Bir neçə gün əvvəl qəzetimizdə dünyada sonsuzluğun sürətli artımı barədə yazı təqdim etmişdik. Xüsusilə də kişi sonsuzluğunun artması insanların donor mayalanması ilə hamilə qalmaq üsullarına əl atmasına səbəb olur. Elmin inkişafı bir çox ailənin övlad arzusunu 3-cü şəxsin iştirakı ilə həyata keçirir.
Donor vasitəsilə hamiləlik necə olur?
Sonsuzluq qadınlarda yumurtalıq, analıq borusu xəstəlikləri, kişilərdə isə sperma zəifliyi nəticəsində yaranır. İndi nəinki dünyada, eləcə də Azərbaycanda süni mayalanma vasitəsi ilə sonsuzluq problemi az da olsa həll edilir. Ona görə az deyirik ki, hər övladı olmayan süni mayalanma etdirə bilmir, çünki qiymətlər münasib deyil. Donor hamiləliyinin baş verməsi üçün hamilə qalmaq istəyən qadının ərinin spermatozoidlərinin olmadığına əmin olmaq vacibdir, yalnız bu halda sonsuzluq donor spermatozoidləri vasitəsilə aradan qaldırılır. Hazırda dünyada donor hamiləliyi ana olmaq istəyən tənha qadınlar üçün də aktualdır, ərə getmək istəməyən bəzi qadınlar donor bankına müraciət edərək övlad sahibi olur. Amma indi eynicinslilərin evliliyindən sonra qadın cütlüklərin də daha çox donor vasitəsi ilə hamilə qalması hallarına da rast gəlirik.
Hamiləliyin baş tutmasında ən əsas rolun sahibi - donor genetik və yolxucu xəstəlikləri olmayan, sağlam könüllülər olur. Onlar öz spermatozoidlərini münasib qiymətə donor bankına satır. Götürülmüş bütün nümunələr yarımillik karantin dövrü keçir və yalnız testlərin nəticəsində keyfiyyəti təsdiq olunduqdan sonra istifadə edilir. Donor sperması, donorun xarici görünüşünə, bədən quruluşu, gözlərin və saçların rəngi və s. əsaslanaraq seçilir. Yəni hamilə qalmaq istəyən qadın körpəsinin hansı əlamətlərlə doğulmağını istəyirsə, o əlamətlərə sahib donor tələb edir.
Donoru necə seçmək olar ?
Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə, Azərbaycanda donorla mayalandırma qanunla qadağandır, amma bu qadağaya o qədər də məhəl qoyulmur, belə ki, əgər qadın həyat yoldaşının sonsuz olması barədə tibbi analizləri təqdim edərsə, bu mümkün olur. Lakin donor seçiminə pasiyent qarışa bilməz, sadəcə donorun milli və ya əcnəbi olmasını təyin edə bilər, qalanları isə klinikanın işidir. Donoru görə və şəxsiyyətini tanıya bilməzsiniz.
Məlumat üçün bildirək ki, sözügedən prosedur 1500 manatdır, üstəlik, əlavə dərmanlar da lazım olacaq ki, bu, sonrakı mərhələdə alınır. Lazım olacaq dərmanlar ay ərzində təxminən, 1000-1500 manat civarında pul tələb edir. Prosedur ümumilikdə bir ay çəkir. Əgər birinci hamiləlik baş tutmasa embrion dondurulur və 3 il müddətində istifadə edilə bilər. Siz bu müddət ərzində 865 manat hər mayalanma üçün pul ödəməlisiniz. Maraqlı orasıdır ki, pasiyent hamiləlikdən öncə uşağının cinsiyyətini də “sifariş” edə bilər. Əgər siz istəsəniz qız, istəsəniz oğlan övladının valideyni ola bilərsiniz. Amma bunun üçün də siz əlavə 100 manat ödəməli olacaqsınız. Klinikadan bildirirlər ki, donorun xidmətinə görə də ayrıca pul ödəmək lazımdır, hamilə qalmaq istəyən pasiyent xəstəxanaya prosedur və mayalanma üçün ödədiyi puldan əlavə 300 manat da donor üçün ödəməli olur. Xəstəxana donorun əqli və fiziki cəhətdən tam sağlam olması barədə təminat verir. Beləliklə, aydın oldu ki, əgər ailə sonsuzluqla qarşılaşıbsa, kişi spermatozoidləri yetərli deyilsə və qadın donor vasitəsi ilə hamilə qalmaq istəyirsə o zaman 4500-5000 civarında pul xərcləməli olacaq.
Donor hamiləliyi təhlükəli ola bilər
Dünyada donor hamiləliyi olduqca geniş yayıldığı üçün qalmaqalı da az olmur. Qalmaqallar əsasən donor hamiləliyinin bacı-qardaş evliliyinə stimul verməsinə görə baş verir. Amerikada bu cür hadisə bir neçə il öncə ciddi narahatlıq doğurdu. Mütəmadi olaraq sperm banklarına donorluq edən bir kişi qəribə bir şok yaşadı, o 150 övladı olduğunu öyrənmişdi. Nyu-Yorkdakı “sperma bank”larından birinin “təminatçı”sı olan donor-kişinin təkcə birləşmiş ştatlarda 150 övladı varmış. Donor bankı təminatçıdan bir dəfə yox, dəfələrlə istifadə edib və nəticəsi də bu cür olub. Donor mayalanması barədə qanunlara görə isə bir donordan yalnız bir dəfə spermatozoid alınmalıdır.
Eyni vəziyyət Hollandiyada da qeydə alınmışdı, 32 yaşlı donor “qəfildən” 41 uşaq sahibi olmuşdu. Bu uşaqlar yalnız ölkədə yaşayan qadınların donor hamiləliyindən doğulanlar idi, həmin donorun spermatozoidlərindən bir çox əcnəbi qadın da mayalandırılmışdı. Dünyanın o qədər də böyük olmadığını nəzərə alsaq gələcəkdə bacı-qardaş evliliklərinin mümkün ola biləcəyi reallığı qaçınılmazdır.
Vacibdir, yoxsa lazımsız?
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə müzakirələr aparılanda layihə birmənalı qarşılanmadı və qanunun qəbulu da surroqat analıq, o cümlədən donor bankı məsələsinə görə reallaşmadı. Daha sonra millət vəkili Hadı Rəcəbli bu iki maddənin qanundan çıxarılaraq yenidən müzakirə ediləcəyini bildirdi, amma qanundan yenə bir xəbər çıxmadı.
Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, əslində qanun layihəsinin qəbulu vacib və qaçılmaz idi: “Xarici ölkələrdə olduğu kimi bizim ölkədə də həyata keçirilə bilər, sadəcə olaraq milli genefondu qorumaq şərti ilə. Məsələn, xaricdə mayalanma etdirən qadın donorun kimliyini də bilmir, hansı millətdəndir, qanı nədir, kökü hardandır. Ona görə bu prosesin ölkə daxilində həyata keçirilməsi daha vacibdir. İnsanlar övlad sahibi olmaq istəyirlərsə bunu hansı yolla olursa-olsun, edəcəklər. Bu baxımdan qanun layiqincə müzakirə olunmalı idi”.
Millət vəkili Qənirə Paşayeva da qanunun qəbulunu məqbul hesab edir. Parlamentin payız sessiyasında bu barədə danışan millət vəkili bildirdi ki, “Reproduktiv sağlamlıq haqqında” Qanuna ciddi ehtiyac var: “Boşanan ailələrin əksəriyyətində övladsızlıq böyük rol oynayır. Bu cür ailələrə dəstək göstərilməlidir.
Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə yenidən çıxarılması çox vacibdir. Orada ziddiyyətlərə səbəb olan süni mayalanma məsələsinə hansısa şəkildə baxmaq olar. Bu, ailələrə çox kömək edə bilər. Süni mayalanma dinimizə də zidd deyil. Bütün müsəlman ölkələrində də qəbul olunub ki, bu, ailəni dağılmaqdan qorumaq üçün tətbiq oluna bilər”.
Altay Bayramlı