Yuxarı

AXCP Vahid Qərar Şurasının ictimai müzakirəsini keçirib

AXCP Vahid Qərar Şurasının ictimai müzakirəsini keçirib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təklif etdiyi Vahid Qərar Şurasının ictimai müzakirəsi keçirilir.

Tədbirdə siyasi partiyaların təmsilşiləri, ictimai fəallar, müstəqil ekspertlər, ziyalılar iştirak edir.

"Bu məsələdə hansısa siyasi divident güdmək vətənə xəyanətdir"

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə AXCP sədri Razi Nurullayev açıb:“Cəbhə bölgəsində ağır döyüşlər gedir. Demək olar ki, İkinci Qarabağ Müharibəsidir və bu döyüşlərdə Azərbaycan tərəfi də şəhid verib. Qarabağ hər kəs üçün ağır yaradır və bu yaranın sağalması üçün hər bir kəs əlindən gələni etməlidir. Biz düşünürük ki, istər iqtidar, istər müxalifət bir mövqedən çıxış etməlidir. Bu məsələdə hansısa siyasi divident güdmək, başqa maraqlara xidmət etmək vətənə xəyanətdir. Biz bu birliyə nail olmaq üçün Vahid Qərar Şurasının yaradılmasını təklif etmişik.

Reallıqdır ki, Ermənistan rəhbərliyi Qarabağ məsələsindən öz siyasi maraqları üçün istifadə edir. Azərbaycan dövlətinin təmsilçiləri, ölkə prezidenti danışıqlara getdiyi zaman bir gözü arxada qalır ki, siyasi partıyalar, hərəkatlar, təşkilatlar hər hansı bir razılaşmanı xəyanət kimi qiymətləndirəcəkmi, ya yox? Ona görə də hesab edirəm ki, Azərbaycan prezidenti danışıqlara gedərkən bir qədər narahat olur. Bu səbəbdən də biz Vahid Qərar Şurasının yaradılmasını təklif edirik. Təklifdə göstəririk ki, Vahid Qərar Şurasında Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqelər müəyyənləşdirilir və prezidentə razılaşmalar təklif olunur. Bu, ona xidmət edir ki, ümumi razılaşma əsasında prezidentin alacağı qərarlar artıq müzakirə olunmur”.

AXCP sədrinin sözlərinə görə, Azərbaycana xarici dövlətlərdən də müəyyən təzyiqlər var:

“Vahid Qərar Şurası adından da göründüyü kimi yekdil qərar verərək Azərbaycan prezidentinə hansı kompromislərə gedəcəyi haqda təkliflər verir. Qərarları Vahid Şurası verdikdə artıq heç kimi buna qarşı çıxa bilməyəcək. 2-5 aprel hadisələrində məqsədli şəkildə xəbərlər yayılırdı ki, Cəbrayılı, Füzulini və.s almışıq. Bunu bir çoxları popilizim kimi qəbul edirdilər. Ancaq sonda məlum oldu ki, Azərbaycan ordusu 8 post, srtateji əhəmiyyətli nöqtələr əldə edib. Elə şeylər var ki, biz onu bilmirik. Ancaq Vahid Qərar Şurası olsa, orada bunlar müzakirə olunsa, bu cür yanlış məlumatlar da yayılmaz”.

Razi Nurullayev çıxışının davamında “Hücum edən tərəf daha çox itki verir. Biz hücum edən tərəfik, çünki bizim torpaqlarımız işğaldadır. Hücum edən tərəf biz olduqda daha çox itki verən də biz olacağıq. Prezident Qarabağ danışıqlarında məsuliyyəti dərk edir” deyə bildirib.

İctimai müzakirələr zamanı məlum olub ki, Vahid Qərar Şurasının yaradılması təklifi 13 bənddən ibarətdir. Artıq təklifə olan münasibətlərdən aydın olur ki, siyasi partiyalar və ya təşkilatlar tərəfindən razılıqla qarşılanıb.

"Vətən, torpaq məsələsində fərqli fikir olmamalıdır"

Müzakirələrdə "Cümhuriyət" qəzetinin Baş redaktoru Rəfail Becanov Vahid Qərar Şurası haqqında bəzi məqamları diqqətə çatdırıb:“Bəzən elə hallarla qarşılaşırıq deyilir ki, heç kim xalqın adından qərar verə bilməz. Bunun üçün hüquqi prosedurlar, referendum və ya başqa yollar var. Amma elə məsələrlər var ki, ona qədər ümumi razılaşma olmalıdır və daha sonra həmin məsələnin hüquqi prosedurlara daşınmalıdır. Qarabağ problemi ilə bağlı Azərbaycan fərqli müstəvilərdən təklif edilən iki yol qarşısındadır. Biri Madrid, digəri isə Kazan prinsipləridir. Bunun hansı Azərbaycanın mənafeyinə uyğundur? Vahid Qərar Şurasının yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanın mənafeyinə uyğun olan ən yaxşı variantı seçək. VQŞ-nin digər bir məqsədi xalq və hakimiyyət birliyinin yaradılmasıdır. İctimayyət, siyasi tə.kilatlar, media və hakimiyyət VQŞ-ni qəbul edərsə, bu məsələ həllini tapa bilər. Bizim sosial, iqtisadi və digər məsələlərlə bağlı fərqli yanaşmalarımız ola bilər. Ancaq vətən, torpaq məsələsində fərqli fikir olmamalıdır. Vahid Qərar Şurasının da əsas məqsəd və məramları bundan ibarətdir”.

"VQŞ təklifi təqdirəlayiqdir"

Tədbirdə iştirak edən Ümid Partiyasının icra aparatının rəhbəri Taleh Əliyev Azərbaycanın 4 gündə ciddi uğurlara nail olduğunu bildirib: “Xalq qələbə eyforiyasında oldu. Qələbə isə insanları aydın düşünməyə qoymur. Ermənistan məğlub tərəf kimi bu məsələyə daha obyektiv qiymət verdi. Məhz onun nəticəsi idi ki, ermənilər 3 generalını istefaya göndərdi. 4 günlük əməliyyatlardan dərhal sonra erməni əsgərinin anaları mitinq etməyə başladılar ki, niyə bizim balalarımız gedib başqa dövlətin ərazisində ölməlidir. Bu da bir daha sübut etdi ki, ermənilər Qarabağı öz torpağı kimi qəbul etmir. Və Ermənistana artıq beynəlxalq dəstək də yoxdur. Həqiqətən də bu günə qədər Azərbaycan cəmiyyətində Qarabağla bağlı ortaq mövqe yoxdur. Hakimiyyət öz siyasətini başqa yöndə qurur. Xalq isə aldıqları müxtəlif informasiyalar ilə müəyyən mövqe tutur”.

VQŞ-nin yaradılması təklifini dəstəkləyən Taleh Əliyev  “Bu, çox tədqirəlayiqdir. İdeyanın gündəmdə saxlanılması üçün bu cür tədbirlər keçirilməlidir. Qarabağ məsələsində heç bir ayrıseçkilik olmamalıdır. XİN danışıqlar apararkən xalqın mövqeyini  və xalqın güzəşt olaraq nəyi nəzərdə tutduğunu bilməlidir. Həm də Azərbaycan cəmiyyətinin yenilənmiş fikirlərinin öyrənilməsi üçün bu təklifi çox tədqirəlayiq hesab edirəm. Bu təklif üçün AXCP-yə, Razi Nurullayevə təşəkkürümü bildirirəm və bir daha bəyan edirəm ki, bu təklif çox yüksək qiymətləndirilməlidir”, - deyə vurğulayb.

"Qərbi Azərbaycanda da azərbaycanlılara muxtariyyat verilsin"

Müzakirələrdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Aybəniz Qafarova hər kəsi dövlət ətrafında birləşməyə çağırıb:“Bu gün Qarabağın taleyi həll olunur. Aprel hadisələrindən sonra hər kəsin ayağa qalxmağı məndə 1988-ci il meydan hərəkatı qənaətini yaratdı. Ola bilər ki, danışıqlarda 5 rayon qaytarılsın, 2 rayon sonra müzakirə olunsun. Mən təklif edirəm ki, Dağlıq Qarabağa muxtariyyat o şərtlə verilsin ki, Qərbi Azərbaycanda da azərbaycanlılar eyni qaydada muxtariyyat əldə etsinlər. Biz hər birimiz ayıq- sayıq olmalıyıq. Sosial şəbəklərdə yalnış məlumatlar yayımlanır. Bu cür halların da qarşısı alınmalıdır”.

"Ermənistan iqtidarının beynəlxalq tribunalda cavab verməsini təmin etmək lazımdır"

Müzakirələrə qatılan Gənclərin Analitik Müqaviləsi Assosasiyasının rəhbəri Zaur Əkbər ən böyük məsuliyyətin hökumətin üzərinə düşdüyünü deyib:“Hamı Qarabağın tezliklə azad olunmasını istəyir. Ancaq necə? Bunu deməklə Qarabağ bizim olmur ki… Bunun ən böyük məsulliyyəti hökumətin üzərinə düşür. Qarabağ probleminin həllinə hər zaman Kreml mane olur. O zamandan indiyə qədər Rusiya bu məsələnin həllinə maneə törədir. 4 günlük müharibədə 100-ə yaxın şəhidimiz olub. Ancaq hələ də Müdafiə Nazirliyinin rəsmi rəqəmləri 31 nəfərdir. Həmin günlərdə nə qədər dezinformasiyalar olub. Bizim istəyimiz 7 rayonun azad olunmasıdır. Bu məsələdə bir az məsuliyyətli olmaq lazımdır. Qarabağ problemindən istifadə edib siyasi divident əldə etmək olmaz. Beynəlxalq tribunalda əli qana bulanan erməni iqtidarlarının cavab verməsini təmin etmək lazımdır. Xalqı danışıqlarda o qüvvə təmsil edə bilər ki, onu xalq seçsin”.

“Beynəlxalq məhkəməyə müraciət olunsun”

"Karabakh Today" Beynəlxalq Analitik İnformasiya Portalının baş redaktoru Oktay Hacımusalı da tədbirin keçirilməsinin vacibliyinə diqqəti çəkib:

“Bir çoxları informasiya müharibəsi haqqında danışır. Danışılması bir yana, informasiya müharibəsi aparılmasını deyir. Biz bilirik ki, Ermənistdanda xunta rejimidir. Hakimiyyət riçaqlarını əlində saxlamaq üçün Dağlıq Qarabağ danışıqları onsuz da uzanacaq. 4 günlük müharibə dönəmində cəbhə bölgəsində birmənalı şəkildə millətlə ordunun çox böyük vəhdətinin şahidi olduq. Həmin o kütlənin qarşısı alınmasaydı, bəlkə də bu gün o ruh yüksəkliyi ilə Qərbi Azərbaycana qədər gedərdik. Sadəcə külü bir az üfürmək lazımdır ki, köz yenidən alışsın. Vahid Qərar Şurasının fəaliyyətinin işıqlandırılması üçün sosial şəbəkədə çox böyük iş aparılmalıdır. Hər bir siravi vətəndaş sosial media və internet resursları ilə məlumat əldə edə bilməlidir. Biz dünyanı inandırmalıyıq ki, bu məsələdə nə iqtidarımız nə də müxalifətimiz var. Bu məsələdə bir vahid mövqedən çıxış edirik. Həmin günlərdə vəfat edən siravi vətəndaşlardan Türanə Həsənovanın evinə qrad mərmisi düşüb. Bununla bağlı beynəlxalq məhkəmələrə müraciət olunmalıdır. Birmənalı şəkildə VQŞ-nin təkliflərində olduğu kimi bu problemlərin ictimaiyyətə və beynəlxalq qurumlara çatdırılmısı təqdirəlayiq haldır”.

“VQŞ xarici təşkilatlarla aktiv işləməlidir”

Dağlıq Qarabağ məsələsində hər kəsin öz mövqeyini bildirməli olduğu qənaətini bölüşən beynəlxalq məsələlər üzrə ekspert Ruslan Rzayev “Azərbaycan 22 il ərzində maksimum çalışdı ki, bu münaqişəni sülh yolu ilə həll etsin. Vahid Qərar Şurasında xarici təşkilatlarla aktiv işləmək lazımdır ki, münaqişə sülh yolu ilə həll olunsun. Ancaq münaqişə hərbi fazaya keçsə, biz bu Qarabağı azad etməyə tam hazırıq” deyə vurğulayıb.

Qərar: Təklif ölkə prezidentinə təqdim ediləcək

Tədbirin sonunda ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan dövlətinin milli maraqlarının ifadəsi məqsədiylə hökumətə təqdim edilməsi nəzərdə tutulan Vahid Qərar Şurası təklifinin ölkədəki bütün ictimai-siyasi partiyalar, təşkilatlar, müstəqil ekspertlər, ziyalılar tərəfindən geniş müzakirə edilməsinə və birgə işçi qrupunun yaradılmasına qərar verilib. O da vurğulanıb ki, ölkə başçısının, eləcə də hökumətin bu Şurada iştirakı zərurətdir. Məhz buna görə də yaradılacaq işçi qrupu tərəfindən Vahid Qərar Şurası təklifinin ölkə prezidentinə təqdim edilməsi qərara alınıb.

Vilayət Muxtar Foto: Rövşən Əsədov





Həftənin ən çox oxunanları