Payış-qış mövsümündə insan orqanizmində yaranan ciddi problemlərin səbəblərindən biri kimi D vitamininin azlığı göstərilir. Dünyada xəstəliklərin getdikcə daha çox yayılması və gəncləşməsi bir çox mütəxəssislərin yeməklə bağlı məsləhətlərini daha maraqlı edib. Bu məsləhətlər sırasında isə qırmızı ətdən maksimum az istifadə xüsusi yer tutur. Ancaq Türkiyənin məşhur daxili xəstəliklər və kardiologiya sahəsində mütəxəssisi Canan Karatay öz fikirləri ilə həmişə fərqlənib.
"Xəstələrin 99 faizində bu problem var”
"Cümhuriyət” qəzeti xəbər verir ki, C.Karatay qış aylarında D vitamini ehtiyacının qarşılanması üçün bir çox məsləhətlər verib.Bu məsləhətlər isə digər mütəxəssislərin söylədiklərinin əksini təşkil edir. İnsanların böyük qismində qışda D vitamini çatışmazlığının çox olduğunu deyən mütəxəssis "Mənim 20 min xəstəmin 99 faizində bu problem var”,- deyə vurğulayıb.
Arayış: D vitamininin əsas əhəmiyyəti kalsi və fosforun yaxşı mənimsənilməsinə olan təsiridir. Kalsi sümüklərimiz üçün çox vacibdir, məhz bu səbəbdən sınıqlar zamanı orqanizmi D vitamini illə lazımi dərəcədə təmin etmək lazımdır.D vitamini defisiti həmçinin ilk olaraq sümük hüceyrəsində özünü göstərdiyindən, uşaqlarda bu defisitlik raxit xəstəliyinə, yaşlılarda isə osteoporozun yaranmasına səbəb olur.
D vitamini həmçinin immun sistemin gücləndirlməsində böyük rol oynayır və sinir sistemi pozulmalarının qarşısını alır.Bundan əlavə onkoloqlar pasiyentlərin çox hissəsinin orqanizmində lazımi dərəcədə günəş vitamininin olmasını müşahidə ediblər.D vitamini əzələ gücünün saxlanılması və yaşa dolduqda beynin normal funksiyası üçün çox vacibdir.
Gündə nə qədər D?
Qida ilə əldə olunan D vitamini əsasən yaşayış şəraitindən asılıdır. Mütəxəssislər bildirir ki, gündəlik norma 0,005-0,01 mqr sayılır. Lakin dəriniz gündəlik olaraq 20 dəqiqə günəş şüları altında olursa, bu norma 2-3 dəfə azalır. Bu vitaminə olan gündəlik normanı balıqdan (tunes və ya qızılbalıq) almaq mümkündür. Bundan əlavə, balıq yağı, yumurtanın sarısı, pendir, kərə yağı və süd məhsulları yaxşı mənbə sayılır.Bitki qidalarına gəldikdə isə kartof, cəfəri, gicitkən və qarayoncanın adını çəkmək olar.
16 növ xərçəngdən qoruyur
D vitamini bir çox xəstəliklərin, o cümlədən xərçəng xəstəliyinin 16 növünün inkişafı barədə xəbərdar edir.Döş, prostat, yoğun bağırsaq, mədəaltı vəzi, mədə, yumurtalıq, öd və sidik kisələri, düz bağırsaq, böyrək və digər orqanlardakı bədxassəli şişlərdən gedir.Alimlər hətta bu vitaminin köməyi ilə insanı xərçəngdən müdafiə edə biləcək mexanizmin hazırlanması mümkünlüyünü bildirir.
"Ət və kərə yağından uzaq durun” deyənlərə etiraz
Məsləhətlərə gəlincə, mütəxəssis qış aylarında daha çox kələm, sarımsaq, soğan istehlakının artırılmasına diqqət çəkib. Bildirib ki, bu məhsullar çiy halda probiotik təşkil edirlər: "Qışda orqanizm psixoloji olaraq xəstələnir. Bunun səbəbi isə günəşsiz hava şəraitidir.İnsan özünü evə qapatmamalıdır.Bayıra çıxıb gəzmək, təmiz hava almaq lazımdır.Dəniz kənarında gəzin, meşələrə tez-tez gedin.Bu, sizin depressiyadan da qurtulmanıza səbəb olar”.
Mütəxəssis bildirir ki, D vitamininin çatışmamasının bir səbəbi günəş işığının az qəbuludursa, başqa səbəbi isə heyvan mənşəli qidalardan, yağlardan uzaq durmaqdır. Menyusuna bu ərzaqları daxil etməyənlər qış aylarında səhhətlərində ciddi problemlərlə üzləşirlər."İllərcə heyvan mənşəli yağlardan, ətlərdən uzaq durun-deyiblər.Guya bunlar xəstəlik mənbəyidir.İnfarkta yol aça biləcəyini söyləyiblər.Ancaq nəticədə çox sayda insan D vitamininin çatışmaması ilə üzləşib.Ərzaqları təbii halında qəbul etmək lazımdır.Kim hansı turşunu sevirsə, özü evdə hazırlasın və içinə kimyəvi maddə tökməsin.Tez-tez evdə bulyon istifadə edilsin, paça bişirilsin, qatıq çalınsın və sirkədən çox isitfadə edilsin.Bunlar insanın immun sistemini gücləndirər və xəstələnməyə imkan verməz”.
Bahalı krem əvəzinə bulyon
Mütəxəssisin dediyi kimi, ət bulyonu, xüsusən, qışda orqanizm üçün olduqca faydalıdır.Qadınlar üçün isə həm də ikiqat faydalıdır. Məsələn, ət bulyonundan istifadə edən qadınlar sellulit problemi ilə daha az üzləşirlər. Bağırsaq keçməziyi sindromu ilə üzləşənlər də ət bulyonundan və paçadan maksisimum faydalanmalıdırlar.Depressiya, xərçəng, diabet kimi xəstəliklərin də müalicəsində paçadan istifadə yeni-yeni menyulara daxil edilir.Tərkibindəki glycine, proline, and arginine adlı aminoasitlər bir çox xəstəliklərin səbəbini aradan qaldırmağa yardım edir.Məsələn, argininin sepsisin müalicəsində rolu əvəzedilməzdir.Yaşlılığın qarşısını almağa, cildin gəncləşməsinə hədəflənən və olduqca baha qiymətə təklif edilən məşhur şirkətlərin istehsalı olan kremlərin əksəriyyətinin tərkibində olan kolajen sümük suyunda əsas maddələrdən biridir.Başqa sözlə desək, baha qiymətə aldığınız və gəncləşdirəcəyinə ümid etdiyiniz kremlərin əvəzinə vaxtaşırı olaraq sümük bulyonu istifadə edə bilərsiniz.Bu, dərinizi gözəlləşdirəcək, dırnaq və saçlarınızı möhkəmlədəcək, üzünüzü təravətləndirib sizə daha gənc görünüş verəcək.
Harvard nəticəni təsdiqləyib
Sümük bulyonunun tərkibindəki minerallar immun sistemini daha da gücləndirir.Xəstə olduğumuz zaman ağılımıza ilk olaraq toyuq və ya ət bulyonunda bişirilən şorbanın gəlməsi təsadüfi deyil.Harvard Universitetində aparılan bir araşdırmaya görə, sümük bulyonu otoimmun xəstəliyindən əziyyət çəkənlər üçün dərman təsiri bağışlayır.Sümük bulyonunun tərkibində olan arginine immune sistemi gücləndirməklə yanaşı, yaraların tez sağalmasına kömək edir.Yəqin ki, əməliyyatlardan sonra həkimlərin sümük bulyonu tövsiyyəsi barədə eşitmisiniz.Eyni zamanda tərkibindəki böyümə hormonu uşaqlar üçün olduqca faydalıdır.Kişilərdə isə cinsi gücü artırmaq kimi xüsusiyyəti var. Öd kisəsində duzun yaranmasının qarşısnın alınmasında da sümük bulyonu əvəzedilməzdir.Yaddaşı gücləndirir, yuxunu normaya salır.Tərkibindəki proline dərini sanki "doldurur”, sellulitləri azaldır, bağırsaq deşiklərini bağlayır.Sümük qaynadılan zaman suya qarışan fosfor, kalsium və maqnezium insanın sümüklərini bərkitmək xüsusiyyəti olan əsas minerallar arasındadır.Mütəmadi olaraq sümük suyu içən insanlar onun verdiyi enerjidən məmnundur.Uzun müddət insanı tox saxladığına görə arıqlamaq istəyənlər də menyuya daxil edə bilərlər.
Gündə 200 ml için
Bəs bu qədər faydası olan sümük bulyonunu necə hazırlamaq olar?Hər kəs, xüsusilə də xanımlar bunu bildiyini düşünür, mütəxəssislər isə fərqli düşüncədədir.Onların sözlərinə görə, böyük əksəriyyət sümük bulyonunu əldə etməyin qaydasını doğru bilmir və məhz bu səbəbdən bulyonun tərkibində istənilən qədər mineral qalmır.İlk olaraq aldığınız sümüklərin təzə olmasına diqqət edin.
Qoyun və ya dananın ilikli sümüklərini alın.Soyuq suda yuduqdan sonra böyük sümükləri ortadan bölərək içinə soğan tökməklə bişməyə qoyun. Kəfini tez-tez yığın ,əks təqdirdə suyu süzməli olacaqsınız. İçinə sarımsaq, yerkökü və zəncəfil dilimi də qoya bilərsiniz.Toz və ya dənəvər qara bibər, eləcə də dəfnə yarpağı atmaq mümkündür.Sümüklərdəki mineralların suya qarışması üçün qazana 2 qaşıq sirkə əlavə edin.
Ağzı möhkəm bağlanan qazanda möhkəm qaynatdıqdan sonra vam odda 10-12 saat bişirin.Bişirmə zamanı önəmli olan məqam qazanın möhkəm qaynamamasıdır.Belə olarsa, sümüyün tərkibindəki mineralların təsiri itə bilər.Nə qədər uzun müddət bişərsə, tərkibi bir o qədər zəngin olar.Bişdikdən sonra süzərək soyuducuya qoyduğunuz bulyonun üstünə toplanan yağı səhəri gün yığa bilərsiniz.Bu yağdan omlet kimi bəzi vam odda bişən yeməklərdə istifadə etmək olar.Belə sümük bulyonu soyuducuda 4 gün, dərin dondurucuda isə 3 ay qala bilər.Jelatin kimi olan sümük bulyonunu hər gün səhər qızdırıb 200-250 ml içmək olar.
Sevil Ağazadə