Yuxarı

İranı qadınlar dəyişəcək

İranı qadınlar dəyişəcək

İlin əvvəlində İranı ümumxalq etirazları bürümüşdü. Paytaxt Tehran və bölgələrdə ayağa qalxan xalq kütlələri dini-siyasi rejimdən dini, iqtisadi, siyasi və sosial sahələrdə ciddi islahatlar keçirməyi tələb etdilər. Hakimiyyət nəzəri vədlərlə gərginliyi azalda bilsə də, həll edilməmiş daxili problemlər İranı yenidən qarışdıra bilər.İran daxilindəki gərginlik fonunda Güney Azərbaycan məsələsinin yenidən qabağa çıxması, müzakirə edilən əsas mövzulardan biridir.

"Cümhuriyət” qəzeti Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili ilə İran və Güney Azərbaycan ətrafında gedən prosesləri müzakirə edib.

- İlin əvvəlində İranı ümumxalq etirazları cənginə almışdı. İlk dəfə olaraq, siyasi hakimiyyətlə yanaşı, dini rəhbərliyin ünvanına da açıq etirazlar edildi. Sizcə, bu, etirazların kökündə duran əsas səbəblər nə idi?
- İran hakimiyyətinin bölgədə apardığı ideoloji savaş bu regionda radikal qruplaşmaların fəallaşmasına zəmin yaradıb. Bu hakimiyyət daxili problemlərin üzərini təzyiq və zorakılıqla örtməyə vərdiş edib. Üstəgəl, bir neçə xarici dövlətdə gedən müharibələrdə iştirak edir. 40 ildir ki, həmin rejim insanların dini inanclarını istismar edərək, xalqın sosial-iqtisadi problemlərini görməzdən gəlir. İranda hər kəsin şəxsi həyatına dini-siyasi müdaxilələr edilir. Bu da iqtisadiyyatın çöküşünü sürətləndirir. Beləliklə, İran hakimiyyətinin xalq üzərindəki təzyiqləri daxildə gərginlik yaradıb və bu, partlama səviyyəsində olan bir gərginlikdir. 

"İranda prezident postu formaldı, əsas ali dini rəhbərdi”

- Etirazlarda vətəndaşların qaldırdıqları problemlər öz həllini tapdımı? Daxili gərginliyin səngiməsindən sonra ölkə rəhbərliyinin problemlərin həllində göstərdiyi təşəbbüs adekvat idimi, yoxsa, ümumiyyətlə belə bir təşəbbüs olmadı?
- İranda xalqdan tamamilə qopmuş bir rejim hakimiyyətin başında dayanıb. Orda vətəndaş cəmiyyətinə, siyasi partiyalara heç bir konstitusion azadlıq verilmir. Hakimiyyət əlindəki bütün resurslardan istifadə edərək, daxili problemlərin həllindən yayınmağa çalışır. Etiraz edənlərin də qarşısını zorakılıqla alır. Həmin dönəmdə prezident Həsən Ruhani xalqa vəd verdi ki, problemlər həll ediləcək. Hətta, lazım olacağı halda demokratik dövlət quruculuğu üçün islahatlara başlayacaqlarının anonsunu verdi. Ruhanidən fərqli olaraq, Xamneyi baş verənləri xarici qüvvələrə bağlamağa cəhd etdi. Demək olar ki, İranda prezident postu formal xarakter daşıyır. Ali dini lider Xamneyi əsas söz sahibidir.

- Həmin hadisələrdə qadın haqları sahəsindəki problemlər də gündəmə çıxarıldı. Sizə, bu prosesin qadın haqlarının qorunmasında rolu oldumu?
- İlk dəfə idi ki, İranda hicaba qarşı açıq formada etirazlar edildi. Amma hesab edirəm ki, indiki məqamda bu prosesin ortaya çıxaracağı nəticələri gözləməliyik. Bu, İranda qadınların zorən hicab geyinməyə məcbur edilməsinə edilən etiraz idi ki, bu zorakılığın başında da hakimiyyət dayanır. Bu baxımdan, hicab məsələsinin gündəmə gətirilməsi İran üçün həssas məsələdir. Amma qeyd etməliyəm ki, etiraz edən qadınların əksəriyyəti həbs edilib.

"Qadınlar insan yerinə qoyulmur”

- Amma dünyaya qapalı olan İran haqda belə bir deyim var ki, guya dünyada qadınlara ən çox hörmət edilən ölkə İrandır.
- Bu, inandırıcı iddia deyil. Çünki istər İran qanunvericiliyində, istərsə də hakimiyyətin müəyyən etdiyi qaydalar çərçivəsində qadınlar insan yerinə qoyulmur. Məsələn, qızlar üçün evlilik yaşı müəyyən edilməyib. Ata məhkəmənin icazəsi ilə 6 aylıq qız uşağını belə, evləndirə bilər. Miras, məhkəmədə şahidlik etmək, boşanmaq, ölkədən çıxmaq və sair kimi məsələlərdə qadınlar kişilərlə eyni hüquqlara malik deyillər. Qadınlara qarşı bütün konstitusion haqlara məhdudiyyətlər qoyulub. Əlbəttə, qadınların insan yerinə qoyulmadığı bir sistem haqqında xoşagələn sözlər deyə bilmərəm.

- Qadınların siyasi meydana çıxması, İranda demokratik dəyişiklikləri sürətləndirə bilərmi? 
- Bəli, hesab edirəm ki, qadınların fəallaşması İran daxilində gedən ictimai-siyasi proseslərə öz təsirini göstərəcək. Ümumiyyətlə, əgər o cəmiyyətdə ki, qadınlar ayağa qalxıb öz tələblərini irəli sürməyə başlayıblar, həmin yerdə demokratiyanın bərqərar olması qaçılmazdır. 

"Milli fəallara qarşı təzyiqlər davam edir”

-  Bəs, Güney Azərbaycandan olan siyasi və mədəni fəallara təzyiqlər davam edirmi? Bir ara milli fəallarla bağlı pis xəbərlər gəlirdi, amma deyəsən, indi bir az təzyiqlər azalıb.
- Fəallara qarşı təzyiqlər bu gün də davam edir. İran rejimi fəallara qarşı təzyiq mexanizmini işə salmaq üçün vaxt seçmir. Yəni, bu, zamanla bağlı olan məsələ deyil. İndiyədək İran hakimiyyəti milli fəallarımıza qarşı yumşaq davranmayıb, həmişə zorakı vasitələrlə onların qarşısını almağa çalışıb.

- Həbs edilmiş milli fəaların vəziyyətləri nə yerdədir? 
- Milli fəallarımızın apardıqları mübarizə yüksək səviyyədədir. Mübarizə davam edir. Təzyiqlərə baxmayaraq, ana dilimizin təbliğ edilməsi, Dağlıq Qarabağla bağlı həqiqətlərin İran daxilindəki cəmiyyətə çatdırılması, milli mübarizə ilə bağlı tədbirlərin keçirilməsi işləri davam etdirilir. Əlbəttə, həbsdə olan milli fəallarımızın mənəvi vəziyyətləri yüksək səviyyədədir. Amma onlara qarşı işgəncələr verilir, ədalətsiz ittihamlarla mühakimə edilib həbsə məhkum edilirlər.

"Rejim əsas rəqib kimi Azərbaycan türklərini görür”

- Məhsa xanım, molla rejimi İran daxilində öz milli mübarizələrini aparan kürdlər, bəluclar və ərəblərlə müqayisədə, Azərbaycan türklərinə qarşı niyə daha aqressivdir?
- İran rejimi Azərbaycan türklərini özünə qarşı ciddi rəqib kimi görür. Çünki azərbaycanlıların həm İranda, həm də bölgədə birləşdirici güc kimi qabağa çıxmaq üçün böyük potensialları var. Həmin faktlara görə Güneydən olan soydaşlarımız təzyiqlərə məruz qalırlar və bu təzyiqlər hər keçən gün bir qədər də sərtləşir. İranda türklük kimliyini məhv etmək prosesi Pəhləvi dönəmindən başlayıb. Güneydəki soydaşlarımız bu hücumların təkcə bu milləti yox, bütöv Azərbaycanı məhv etmək niyyətindən irəli gəldiyini anlayırlar. Amma yüksək səviyyədə aparılan milli mübarizə İran hakimiyyətinin özü üçün təhlükəli vəziyyət yaradıb. Qorxu altında olan İran hakimiyyəti milli mübarizənin qarşısını almaq üçün ciddi səylər edir. Əlbəttə, istər say çoxluğu, istərsə də Güney Azərbaycan türklərinin Azərbaycanla yanaşı, Türkiyəyə yönəlməsi İranı narahat edir.

"İranda demokratik 
dəyişikliklər qaçılmazdır”

- Bir neçə il əvvəl Güneydəki problemlər böyük güclərin diqqət mərkəzində idi. İndi isə bir az diqqətdən kənarda qalıb. Niyə belə oldu? 
- Böyük güclərin öz maraqları naminə apardıqları mübarizə heç bir ölkəyə, heç bir cəmiyyətə rifah gətirməyib. Əksinə, bu, cəmiyyətlər daxilində gedən mübarizəni sıradan çıxarıb. Məsələn, Yaxın Şərq dövlətlərini həmin maraqlar məhv etdi. Amma əgər, bizim maraqlarımızla bu böyük güclərin maraqlarının üst-üstə düşdüyü nöqtədə biz öz sözümüzü deyə biləcəyiksə, bu zaman nəticə bizim xeyrimizə ola bilər. Bu zaman biz kənarda dayanıb baş verənlərə sakit baxa bilmərik. Əgər bu gün İranda teokratik rejim hakimiyyət başında dayanıbsa, bu, həmin güclərin hesabınadır. Əlbəttə, bir millətin konstitusion haqlarını görməzdən gələnlər dəstəklədikləri Bəşər Əsəd qədər diktatordur. Amma bu rejim bu böyük milləti tərəfinə çəkə bilsə, böyük güclərin qarşısına əli güclənmiş halda çıxacaq. Güney məsələsinə gəlincə, hesab edirəm ki, son dönəmlərdə baş verənlər İranda demokratik dəyişiklikləri qaçılmaz edəcək. Biz də bu hadisələrin mərkəzində yer almalıyıq ki, masa başında yerimiz olsun.

"Hədəfimiz tarixi torpaqlarımızda milli dövlət qurmaqdır”

- Güney Azərbaycanda gedən milli mübarizənin əsas hədəfi nədir? İranın dini-siyasi rejimi Güneyin İrandan ayrılmasından narahatdır. Belə bir niyyət varmı? 
- Milli mübarizənin ana hədəfi, milli şüuru insanlarımız arasında yaymaqdır və passivləşmiş şüuru oyatmaqdır. Digər hədəf, demokratik və mədəni haqlarla bağlı şüur formalaşdırmaqdır. Əlbəttə, ən əsas amalımız öz torpaqlarımızda milli dövlətimizi qurmaqdır. İnsanlarımız öz torpaqlarında öz imkanlarından yararlanmaqla, azad bir sistem daxilində rifah içində yaşamaq istəyirlər. İnanıram ki, biz öz vətənimizdə bütövləşməyi bacaracağıq.

- ABŞ İrana qarşı təzyiqləri yenidən sərtləşdirir. Donald Tramp nüvə anlaşmasını ləğv edəcəyini deyir. Bu təzyiqlər Güney məsələsinin beynəlxalq səviyyədə yenidən gündəmə gəlməsinə imkan yarada bilərmi?
- Əlbəttə, İranın mərkəzi hakimiyyətinin zəifləməsi bizim maraqlarımıza uyğun ola bilər. Bu məsələni hansı formada qiymətləndirmək isə milli mübarizəyə başçılıq edənlərdən və xaricdəki lobbimizdən asılıdır. Dəqiq olan bir məsələ var ki, bu da İranın mərkəzi hakimiyyətinin zəifləməsinin bizə fürsət yarada biləcəyi ilə bağlıdır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları