip əməliyyatların aparılmasını artıq dayandırıb.
- Təbii ki, bank xarici əməliyyatlar apara bilir. Hələlik Beynəlxalq Bankın hesablarında əməliyyatların aparılmasına qadağalar müəyyənləşməyib. 
Amma bütün hallarda Beynəlxalq Bankın Nyu-York Məhkəməsinə müraciət etməsi və borcların yenidən qiymətləndirməsi, bankın bütövlükdə mövqeyinə və kredit reytinqinə mənfi təsir göstərdi. Mümkündür ki, Beynəlxalq Bank özəlləşəndən sonra fərqli bir bank formalaşsın. Güman edirəm ki, Beynəlxalq Bank özəlləşəndən sonra daha kiçik bir banka çevriləcək. Yəni, əvvəlki kimi böyük bank olmayacaq. Artıq Beynəlxalq Bankın bank sektorunda dominant olması dövrü başa çatdı. Təbii ki, bu bank özəlləşəndən sonra çox kiçik olmasa da aparıcı bank olacağını da güman etmirik. Amma son hadisələr Beynəlxalq Bankın xarici və daxili borcu və daxili borcun sağlamalşdırılması ilə bağlı vəsaitin ayrılması, sözügedən bankın beynəlxalq mövqeyinə və reytinqinə mənfi təsir göstərdi.

- Yeni statusda Beynəlxalq Bankdan götürülüb tam qaytarılmayan kreditlərin taleyi necə olacaq?
- Elə kreditlər var ki, onlar ölmüş kreditlərdir, onların geri qaytarılması mümkün deyil. Buna görə də dövlətin müdaxiləsi qaçılmaz oldu. Bəzi kreditlərin geri qaytarılması praktiki olaraq mümkün deyil və yəqin ki, mümkün də olmayacaq. Son hadisələrdən sonra Beynəlxalq Bankda hökumətin payı artıb. Əvvəllər Beynəlxalq Bankda dövlətin payı 49-51 faiz idisə, yaxın vaxtlarda 90 faizdən yüksək olacaq. Təbii ki, özəlləşdirmə üçün həm hüquqi zəmin formalaşdırır, həm də səhm baxımından dövlətin əlində olan bir banka çevrilir. Əslində Beynəlxalq Bankı daha tez özəlləşdirməyə ehtiyac var. Bu bankın 2020-ci ilədək deyil, 10 il əvvəl özəlləşdirilməsi daha məqsədəuyğun idi. Əgər ABB neft bumu başlamamışdan öncə özəlləşdirlsəydi, o zaman bu bankda bu qədər problemli kredit və ya toksid aktivləri olamayacaqdı.

"Bank rəhbərləri və menecerləri üçün xüsusi cəza növü müəyyənləşməlidir”

- Azərbaycanda bankların  konsolidasiyanın vacibliyi barədə danışılsa da, bu proses normal getmir. Sizcə, buna mane olan nədir?
(Ardı var)

Yeganə Oqtayqızı
Müşfiq Abdulla





Həftənin ən çox oxunanları