Razi Nurullayev: "Əsas məsələ hakimiyyətə gəlmək, yaxud hakimiyyətin bir qolunda təmsil olunmaq, ən azından parlamentdə çoxluğa nail olmaqdır”
AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi
- Razi bəy, müxalifətin radikal düşərgəsində seçkidən sonra adəti üzrə bir susqunlq yaranıb. Bu düşərgənin hazırkı siyasi fəaliyyəti nəyi diqtə edir? Sizin partiya müxalifət olaraq bir fərqlilik göstərə biləcəkmi?
- Uzun müddətdir siyasətdə olsam da, siyasətəmi 2015-ci ildən yürütmüşəm, yəni siyasətdə gəncik deyə bilərəm. Demək olar ki, 3 ildir müstəqil siyasətlə məşğulam. Bu il həm də prezidentliyə namizəd oldum. Düşünürəm ki, bu, yeni fəaliyyətə başlayan bir siyasətçi üçün pis nəticə deyil. Amma mənim bəzi dostlarımız kimi ömürlük müxalifətdə qalmaq fikrim yoxdur. Müxalifət kürsüsü uğrunda mübarizə aparanlara da hətta nifrət edirəm. Düşünürəm ki, müxalifətdə olmaq şərəfli bir məsələ deyil. Yəni həmişə müxalifət olub kimisə tənqid etmək bir şərəf məsələsi də ola bilməz. Əsas məsələ hakimiyyətə gəlmək, yaxud hakimiyyətin bir qolunda təmsil olunmaq, ən azından parlamentdə çoxluğa nail olmaqdır ki, nələrisə edə biləsən. Bunun üçün çalışıram və əminəm ki, inşallah müsbət nəticəsi də olacaq. Mənim 12, 20, 30 il müxalifətdə qalıb hər il etdiklərimi növbəti illərdə dönə-dönə təkrarlamaq fikrim yoxdur.
- İqtidarın hansısa bir qanadında təmsil olunmaq deyəndə nəyi nəzərdə tutursunuz?
- Koalision hökuməti nəzərdə tutram.
- Nəzərə alsaq ki, "ana müxalifət”çiliyə iddialı olan cəbhəçilər 30 ilə yaxındır özlərini eyni düşərgədə qalmağa məhkum ediblər, o zaman sizin onları tərk etməyiniz də başadüşüləndir.
- Bu məsələyə çox aydınlıq gətirmişəm. Mən müxalifət olmaqdan yoruldum, eyni taktikaları təkrarlamaqdan bezdim. Məncə klassik anlamda siyasətlə məşğul olmaq lazımdır. Hazırda bu siyasətlə də məşğulam. Amma Azərbaycanda güclü bir siyasi proses və güslü siyasət aparan siyasətçi görmürəm. Düşünürəm ki, apardığım siyasət nəticəsində partiyamız nələrəsə nail ola biləcə, siyasi arenada nələrsə dəyişəcək. Hər şeyi nəticəylə ölçürlər. Mən nəticə üçün çalışıram və nəticəyə gedən yolda ola bilsin ki, nələrisə vurub yıxa, hansısa bir məqamlarda təlatümlü çıxışlar edə bilərəm, müəyyən kiçik mövqe dəyişiklikləri mümkündür. Amma bütün bunların hamısı məqsədə doğru gedən yolda olan büdrəmələrdir. Nəticədə həmin o istifadə etdiyimiz vasitələr özünü doğruldacaq və bizdən bədgüman olanlar sonunda çox ciddi şəkildə gümanlı olacaqlar.
- Müxalifəti birliklərsiz təsəvvür etmək olmur. Zamanla situasiyalara uyğun olaraq bir neçə partiya müəyyən adlar altında güclərini birləşdirib. Sizin partiya necə, hansısa partiyalarla müttəfiqlik edə bilərmi?
- Partiyamızın bu yöndə nəzərdə tutduğu gündəmdə olan planı var. Heç bir ilkin şərt irəli sürmədən bütün partiyalarla inteqrasiyaya hazırıq. Partiyalara danışıqlar üçün nümayəndələrimizi də göndərmişik, təkliflərimizi vermişik. Biz onlardan cavab gözləyirik. Vacib olan kimin lider olması, hansı siyasi taktikada mübarizə aparması deyil. Vacib olan güclənmək və xalqın maraqlarından birlikdə çıxış etməkdir.
- Bu hansı partiyalardır?
- ADP-yə həm məktubla, həm şifahi müraciət edərək məqsədlərimizi çatdırmışıq. Liberal Demokrat Partiyası ilə təmasımız olub. Digər bir partiya da var ki, onun adını hələ çəkmiyəcəm, başqa nəzərdə tutduğumuz partiyalarla da təmasımız olacaq. Bizə müraciət edənlərlə də əməkdaşlığa hazırıq. Əməkdaşlıq etmək istəmiyənlərə isə sadəcə uğurlar arzulayıram.
- Razi bəy, bir müddət öncə sosial mediada sizin səsli mesajınız paylaşıldı. O nə mesaj idi?
- Mən o səsli mesajı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərə göndərmişdim. Bir whatsapp qrupu var, mən həmin mesajı o qrupa qoymuşdum. Qrupda Əli Kərimli tərəfdarları da var idi, hansı ki, zaman-zaman barəmdə təhqiramiz ifadələr işlədirdilər. Özümün və tərəfdarlarımın mədəniyyəti imkan vermirdi ki, onların səviyyəsinə yenək. Bu səbəbdən o qrupda qalmaq istəmədim. Qrupdan çıxmağımı əsaslandıran çıxış hazırlayıb qrpa qoydum. O çıxışımda Əli Kərimli ilə bağlı düşündüklərimi, nə üçün onları tərk etdiyim və nələr baş verəcək, necə olacaq kimi fikirlərimi ifadə etmişdim. Görünür kimlərsə bu mesajımı o qrupdan götürüb yayıb ki, sizin də əlinizə keçib, saytınıza yerləşdirmisiniz.