Səhiyyə Nazirliyinin hazırladığı yeni qaydalara əsasən həkimlərə dərmanların patentləşdirilmiş adını reseptdə yazmaq qadağan ediləcək. Nazirlik tərəfindən hazırlanan "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması” haqqında yeni qaydalara əsasən tənzimlənəcək. Həmçinin yeni qayda həkimlərin dərman firmaları ilə işbirliyinə də son qoyacaq. Məsələ ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya deyib ki, nazirlik tərəfindən tətbiq edilən yeni qaydalar müvəqqəti xarakter daşıyır:
“Dərmanların qiymətinə müdaxilə və ondan sonrakı bu proseslər bazar iqtisadiyyatı üçün xarakterik hal deyil. Bazar iqtisadiyyatında qiymətlərin tənzimlənməsi dövlətin əli ilə ola bilməz. Bu azad rəqabət şəraitində baş verməlidir. Dövlətin rolu sadəcə, antimonopol siyasətinin qarşısını almaqdır. Bütün dünya ölkələrində vəziyyət budur. Azərbaycanda yaranmış durum müvəqqəti xarakter daşıyır. Manatın devalvasiyasından sonra baş verən vəziyyət, süni qiymət artımı, sui-istifadə halları narazılıqlar yaratdı və dövlət məsələyə müdaxilə etməyə məcbur oldu”.
Dərmanların kimyəvi tərkiblə yazılması məsələsinə gəlincə, ekspert deyib ki, bu qayda dərman bazarında olan müəyyən problemlərin qarşısının alınması məqsədini daşıyır: “Bu məsələlər müvəqqətidir və bir müddətdən sonra öz yoluna qayıdacaq. Bəzi dərman preparatları qiymət endirimindən sonra yoxa çıxıb. Mütəxəssislər həmin dərmanları uzun müddət axtarmalı oldu. Bu, tövsiyə xarakteri daşıyırsa, başadüşüləndir. Əgər inzibati səciyyə hesab olunursa, əslində, bu cür qaydanın qoyulması uzun müddət davam edə bilməz. Dərmanın yazılışı, müalicənin məsuliyyəti həkimin üzərindədir. Hansısa dərman vasitəsinin seçilməsi həkimə aiddir və dövlət tərəfindən diplomla bu hüquq onlara verilir. Yaranmış vəziyyətlə əlaqədar apteklərdən hansısa şirkətlər yararlana biləcək. Apteklərin özləri də təəssüflər olsun ki, bəzi dərman firmaları ilə korperativ maraqlarla fəaliyyət göstərirlər. Bu da ayrı-ayrı dərman maddələrinin aptekdə reklamını və satışını stimullaşdıra bilər. Əslində, azad rəqabət bir sıra dərmanların satışına neqativ təsir edə bilər”.
Adil Qeybulla onu da əlavə edib ki, apteklərdə çalışanlar dərmanların tərkibinə görə onun bütün avadanlıqlarını bilməlidirlər: “Təəssüflər olsun ki, bu gün aptek şəbəkələrində ali təhsilli şəxslər azdır. Bu tələb edir ki, aptekdə də farmakologiyadan, dərmanların kimyəvi tərkibindən xəbəri olan şəxslər olsun. Eyni tərkibli dərmanlar ayrı-ayrı ölkələrdə buraxılaraq keyfiyyət parametrləri eyni təsirə malik olmur. Belə tədbirlərin həyata keçirilməsindənsə, yaxşı olardı ki, dərman bazarındakı xaosu aradan qaldırsınlar”.
Alçina Amilqızı