Yuxarı

Builki qrip daha ağır keçir

Builki qrip daha ağır keçir

Dünyanın müxtəlif ölkələrində qripdən ölüm faktlarının olduğuna dair məlumat var. Azərbaycanda isə qrip epidemiyasından ölən olmayıb.

Bunu Cebhe.info-ya ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, mövsümlə bağlı hazırda qrip tez-tez müşahidə olunan xəstəlikdir: "Elə Avropa ölkələrində, ABŞ-da da qripin son vaxtlar artımı müşahidə olunur. Məsələn, ABŞ və Avropa ölkələrində Avstraliya qripi, yəni H2N3 yayılıb. Amma Rusiya məkanında "donuz qripi”, yəni H1N1 virusları yayılıb. Bu virusların hər ikisi kliniki cəhətdən bir-birinə oxşardır. Bir qədər Avstraliya virusunun ştampı "donuz qripi”nə nisbətən güclüdür. Bu virusun Azərbaycanda yayılma ehtimalı var- yox deyə bilmərik. Daha doğrusu, yayılma ehtimalı azdır. 2016-2017-ci illərdə bu virus Rusiya məkanında yayılmışdı. Təbii ki, bizim də daha çox əlaqələrimizin olduğu ölkə Rusiyadır. Oradan bizə də keçmişdi. Bir dəfə bu xəstəliyə yoluxmusansa, ömür boyu ona immunitet yaranır. Bu baxımdan, virusun Azərbaycanda yayılma ehtimalı düşükdür. Hər halda mövsümü qripdir. Hər il olduğu kimi bu il də müşahidə olunur”. 

Baş infeksionist vurğulayıb ki, hazırda müşahidə olunan mövsümü qrip bir qədər ağır gedişi ilə seçilir: "İnsan özünü gözləsə, temperatur dövründə evdə olsa, həkimin məsləhəti ilə müxtəlif müalicələri qəbul etsə, bu xəstəlikdən ölüm hadisəsi az olar. Ölüm yaşlı insanlarda baş verə bilər ki, onların immun sistemində və ya ürək-qan-damar sistemində müəyyən problemlər var. Yaxud da körpə uşaqlarda ölüm halları istisna olunmur. Neçə illərdir ki, infeksion şöbəni təmsil edirəm. Qrip halına görə hər hansı ölüm hadisəsinin baş verdiyini eşitməmişəm. Son 3-4 il ərzində bizim kliniki praktikada qripdən ölüm halı müşahidə olunmayıb. Sadəcə onu deyə bilərəm ki, builki qrip nisbətən ağır keçir, insanlar gərək özünü qorusun. İnsan özünü qoruyarsa, kənardakıların da bu xəstəliyə yoluxmasının qarşısını alar”. 

Cəlal İsayev onu da əlavə edib ki, hazırda Azərbaycanda kütləvi müşahidə olunan mövsümü soyuqdəymə qrip viruslarının törətdiyi xəstəliyə kliniki cəhətdən çox oxşayır: "Bunun labarator təsdiqi lazımdır. Bu təsdiqi isə hər zaman etmək mümkün olmur. Amma oxşar kliniki gedişi var”. 

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları