General Cəfər Kavianı Güney Azərbaycan tarixindən kimlər silməyə çalışır?
Oğlu Marks Kavian: "Milli hökumətin partizan hərəkatını və 18 minlik fədai ordusunu yaradan Cəfər Kavian olub”
General Cəfər Kavianın ölumündən bir ay sonra Hizbi-Tudeyi İranın - Azərbaycan Demokrat Partiyasının orqanı "Azərbaycan" qəzeti 1975-ci il 28 fevral tarixli nömrəsində şəkli ilə birgə nekroloq verib. Azərbaycan oğlunun azadlıq yolunda çəkdiyi əziyyətlər qəzetdəki bu yazıda da öz əksini tapıb:
"Cəfər Kavian gənc yaşlarından ölkənin əsarətdə olmasını və xalqın məşəqqətli həyatını müşahidə etmiş, minlərlə gözüaçıq Azərbaycan oğlu kimi mübarizəyə qoşulmuşdur. O, Azərbaycan Demokrat firqəsinin qurucularından biri olub. Xalq milli hökuməti Kaviana generallıq dərəcəsi verərək onu xalq qoşunları vəziri təyin etmişdir. "21 Azər" nehzətinin nailiyyətlərini qoruyub saxlamaq uğrunda geniş mübarizədə Cəfər Kavianın da böyük xidmətləri vardır. Azərbaycanda milli demokratik hərəkat qan dəryasında boğulduğu zaman minlərlə demokrat və fədai kimi Cəfər Kavian da mühacirət etməyə məcbur olub. Lakin mühacirat illərində də Kavianın bütün fikri Vətənin və xalqın həyatı ilə bağlı olmuşdur. O, xalqın qalib gələcəyinə, azad, xoşbəxt İranın yaranacağına dərin inam bəsləyirdi. Bu yolda da inamla mübarizə aparırdı. Kavianın ölümü ilə azadlıq nehzəti və İran zəhmətkeşləri sabiqədal yoldaşlarımızdan birini itirdi".
1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda silahlı üsyan nəticəsində xalq Azərbaycan Demokratik firqəsinin banisi Seyid Cəfər Pişəvərini milli hökumətin baş naziri təyin etdi. O taylı qardaşlarımız çoxdan arzuladıqları günə çatdılar. Onlar İran çərçivəsində milli muxtariyyət aldılar. Azərbaycan dili rəsmi dövlət dili oldu. Ana dilimizdə orta və ali məktəblər açıldı. Səkkiz saatlıq iş günü bərpa olundu. Səttarxana və Bağırxana heykəl ucaldıldı. Azərbaycanlıların həyatında tamam yeni bir yüksəliş dövrü başlandı. Həmin gün tarixə "21 Azər hərəkatı" kimi daxil oldu.
Fədailər Azərbaycanın şəhər və kəndlərini istilaçı İran qoşunlarından təmizlədilər. Fövqəladə bacarığa və hərbi məharətə malik olan Cəfər Kavian Azərbaycan Milli hökumətinin qərarı ilə general-mayor rütbəsi ilə təltif olundu, müdafiə naziri təyin edildi. Həmin ili "Nəcate-İran" qəzeti yazırdı:
"General Kavian hal-hazırda Azərbaycanın həm qoşun hissəsinə, həm də Azərbaycan milis idarələrinə başçılıq edir. Bu şəxs qədim mübariz İran azadxahlarından biri olub və Azərbaycan Demokratik hərəkatında, eyni halda İran Demokratik hərəkatında iyirmi beş il qabaqdan ta indiyə kimi iştirak edibdir.
O, Rza şah dövründə illərlə həbsdə olmuş və həyatının çox dövrünü zindanda keçirmişdir. "21 Azər hərəkatı"nda Cəfər Kavian canfəşan fədai olmuş və Azərbaycanın bütün fədai dəstələrinin rəhbərliyini öz əlinə almış, gözəçarpan dərəcədə fədakarlıq göstərmişdir. Ona görə də Azərbaycan Demokratik hökuməti Cəfər Kavianı hərbi vüzarətxananın vəziri təyin etdi. O, öz silahdaşları - azadxah Seyid Cəfər Pişəvəri, Şəbüstəri, doktor Cavid və başqaları ilə Azərbaycan Demokrat Partiyasını, milli hökumətin fəaliyyətini yüksəklərə qaldıraraq mürtəce irticanı çıxılmaz vəziyyətdə qoymuşdur".
General Cəfər (Məmmədzadə) Kavian 1974-cü ildə öz dəst-xəttilə yazdığı tərcümeyi- halında qeyd edir ki, inqilabi fəaliyyətə gənc bir fədai kimi 1908-ci ildən, on üç yaşında Səttarxan hərəkatından başlamışam. O vaxta qədər Təbrizdə dini təhsil almışam. Onun atası Təbriz yaxınlığındakı Səhlan kəndindən idi. Yoxsul kəndli olan atası Məhəmmədəli kişini ağır həyat dözümlü və iradəli etmişdi. Kəndli həyatının sərt güzəranı, ağa torpağı becərmək onu cana doydurmuşdu.
Dəmir iradə və şəxsi bacarıq onu siyasi cəhətdən şüurlu bir fədaiyə çevirdi. O, oxumaq, yazmaq öyrəndi. Xalq qəhrəmanı Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə - ön cərgədə savalanlı Məhəmmədəli kişi də vardı. Həmin tarixi şəklin əsli indi də nəvəsi Marksda (Cəfər Kavianın oğlunda) saxlanılır. Səttarxanın azadlıq hərəkatı mürtəce İran hakimləri tərəfindən yatırıldıqda, savalanlı Məhəmmədəli də həbsə alındı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi. Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapıb. Cəfər (Məmmədzadə) Kavian Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. Xalqının azadlığı uğrunda çalışan general çətin və mürəkkəb həyat yolu keçmişdi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərib. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. hərəkatı başlananda savalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu General Cəfər Məmmədzadənin böyük qardaşı İsrafil də inqilabi işdə fəal çalışan fədailərdən idi. O, Azərbaycanın şanlı oğlu Heydər əmioğlunun mübarizə yoldaşı olub.
İnqilab məğlubiyyətə uğrayanda, o, qardaşı İsrafillə şah təqibindən Bakıya pənah gətirir. İki il Bakıda dərzilik edən Məşədi Cəfər yenidən Təbrizə qayıdır. Qulamhüseyn xan Rzazadənin evində təşkil olunmuş İran sosial-demokrat firqəsinin beşinci hövzə iclasında iştirak edir. Şeyx Məhəmməd Xiyabani hərəkatında fədai başçılarından biri olur. İftixarla demək olar ki, general Cəfər (Məmmədzadə) Kavian çox zəngin və keşməkeşli inqilabi həyat yolu keçib. Onun həmin dövrdəki gizli fəaliyyəti Əkrəm Səlimzadənin və Rzabala Nurəliyevin məşhur çekist İslam Əliyev haqqında yazdıqları "Son döyüş" kitabçasında da təsvir olunur: "O, Mərənddən Təbrizə köçdü. 1922-ci ilin fevral ayının ilk günlərində Təbriz çox narahat idi. Küçələrdə tez-tez nümayişlər olurdu. Şah istibdadından cana doymuş xalq ajanları döyür, hökumət idarələrini tanımaq istəmirdi. Həmin ayın doqquzunda Məşədinin gizli şəraitdə yaşadığı evinə bir neçə adam toplaşmışdı. Onların arasında Məşədi, İslam, şair Lahuti, doktor Rəhim xan, Tağı Şərqi, Bürhani və başqaları var idi. Onlar kiçik müşavirə keçirdilər. Tez də dağılışdılar. Bu hadisədən bir - iki saat sonra Təbrizin müxtəlif məhəllələrində atışma başlandı, bütün gecəni davam etdi. Səhər isə hökumət artıq xalq fədailərinin əlində idi".
- Marks müəllim, atanız Cəfər Kavianın keçdiyi keşməkeşli yollar, onun inqilabi fəaliyyəti barədə daha nələri qeyd etmək olar?
- Xalqımızın azadlığı uğrunda özünü oda-közə vuran Məşədi Cəfər (Məmmədzadə) Kavian 1922-ci ildə məşhur şair Əbülqasım Lahuti hərəkatında da yaxından iştirak edərək fədai başçısı olur. Bir az sonra şahlıq rejiminin ağırlığı nəticəsində bu hərəkat da yatırılır. Məşədi Cəfər ikinci dəfə doğma Bakıya pənah gətirir, təhsilini artırmaq üçün partiya kursuna daxil olur. 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının sərəncamı ilə Məşədi Cəfər Naxçıvandakı dağ-mədən fəhlə həmkarlar ittifaqının sədri vəzifəsinə işə göndərilir. Üç il sonra üçüncü Kominternin tapşırığı ilə yenidən İrana göndərilən Məşədi Cəfər Təbrizdə, Rəştdə, Mazandaranda və Tehranda gizli inqilabi iş aparır.
-Bu gizli fəaliyyət dövründə yəqin ki, ona olunan təqiblər də ara vermir...
- 1930-cu ilin sonlarında ajanlar (casuslar-red) onu həbs edir. Məhkəmənin 3472/14 nömrəli qərarının surətini mən saxlamışam. Onun mətni belədir: "Cəfər Kavian ona görə məsuliyyətə alınır ki, 1 may münasibətilə intibahnamələr nəşr etdirib Tehranda yayırmış. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki kommunistlərlə yaxından əlaqə saxlayır. İran məmləkətinə və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də Cəfər Kavianın yoldaşları İran qanun məcəlləsinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi səkkizinci maddəsi ilə mücazat olunub həbs olunurlar. Hökm yerinə yetirilir”. Altı il yeddi ay Qəsri-Qacar zindanının uça və qalın divarları, dəmir qapıları mərd Azərbaycan oğlu Cəfər Kavianın mübarizə əzmini qıra bilmir. Qəddar Rza şah hakimiyyəti həbsdən sonra onu Zəncan şəhərinə sürgün edir. O, sovet ordusu İrana gəldikdən sonra, 1941-ci ildə sürgündən azad olunur.
"Əkrəm Rəhimli atama qarşı çox haqsızlıqlar edib”
- Marks müəllim, ailə üzvləriniz, yaxud 21 Azər hərakatından oxucularımıza gizlətdikləriniz barədə məlumat verməyiniz yerinə düşərdi...
Üç qardaş və üç bacı olmuşuq. Bakıda yaşamışıq. Mən atamın o tay Azərbaycanımızdan çox çətinliklə gətirdiyi tarixi əhəmiyyətə malik sənəd və şəkilləri ən əziz, ən müqəddəs yadigar kimi hifz edib saxlayıram. Bunların arasında xalqımızın mətin oğlu Seyid Cəfər Pişəvərinin, general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, əmr və nizamnamələrin surəti, Səttarxanla babam Məhəmmədəlinin birgə çəkilmiş nadir fotoşəkli var. Şahın Təbriz üzrə komendantı general Derekşaninin atama təhvil verdiyi qılıncı və silahını da qoruyub saxlamışdım. Bu yaxınlarda İstiqlal muzeyinə təhvil verdim. Bu vaxta qədər gizlədirdim, çünki üzə çıxartsaydım, Əkrəm Rəhimli kimi tədqiqatçılar bunu da Qulam Yəhyanın adına yazardılar. Atama qarşı çox ədalətsizliklər edib Əkrəm Rəhimli...
"Əziz Əliyevin Güney Azərbaycan üçün böyük xidmətləri olub”
-Marks müəllim, 21 Azər hərəkatının tanınmış tədqiqatçılarından olan Əkrəm Rəhimli (Bije) nədənsə atanız, Milli Hökumətin müdafiə naziri Cəfər Kavianın fəaliyyətinə kölgə salır, yaxud atanızın gördüyü işləri kiminsə adına yazmağa cəhdlər edir...
-Onu mən Əkrəm rəhimsiz adlandırardım... O, kitabında yazır ki, 77 nəfər demokrat firqəsinin yaranmasına imza atıb. Onların sırasında imza atmayanları qeyd etsə də həqiqi səs vermiş şəxsin - Cəfər Kavianın adını çəkmir. Etiraz etmirəm, hətta Pişəvəri orda imza atmasa da 77 nəfərin sırasında adı verilib, olsun! Halbuki atam həm Səttarxanın Məşrutə hərəkatında, həm Şeyx Məhəmməd Xiyabani hərəkatında 4 fərmandehin ən fəaliyyətdə olanı olub. Əslində, Milli hökumətin nollar (partizan) hərəkatını və 18 min fədai ordusunu yaradan birbaşa atam Cəfər Kavian olub. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Milli hökumətin qurulmasında Seyid Cəfər Pişəvərinin müstəsna rolu olubsa da, digərlərini - Azərbaycan xalq qoşunları vəziri (müdafiə naziri) general Cəfər Kavianı, Azərbaycan Əyaləti Əncumanının (Milli məclis) sədri Hacı Əli Şəbüstərini, daxili işlər naziri doktor Cavidi, baş nazirin müavini Sadıq Padiqanı və sairləri unutmaq olmaz. Ən azından bu 5 nəfər qurucular olublar. Şimali Azərbaycanda da bu işə dəstək verən 3 nəfər olub. Birincisi, Mir Cəfər Bağırovdur. İkincisi, Əziz Əliyev, üçüncüsü isə general Ağasəlim Atakişiyev olub.
-Əziz Əliyevin hansı xidmətləri olub? Səhv etmirəmsə, həmin illərdə Əziz Əliyev Cənuba ezamiyyə olunub...
-1941-ci ildə Sovet qoşunları İrana daxil olanda Əziz Əliyev bu qoşunların ilk komissarı kimi Zəngana daxil olur. Və onun xidməti sayəsində Cənubi Azərbaycanda bütün sürgün həyatı yaşayanlar həbsdən azad olunub. O cümlədən, atam Cəfər Kavian da... Ə.Əliyev 1942-ci ilə qədər bu işdə olub. 42-dən sonra bu iş həvalə olunub general Ağasəlim Atakişiyevə. Bu insanların fəaliyyətinə qətiyyən kölgə salmaq olmaz. Tarixi saxtalaşdırmaq da olmaz.
-Bəs, general Ağasəlim Atakişiyev hansı müstəsna fəaliyyəti ilə yadda qalıb ?
- General Ağasəlim Atakişiyev milli adam olub. Cənubi Azərbaycanda milli hökumət quruculuğuna Ağasəlim Atakişiyev gizli və çox güclü şəkildə dəstək verirdi. Bu sirri ilk dəfədir açıram: atam onun evinə gedib, onun general paltarını əyninə çəkib sovet hərbi bazalarına daxil olurdu. Və lazım olan silahları əldə edib, fədailəri silahlandırırdı. O bazaların hətta sxemi də mənim atamda var idi. 1954-55-ci illərdə atam o sxemləri Azərbaycan DTK-sının o vaxtkı sədr müavini Heydər Əliyevə təhvil vermişdi.
"Atam əlini tapançasına atır və deyir ki, Təbrizi tərk edin”
- Ağasəlim Atakişiyevin sizin atanıza olan inamı axı bəs nə ilə belə bağlı olub ?
- Onun maraqlı tarixçəsi var... Günlərin bir günü, inqilaba hələ 3 ay qalırmış ki, Məhəmməd Biriya atama xəbər çatdırır ki, Rəsədi adında bir şəxs deyir ki, Təbrizdə nə təşkilat yaransa, onun mərkəzi mütləq Tehranda olmalıdır. Atam dərhal onu tapıb soruşur ki, Rəsədi, sən belə söz demisən? O da cavab verir ki, bəli! Onda atam Rəsədiyə pencəyinin altındakı tapançanı-"Naqan”ı göstərərək deyir ki, 24 saat ərzində Təbrizi tərk etməsən, səni güllələyəcəm! Deyir və gəlir evimizə... Həmin gün nahardan sonra rus konsulluğunun nümayəndəsi evimizə gəlir və atamın ora çağırıldığını bildirir.Atam ora gedir və rus konsulu səhv eləmirəmsə, Nuru Quliyevlə görüşür.N.Quliyev atama sual verir ki, siz bilirdinizmi Rəsədi bizim adamdır?Atam ona "bəli, bilirdim” -deyə, cavab verir.Və əlavə edir ki, mən həyatımı bu mübarizəyə həsr etmişəm, qazamatlarda can qoymuşam ki, Azərbaycan istiqlaliyyət əldə etsin.Bu isə bizi yenidən Tehrana bağlamaq istəyir. Yetər, mən buna imkan vermərəm! N.Quliyev atama deyir ki, onda siz daş mağazalarda (Təbrizin mərkəzində məhəllə adıdır) rus komendaturasında bir yoldaşla görüşün.Sonra isə nə istəyirsinizsə, onu da edin.Atam daş mağazalara gələn kimi, rus qaravul keşikçiləri məlumatlı olduqları üçün onu içəri buraxırlar. İçəridə əl görüşdüyü insan özünü atama Ağasəlim Atakişiyev kimi təqdim edir və tanış olurlar... Eynilə Nuru Quliyevin atama dediyi sözləri general Ağasəlim Atakişiyev də deyir: "Cəfər Kavian mən də sizin əqidədəyəm. Ancaq hələ bir az tezdir. Siz gedin evə, Rəsədi gələcək sizə və üzr istəyəcək. Siz onu bağışlarsınız...” Və bunların bir-birinə inam və etibarı həmin anlardan başlayır.Və bu dostluq onların (partizan) hərəkatının və sonradan 18 min fədai ordusunun silahlanmasında xüsusi rol oynadı.
"Fədailərə rus silahı verilmirdi”
-Fədailər hansı silahlarla silahlanırdılar ?
-Tədqiqatçı Əkrəm Rəhimlini mən boş yerə rəhimsiz adlandırmıram. O, müsahibələrində deyir ki, sovet hökuməti İranı tərk edəndə bütün verdiyi silahları təhvil aldı. Deyir ki, hətta bir sınıq tank vermişdilər, onu da təhvil aldılar. Yalandır! Ağır texnika verilməmişdi! Əkrəm yalan deyir! Fədailərə rus istehsalı olan silahlar verilmirdi.Əksinə, onlara amerikan silahları və alman faşist düşərgələrindən əldə olunan qənimət silahlar verilirdi ki, iz qalmasın.10 min nəfər fədainin ad və soyadlarını, silahlarının adını və nömrələrini İstiqlaliyyət Muzeyinə təhvil vermişəm.
- Belə nəticəyə gəlmək mümkündür ki, Milli hökumətin düşünən beyini S.C.Pişəvəri idisə, əsas vuran qolu sizin atanız- general Cəfər Kavian olub ...
- Bunu tarixçilər deməlidir, mən yox... Pişəvəri savadlı, təhsil görmüş, siyasi diplomatiyanı bilən şəxs idi.Atam isə inqilabçı olub.Cənubi Azərbaycandakı bütün inqilablarımızın fəal iştirakçısı olub.Həm də 1922-1924-cü illərdə Bakıda partiya məktəbini bitirmişdi.Bir şeyi qeyd edim.Tədqiqatçı Əkrəm Rəhimli deyir ki, mən o hadisələrin şahidiyəm. İndi özünüz fikir verin, mən o hadisələrin şahidiyəm, yoxsa Əkrəm ?!
"Ona kim icazə verib tarixi saxtalaşdırsın?”
- Əkrəm Rəhimli müsahibələrində bəli, o hadisələrin şahidi olduğunu, hətta əmisi, atası, anası, dayısı və sairlərin hamısı bu hərəkatın iştirakçıları olduğunu qeyd edir.Nədən axı, Milli hökumətin müdafiə naziri Cəfər Kavianı kölgədə saxlayır, sizcə, səbəb nədir?
- Görürsünüz, oxuyun! (Bəndənizə təkzibolunmaz sənədlər təqdim edir... 1944-cü ildə Azərbaycan Vilayət Komitəsinin sədri Padiqanın, 1945-ci ildə isə S.C.Pişəvərinin müdafiə naziri C.Kaviana məktublarını verir.Həqiqətən də Xoy, Maku, Mərənd, Səlmas və Urmiyədə partiya sıralarında təmizlik aparılması müdafiə naziri, general Kaviandan tələb olunur.)Əkrəm Rəhimli Mərəndin Dizdə kəndindəndir.Yəqin atam Mərənddə partiya sıralarında təmizlik apararkən bunun qohumları da ziyan görüb.Odur ki, Ə.Rəhimli də incikdir və qisas almaq məqsədi güdə bilər.Onun bir saxtakarlığını da qeyd etmək istərdim.Guya Milli Hökumət adından silah üçün Sovet hökumətinə ünvanlanan müraciətə imza atanlar sırasında Qulam Yəhya da olub. Özü də ikinci imza sahibi kimi... Axı necə ola bilər ki, Nəzmiyyə və müdafiə naziri dura-dura digər bir nəfər-atamın ikinci müavini bu müraciətə imza atsın ?!İkinci bir saxtakarlığı isə onun Milli Məclisə seçkilərdə Pişəvəridən sonra ikinci səsi toplayan atam Cəfər Kavianın yerinə başqasını-Məhəmməd Biriyanın adını verir.Məndə olan məlumata görə professor Cəmil Həsənliyə də bu yalan məlumatı Əkrəm Rəhimli (Marks müəllim "rəhimsiz” deyə, müraciət edir) verib. İnsan incik ola bilər, amma heç kimə səlahiyyət verilməyib ki, tarixi saxtalaşdırsın... Bu, cinayətdir !!!
"Kavian ömrünün sonunadək Güney həsrətilə yaşadı”
- Marks müəllim, 21 Azər hərəkatının süqutunu necə xarakterizə edərdiniz ?
- 1946-cı il noyabrın axırlarında Amerika imperializminin köməyi ilə İran hökuməti iyun müqaviləsini pozdu. Cənubi Azərbaycanı yenidən fəth etmək üçün onun üzərinə hücum etdi.Qoşun yeridib fədailərin azadlığını vəhşicəsinə boğdu. Zəncanda, Sərabda, Ərdəbildə, Təbriz və başqa şəhərlərdə "fatehlər" qanlı cinayətlər törətdilər. Azadxahları işgəncə ilə öldürən vəhşilər onların uşaqlarını belə dara çəkdilər.Dekabrda mürtəce idarə üsulu bərpa olundu.İranın baş naziri Qəvamülsəltənə ilə Stalin Azərbaycanın milli mənafeyini sarsıdan təkliflər irəli sürdülər.Bu böyük azadlıq hərəkatını qanla suvardılar.
Canilər, müstəmləkəçilər böhtan atırdılar ki, Azərbaycan İrandan ayrılmaq və onun torpağına sahib olmaq istəyir. Əslində isə Cənubi Azərbaycanda az müddətdə böyük mübarizə ilə qazanılmış azadlığı fədailər bütün İranda həyata keçirmək istəyirdilər. İstibdad kabusu o taylı Azərbaycan xalqına qanlı divanlar tutdu.Azadxahların başında duranlar güllələnirdilər.Sərdari milli Səttarxanın və salari milli Bağırxanın heykəlləri uçuruldu. General Mirzə Rəhbini Kəbiri, Əzimi, mayor Raşitin Məmmədəli oğlu, polkovnik Mürtəzəvi, Qazi, Cövdətü Dəbirniya, Zəhiri, Ehsani, Şeyxi kimi mərd oğullar ölümü vüqarla qəbul etdilər. Vəziyyətin ağırlığından bir çox fədailər kimi general Cəfər Kavian da sovet Azərbaycanına pənah gətirdi.Ömrünün axırınadək - 1975 -ci ilədək o taylı Vətənin həsrətilə yaşadı.
- Marks müəllim, atanız hansı mükafatları alıb?
- Azərbaycan Demokrat Partiyası və milli hökuməti Cəfər Kavianın xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.S.C.Pişəvərinin imzası ilə Mərkəzi Komitənin 1946-cı ilin sentyabr tarixli əmrində deyilir ki, ağaye general Cəfər Kavian, xalq qarşısında əməyinizə və əncam verdiyiniz xidmətlərə görə Mərkəzi Komitənin təsvibi üzrə siz Səttarxan ordeni ilə təltif olunursunuz.General Cəfər Kavian həm də Milli hökumətin yeni təsis etdiyi "21 Azər" medalı ilə təltif olunub.
Söhbətləşdi: Şahin BağırovAMEA-nın aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
Söhbətləşdi: Şahin Bağırov
AMEA-nın aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru