Yuxarı

Dərman vasitələrinin istehsalı realdır?

Dərman vasitələrinin istehsalı realdır?

[caption id="attachment_362" align="alignleft" width="266"]Aydın_Mirzəzadə_2014 Aydın Əliyev:  "Xammal kimi Azərbaycanda təqribən 135- dən çox dərman bitkisi var"[/caption]

Əli Əhmədov:  "Keyfiyyətli dərman buraxan firmlalarla birlikdə dərman istehsalı müəssisələri yaradılacaq "

Azərbaycanda dərman istehsal edən müəssisələrin yaradılması üçün danışıqlara yaxın vaxtlarda başlanacaq. Bunu Trend-ə müsahibəsində Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, uzun müddət Azərbaycanda dərman istehsalı praktikası, bu sahənin mütəxəssisləri olmayıb. Buna görə də yeganə çıxış yolu korporasiya əsasında xarici ölkələrin ciddi dərman firmaları ilə əlaqələr quraraq müəssisə yaratmaqdır.

Hazırda bu istiqamətdə işlərin aparıldığını deyən Əli Əhmədov bildirib ki, ilkin mərhələdə Azərbaycanda korporasiya əsasında yaxşı imici olan, keyfiyyətli dərman buraxan müəssisələrlə birlikdə dərman istehsalı müəssisələri yaradılacaq. Baş nazirin müavini hesab edir ki, gələcəkdə respublikanın özünün də tədricən dərman istehsalı üzrə praktikası formalaşacaq. Azərbaycanın yaxın zamanlarda dərman istehsalına başlayacağını güman etdiyini söyləyən Əli Əhmədovun sözlərinə görə, ölkədə, demək olar, dərman istehsalı yoxdur. İstifadə edilən dərmanların böyük əksəriyyəti xaricdən gətirilir.

AMİP Mərkəzi Şurasının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev ölkədə dərman istehsalına dair fikirlərlə bağlı “Cümhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Dərman istehsalında kifayət qədər praktikası olmayan bir ölkə üçün bu addım nə dərəcədə uğurlu alına bilər?

-  Azərbaycanda dərman istehsalı olmaya bilməz söhbəti yoxdur. Baza var, bu işlər görülə bilər. Bu gün müstəqil Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş “AzFarm” dərman firması var. Bu şirkət təqribən 70-dən artıq yerli dərman istehsal edir. Dərman istehsal edir o demək deyil ki, həmin preparatları bizim alimlər alıb, kimya-fizika zavodlarında hazırlanıb. Sadəcə yerli şirkətin dərman istehsalı ilə məşğul olması barədə təbliğat zəifdir. Təəssüf ki, yerli mala çox yer verilməyib. Hazırda Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsində laboratoriyalar hazırlanır. Yaxın perspektivdə həmin laboratoriyada dərman istehsalını öyrənməsi planlaşdırılır. Burda da əczaçılar, farmakoloqlar və başqa sahənin adamları elmi nöqteyi-nəzərindən iştirak edəcəklər. Digər bir bazamız da var, bu, xammal bazasıdır. Xammal kimi Azərbaycanda təqribən 135- dən çox dərman bitkisi var. Dərman bitkilərini öyrənən alimlərimiz tibb farmakologiyasında da müasir dərmanlar ala bilərlər. Təbii ki, bunların alınması üçün çox böyük maliyyəyə ehtiyac var. Bu, hökumət səviyyəsində həll olunmalıdır.

- Qeyd etdiniz ki, “AzFarma” şirkəti 70-dən artıq dərman istehsal edir. Bu preparatlar xarici bazara ixrac olunurmu?

- Məndə olan məlumata görə, xarici bazara ixrac olunmur. Bunun bir səbəbi yerli məhsulların yaxşı təbliğ olunmaması və apteklərdə geniş satılmamasıdı. Bu istiqamətdə müəyyən problemlər var. Hətta fikir versək görərik ki, əhali dərmana bu cür yanaşır - dərman Avropa, Rusiya və ya türk məsuludur. Burda təbliğat böyük rol oynayır.

- Sovet vaxtında Azərbaycanda dərman istehsalı olub. İndiki dərman istehsalı ilə o zamankı istehsal arasında nə kimi fərq var?

- Şəxsən mən yerli məhsullara üstünlük verirəm. Ölkədə istehsal olunan dərmanların tərkibini biz müəyyənləşdirmirik. Dünyada qəbul olunmuş standartlar var. Qəbul olunmuş antibiotik firmalarının lisenziyasını Azərbaycan alıb həmin preparatın istehsalına başlayır. Bu işlər gedir. Keyfiyyətlə bağlı müəyyən aparatlar var. Dərmanın bioloji aktivliyini yoxlayır. Azərbaycanda Səhiyyə Nazirliyində dərmanın tərkibi yoxlanılır. Bu yoxlama əsas olsa da, digər mühüm məqam dərmanın fəal olub-olmamasını müəyyən etməkdir. Dünyada gedən maliyyə, enerji problemləri hakimiyyəti silkələyib. Azərbaycanın bitkilərdən, mədən və neft məsullarından ibarət yeraltı və yerüstü xammalı, həmçinin potensiallı alimlərimiz var. Bunların hamısına kompleks yanaşsalar Azərbaycan müəyyən vaxtdan sonra dünyaya dərman istehsal edə bilər. Əgər deyilənlərin üstündə dursalar, çox yaxşı nəticələrimiz olar. Dünyanın ayrı-ayrı ölkələrinə dərmanlarla çox ciddi təsirlər edirlər. Dərmanlar artıq siyasi vasitəyə çevrilib.

- Azərbaycan dərman istehsalına başladığı təqdirdə qiymətlər necə tənzimlənəcək?

- Təbii ki, yerli məsulu keyfiyyətli istehsal etsək, xaricdən gətirməyə ehtiyac qalmayacaq. Yerli istehsal ucuz başa gəlməlidir. Bunu qat-qat artıq satmaq mümkün ola bilməz. Azərbaycanda keyfiyyətli istehsal olsa, xarici inhisara davam gətirə bilərik. Dərman bazarımızı öz əlimizə keçirməliyik. Bu zaman həm keyfiyyətdə, həm iqtisadiyyatda udarıq. Eyni zamanda öz dərmanımız xəstəliklərə qarşı bədənimizə daha uyğun olar, nəinki xaricdən gətirilənlər.

Rusiyada yeni bir dərmanın istehsalı üçün təqribən 10 milyon dollar pul xərcləyir. ABŞ-da isə bu rəqəm təqribən 200-800 milyon dollar arasında dəyişir. Bu gün hökumət buna fikir versə, buna çox böyük maliyyə vəsaiti ayırmalıdır. Ən böyük arzularımdan biri budur ki, dərman istehsalına sahibkarlar qoşulsun. Belə olsa, dövlətin çıxarları az olar. Həm də bütün Azərbaycan cəmiyyəti elmə yönələr. Onda da Azərbaycan aparıcı güclü dövlət olar. Sadəcə, elmə şərait yaratmaq lazımdır. Bunun üçünsə dövlətin büdcəsindən başqa sahibkar və pul lazımdır.

- Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edildi. Belə ki, Səhiyyə Nazirliyinin qərarına görə, müxtəlif adda olan 844 seriya nömrəli dərman daha tibbdə istifadə olunmayacaq. Sizcə, buna ehtiyac var idimi və səbəb nə idi?

- Həmin qərara subyektiv yanaşa bilərəm. Çünki nazirlik nümayəndələri mətbuata açıqlama verdilər ki, dərmanların keyfiyyətində müəyyən problemlər var. Onda belə bir sual yaranır ki, əgər bu, keyfiyyətsiz dərmandırsa, ölkəyə niyə gəlib çıxır? Təbii ki, bu dərmanların ölkəyə gəlməsi birbaşa Səhiyyə Nazirliyindən yox, ayrı-ayrı qurumlardan asılıdır. Hər halda nazirlik nümayəndəsinin fikrinə inanaq ki, 844 dərmanın qadağan olunması onların keyfiyyətsizliyi ilə bağlıdır.

Ürək və şok əleyhinə dərmanların hansı formada olur-olsun mütləq təminatı olmalıdır. Reseptsiz aptekə gedib dərman almağın əleyhinəyəm. İstənilən dərmanın reseptlə verilməyinin tərəfdarıyam. Çox təəssüf ki, əhali arasında maarifləndirmə aparılmır. İnsanların yaşayışı, qidalanması, ekologiya, həkim xəstə münasibətləri təbliğ olunmur. Əhalinin tutduğu mövqedən asılı olmayaraq sağlamlıq haqqında çox primitiv bilgiyə sahibdir. Bəzən televiziyada dərmanları təbliğ edirlər. Əgər bu dərmanların təbliğatına ehtiyac varsa, onda mütləq deyilməlidir ki, bu dərman filan qrupa aiddir, filan dərmandan filan farmakoloji xüsusiyyətinə görə fərqlidir və üstün cəhəti budur. Amma ümumi şəkildə çıxıb televiziyaya heç nədən çəkinmədən başlayırlar reklama. Kanallarda bu cür təbliğat aparırlar ki, “gəl bizim xəstəxanaya müalicə edək”. Bu mənim ağrıyan yerimdir. Azərbaycanda elmi tərəfdən sağlamlığın maarifləndirilməsi istiqamətində profilaktik söhbətlər aparılmır. 1980-90-cı illərdə rus alimləri ilə birgə “Meksidol-antioksidant” dərman maddəsinin alınmasında iştirak etmişəm. Bu preparat bütün xəstəliklərdə işlədilir. Hətta Putin 2003-cü ildə öz alimlərinə dövlət mükafatı verdi. Təbii ki, onlar bu fəxri adı mənə verə bilməzdilər. Biz öz alimlərimizin əldə etdiyi nailiyyətləri tanımırıq, amma xariciləri tanıyırıq.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları