Yuxarı

Ürəyi ağrıyan dünya: Vəziyyət ağırdır

Ürəyi ağrıyan dünya: Vəziyyət ağırdır

urek Dünyada baş verən ölümlərin birinci səbəbi olan ürək xəstəlikləri hər gün yüksələn nisbətlə dəyişir. Ürək sağlamlığına uşaq yaşlardan diqqət eləməyin vacib olduğunu deyən kardioloqlar xəstəliyin yayılma səbəbi kimi anormal iqlimi, natural olmayan qidalanmanı, oturaq həyat tərzini və stress dolu iş həyatını səbəb göstərirlər. Təbii ki, irsi faktorları unutmamaq şərti ilə.   Azərbaycanda bu xəstəlik cavanlaşır Hər il dünyada 17 milyondan çox insan ürək xəstəlikləri səbəbindən həyatını dəyişir. Mütəxəssislər deyir ki, bu rəqəm 2030-cu ildə 23 milyona çatacaq. Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Sağlamlıq Təşkilatı isə 2025-ci ilə qədər dünyada ürək xəstəlikləri səbəbindən erkən ölüm hallarının 25 faiz azaldılmasını hədəf götürüb. Kardioloqlar ürək sağlamlığının qayğısına qalmaq üçün alkoqoldan, zərərli vərdişlərdən uzaq olmağı, tütün, narkotika kimi asılılıqdan qurtulmağı məsləhət görür.   Bütün dünyada olduğu kimi, Azərbaycanda da qan-damar dövranı sistemi xəstəlikləri insanlar arasında ən çox təsadüf olunan xəstəlik olaraq qalır. Hər il ölkəmizdə orta hesabla 30 min nəfər ürək, qan dövranı xəstəlikləri səbəbindən dünyasını dəyişir. Ölənlər arasında üstünlüyü qadınlar təşkil edir. Ölkəmizdə qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlər arasında uşaq və körpələrin sayı da az deyil.  Səhiyyə Nazirliyindən  bildirirlər ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir. Ümumilikdə infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur.   Bəlkə sizin də ürəyiniz ağrıyır... Əgər siz də ürəyinizin ağrıdığından şübhələnirsinizsə, onda bu əlamətləri özünüzdə axtarın: ağrı, tənginəfəslik, yorğunluq və halsızlıq, sürətli döyünmə, ayaqlarda və qarında şişkinlik, öksürək, huşunu itirmək, həzm problemi, hıçqırıq və udqunmaqda çətinlik, baş və ənsə ağrıları, eləcə də göyərmə kimi əlamətləri özünüzdə müşahidə edirsinizsə, dərhal həkimə müraciət edin. Ürəyi qanla təmin edən damarların tıxanması ürək xəstəlikləri arasında ən çox yayılmış formadır. Bu zaman ürək lazımı qədər oksigen ala bilmir və ağrı ilə sahibinə xəbərdarlıq edir. Lakin nəzərə alın ki, sinənizdə hiss etdiyiniz hər ağrı ürək ağrısı deyil. Əzələ, qabırğa, onurğa, yemək borusu, ağciyərə aid xəstəliklər də eynilə ürək sancıları kimi ağrılar yarada bilir. Əgər çox yorulanda və həyəcanlananda ağrı hiss edirsinizsə, deməli, ürəyə gedən damarda tıxanıqlıq olma ehtimalı çoxdur. Eyni zamanda xroniki nəfəs yetməzliyi həm ürək, həm də ağciyər xəstəliyi ilə əlaqədar ola bilər. Bundan əlavə piylənmə və qocalıq da nəfəs darlığı yaradır. Əgər siz hərəkətsiz dayananda da nəfəs almaqda çətinlik çəkirsinizsə, probleminiz ürəyinizlə bağlıdır.   Ürəyinizi sağlam saxlayan qidalar yeyin Qidalanma eksperti və dietoloq Gülnar Şərifli deyir ki, ürək əzələlərini tonusda saxlamaq üçün günümüzü yulafla başlamaq yaxşıdır. Tərkibi kalium və omeqa-3 turşusu ilə zəngin olan yulaf dənli bitkilər arasında insana ən çox xeyri olan bitkidir. Dietoloq deyir ki, yulaf sıyığına bir az da pambıq toxumu əlavə edib yesək, ürəyimizin ömrünü uzatmış olarıq: “Qızılbalıq da ürək üçün ən faydalı qidadır, digər balıqlardan fərqli olaraq, bu balığın tərkibində trombların, yəni damar tıxanıqlığının yaranmasının qarşısını alan vasitələr var. Avokadonun tərkibindəki yağlar, zeytun yağı isə qandakı xolesterinin miqdarını aşağı salır. Badam və qoz da faydalı məhsullar sırasına daxildir. Onlar da omeqa-3 turşusu ilə zəngindir”. Əksər giləmeyvələrin ürək üçün faydalı olduğunu deyən müsahibimiz, xüsusən, çiyələk, qaragilə və qarağatı çox yeməyi məsləhər görür. O qeyd edir ki, bütün paxlalılar, xüsusən, mərcimək kalsium ilə, ispanaq kaliumla zəngin olduğu üçün ürək sağlamlığına böyük köməkləri dəyir. Soya bitkisi isə orqanizmi zülalla zənginləşdirir.   Ürək sağlamlığı üçün ÜST-ün qızıl məsləhəti Ümumdünya Səhiyyə Təşkilatı sağlam bir ürəyə sahib olmaq üçün əməl edilməli şərtləri belə sıralayır:

  • Siqareti tərgitməli;
  • Düzgün qidalanmalı;
  • Duzu, içkini, şəkəri azaltmalı;
  • Artıq çəkidən qurtulmalı;
  • GMO, fast-food qidadan uzaq olmalı;
  • Hərəkət etməli;
  • Stressdən uzaq olmalı.
  Soyuducunuzu və ərzaq dolabınızı gözdən keçirin, hazır qidaların hamısını çıxarıb atın, onların yerini meyvə və tərəvəzlə doldurun. Yağdan, duzdan, şəkərli qidalardan uzaq olun, idman edin, mümkün olduğu qədər işə piyada getməyə çalışın, tam olmasa da yolun yarısını piyada gedə bilərsiniz, ictimai nəqliyyatdan istifadə edərək işə çatmağa 2 dayanacaq qalmış enib piyada davam edin. Əgər velosipediniz varsa işə onunla gedin, bu ürək sağlamlığının ən böyük dostudur. Televizor izləmək yerinə həyətdə gəzişin, qonşularınızla söhbətləşin, ev işləri görün. Stressdən uzaq durun, o sizin ən böyük düşməninizdir.   Lalə Mehralı  





Həftənin ən çox oxunanları