Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, 11 dövlət səhiyyə müəssisəsi özəlləşdiriləcək. O, həmin müəssisələrin siyahıya daxil edildiyini bildirib. Müavin onu da deyib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryol Xəstəxanası da var. Tədbirlərə uyğun olaraq, yaxın vaxtlarda ilk olaraq Azərbaycan Dəmiryol İdarəsinin nəzdində olan xəstəxana və poliklinikalar bağlanacaq.
Bu, 4 min Azərbaycan vətəndaşının işsiz qalmasının sənəd üzərində rəsmiləşdirilməsi deməkdir. Nəzərə alsaq ki, bununla yanaşı daha 10 müəssisə və bunların nəzdindəki müəssisələr bağlanacaq, ortaya çıxacaq rəqəm daha böyükdür. Orta hesabla götürsək ki, bağlanacaq 10 müəssisədə 2 min nəfər işləyir, o zaman bu, 20, üstəgəl, Dəmiryol İdarəsinə tabe müəssisələr - 24 min vətəndaşın işsiz qalması deməkdir. Açıqlamanın verilməsindən bir neçə saat sonra nazirlik təkzib etsə ki, özləlləşdiriləcək müəssisələr arasında Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur, lakin sözügedən qurumdan mediaya sızdırılan “kəşfiyyat” məlumatları başqa bir mövzudur. Onu da nəzərə alsaq ki, bu xəstəxana da özəlləşdiriləcək və bunu hərracda alan sahibkar yerli mütəxəssislər yerinə əcnəbilərə üstünlük verəcək, o zaman vəziyyət daha da kritikləşəcək.
Qərarın yaradacağı fəsadlar
11 müəssisənin özəlləşdirilməsi ilk növbədə hakimiyyətin uğursuz daxili siyasətinin nəticəsidir. Düzdür, bazar iqtisadiyyatında bu kimi hallar qəbulediləndir. Lakin iqtisadi inkişafı üçüncü dərəcəli dövlət sırasına daxil olan, üstəgəl, korrupsiya və rüşvətin səviyyəsinə görə, adını “qara siyahı”nın ilk “üçlüyündə” yazdıran Azərbaycanda bu özəlləşdirmə siyasətinin yaradacağı fəsadlar ağır olacaq. İlk növbədə bu qərar ölkədə işsizlərin sayını artıracaq. İkincisi, səhiyyə müəssisələrinə dövlət nəzarəti zəifləyəcək. Bəllidir ki, Azərbaycanda özəl səhiyyə müəssisələrində qiymətlər həddən artıq bahadır, dövlət xəsatəxanalarında isə göstərilən xidmət olduqca aşağı səviyyədədir. Elə buna görədir ki, Azərbaycan vətəndaşları İran, Türkiyə, Rusiya, bir sıra hallarda da Gürcüstan xəstəxanalarında mədəd axtarırlar. Yəni, bu qərar ona hesablanıb ki, hökumət ölkə vətəndaşlarının gələcək taleləri üzərindən total böhran vəziyyətində büdcəni doldurmağı hədəfə alıb.
Görünən budur ki, indiki halda hökumət üçün əsas məqsəd vətəndaşlarının sağlamlığı, gələcək taleyini düşünmək yox, böhrandan zərərsiz çıxmaqla öz yerini möhkəmlətməkdir. Onsuz da ölkənin səhiyyə sektorunda vəziyyət ağır idi, bu qərar isə Azərbaycan səhiyyəsinin “ölüm fərmanı” deməkdir.
Şirəliyevin qorxulu “lətifə”si
Nə qədər acınacaqlı olsa da səhiyyə naziri Oqtay Şirəliyev haqda insanlar arasında yaradılmış bir lətifə var. Demək, bir gün jurnalistlər Oqtay Şirəliyevə sual verirlər: “Azərbaycan səhiyyəsində vəziyyət niyə bu qədər acınacaqlıdır?”. Nazir cavab verir ki, “Almaniyaya müalicə almağa gedirəm, qayıdıb cavab verəcəm”. Təəsssüf ki, bu bir lətifə deyil. İçindəki sarkazm da insanı güldürə bilmir. Çünki vəziyyət elə orada təsvir olunduğu kimidir: hər bir xəstəxana xəstə vətəndaş üçün tabutdur. Bu baxımdan qərarı hökumətin “uğurlu siyasəti”nin növbəti addımı kimi qiymətləndirmək lazımdır. Zatən, bura qədər vəziyyət pis gündəydi.
Sosial partlayışa doğru
Səhiyyə sektoruyla yanaşı digər bölmələrdə də ixtisarların, özəlləşdirmələrin olduğunu nəzərə alsaq, hökumətin bu kimi qərarları ölkəni sosial partlayışa aparacaq, hər keçən gün narazılığı bir az da artıracaq. Nəzərə alsaq ki, əhaliyə satılan təbii qazın qiymətləri 50% bahalaşıb, bu da qazla işləyən istehsal müəssisələrinin buraxdığı məhsulların qiymətlərini artıracaq, o zaman vəziyyətin xaosa doğru inkişaf edəcəyini əvvəldən bilmək elə də çətin tənlik deyil. Bu fonda vətəndaşların işsizləşdirilməsinə doğru atılacaq ən kiçik addım sosial partlayış üçün “qızışdırıcı katalizator” rolunu oynayacaq.
Görünən budur ki, hökumət üçün gəlirlərini artırmaq daha maraqlıdır. Çünki həmin müəssisələr özəlləşdiriləcəyi halda bu, xəstəxanalarda qiymətləri bahalaşdıracaq. Adətən, belə müəssisələrdə sahibkar xidmətin keyfiyyətinə üstünlük verir ki, bu da xəstəxanalara yüksək maaşla çalışan əcnəbi mütəxəssislərin cəlb olunmasından və xaricdən müasir, bahalı texnologiyaların, bahalı dərman preparatlarının ölkəyə gətirilməsindən keçir. Şübhəsiz ki, bu vəziyyəti nəzərə alan sahibkar vətəndaşlara göstərilən xidmətin qiymətini artırır və müəssisənin təşkili üçün etdiyi zərəri vətəndaşların ciblərindəki pullar hesabına kompensasiya edir. Bu da birbaşa həmin müəssisələrin dövlətə verdikləri vergilərinin həcmini də artıracaq. Dövlət müəssisələri isə dövlətdən “yeyirdi”. Buna görə də hökumət həssas situasiyada özəlləşdirilmədə maraqlıdır. İndi hökumət qərarı rəsmiləşdirmədən, bunun ortaya çıxaracağı mənzərəni əvvəldən nəzərə almalıdır.
Mənsur