Yuxarı

Azərbaycanda xəstəlik yayan GMO məhsullar

Azərbaycanda xəstəlik yayan GMO məhsullar

Yəqin bir çoxlarına məlumdur ki, uzun və gümrah, xəstəliklərsiz ömür yaşamağın əsasını, yəni 80 faizini sağlam qidalanmaq təşkil edir. Yerdə qalan 20 faizi isə təmiz ekologiya və suyun üzərinə düşür. Təbii ki, müasir dövrdə sadaladığımız hər üç faktorun 100 faiz təmini müşkülə çevrilib.

Qidalara gəlincə, internet dövründə yaşayırıq, hazırda istehsal olunan qida məhsulları ilə bağlı az qalsın, bütün dünyada həyəcan təbili çalınır.

Çünki süd, toyuq, kəsmik və sair bu qəbildən olan məhsulların ömrünü uzatmaq üçün tərkibinə konservant dediyimiz antibiotiklər vurulur. Amma bu məhsulları davamlı qəbul edən insanların ömrünü "yeyir”.

Dədə-babadan kəndlərdə inəyin südünü bir gün saxlayardın, növbəti gün çürüyərdi. Amma indi piştaxtalarda bərbəzəkli qablaşdırılmada qoyulan südün üzərinə saxlanma müddəti bir il yazılır. Alıb, evdə istifadə edib, qalanını soyuducuya qoyursan, həftələrlə qalsa da, xarab olmur. Südün dadı-tamı isə başqa bir mövzudur.

Bəli, son illər ölkədə istər böyük, istərsə də kiçik qida məhsulları satılan marketlərdə, əhalinin həyatı ilə oynayırlar desək, yerinə düşər. 

Məhz həmin qidaların ucbatından az qalsın, əsrin bəlası kimi qəbul etdiyimiz onkoloji xəstəliklər – xərçəng sürətlə yayılmaqdadır.

Yeri gəlmişkən, təxminən 1960-cı illərdə Çində xərçəng xəstəliyi sürətlə yayılmağa başlamışdı. Bilirsiniz ki, bu ölkə sağlam qidalanamaq üzrə dünya üzrə ön sıralarda qərarlaşıb. Xərçəng xəstəliyinin bu cür geniş vüsət alması dövlət rəsmilərini ciddi narahat etməyə başladı. Uzun araşdırmalardan sonra məlum oldu ki, insanları bu qorxunc xəstəliyə mübtəla edən konservləşdirilmiş balıq məhsullarıdır. Bundan sonra hökumət məsələ ilə bağlı ciddi ölçü götürdü və ölkədə konservləşdirilmiş balığın satışı tamamilə yığışdırıldı. Bundan sonra da xərçəng xəstəliyinin belə demək mümkünsə, kökü kəsildi.

Daha bir misal, təxminən elə həmin illərdə Amerikada 20 yaşlı gənc infarktdan vəfat etdi. Onun vaxtsız ölümü, ölkəyə əməlli-başlı səs-küy saldı. Gəncin 20 yaşda infarktdan ölməsi absurd göründüyü üçün meyiti ekspertizaya göndərilib, yarıldı və məlum oldu ki, onun daxili orqanları 80 yaşlı qoca kişidəki imiş...

Bundan sonra araşdırılma aparıldı və aydın oldu ki, sən demə, həmin oğlan hələ uşaqlıqdan evdə qidalanmırmış. Valideynləri ona hər gün cib xərcliyi verirmiş. O da bu pulla marketdə əlinə keçən qeyri-sağlam qidaları alıb yeyirmiş... Düzdür, Amerikada bu kimi hallar adiləşib, amma insanlara təqdim olunan məhsulların tərkibi göstərilir. İstehlakçı bilir ki, aldığı məhsulun tərkibi təmizdir, ya konservant, yaxud da geni modifikasiya olunmuşdur.

Bəs yaxşı, bizdə necədir? Bildiyiniz kimi yanvar ayından Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Görəsən, ölkədə istehsal olunan və gətirilən GMO məhsullarla mübarizə apara biləcəkmi? Ümumiyyətlə, Türkiyə və İrandan gələn məhsulların tərkibini müəyyən edən labaratoriyalar varmı?

Qurumun mətbuat xidmətindən əməkdaşımıza bildirdilər ki, bununla bağlı xüsusi labaratoriyalar fəaliyyət göstərəcək. Agentlik "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək.

Yeri gəlmişkən bildirək ki, indiyə qədər istehlak bazarına daxil olan mal və məhsulların keyfiyyətinə nəzarət bir yox, 6-7 dövlət qurumu tərəfindən həyata keçirilirdi. Hansı ki, bura Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi Yanında Fitosanitar Nəzarəti Xidməti, Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsi (idxal zamanı) daxil idi. Lakin yeni yaradılan agentliyin əsasnaməsinə nəzər yetirsək, onların bu istiqamətdə səlahiyyətlərinin qüvvədən düşdüyü aydın olur.

Belə ki, agentliyin fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə - sanitariya norma və qaydaları, habelə gigiyena normativləri hazırlamaq və təsdiqini həyata keçirmək daxil edilib. O cümlədən qurum ölkədə istehsal edilən, idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alaraq reyestrini aparacaq. 

Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirəcək. Xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verəcək, gömrük orqanları ilə birlikdə ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirəcək. Bir sözlə, agentliyin fəaliyyət istiqamətlərindən belə aydın olur ki, qida sahəsində fəaliyyət göstərən biznes subyektləri əvvəlki kimi yeddi deyil, bir qapını döyəcəklər. 

Vahid idarəetmənin tətbiqi istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, idxal olunan qida məhsullarının təhlükəsizliyinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına gətirib çıxaracaq.

Bu arada, agentliyin vəzifələrinə təhlükəli və kütləvi zəhərlənməyə (xəstəliklərə) səbəb olan, ölkədə istehsal edilən və ya ölkəyə idxal edilmiş qida məhsullarını dövriyyədən çıxarmaq, qida təhlükəsizliyi baxımından yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər görmək daxildir. 

Bunu nəzərə alaraq agentlik ixrac edilən qida məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizaların keçirilməsini təşkil edəcək. Belə ekspertizaların nəticələrinə uyğun olaraq, müəssisələrə təsdiqedici kod nömrələri, ixracatçılara qida təhlükəsizliyi sertifikatları veriləcək.  

Həmin məhsulların istehsal və emal müəssisələrinin reyestri aparılacaq, qida məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərinin icrası həyata keçiriləcək.

Ölkənin ərzaq bazarı genetik modifikasiya olunmuş məhsulların satış poliqonu olmayacaq. Agentlik genetik modifikasiya olan qida məhsullarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayacaq. Habelə aidiyyəti dövlət orqanları ilə birlikdə belə qida məhsullarının qanunsuz dövriyyəsinə qarşı qanunda nəzərdə tutulmuş tədbirləri görəcək. 

Qurum idxal olunan qida mənşəli genetik məhsulların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalıb-qalmadığını yoxlayacaq.

Aytən Həsənova





Həftənin ən çox oxunanları