Yuxarı

Qiymətə "minib" İrana müalicəyə gedənlər

Qiymətə

 İran azərbaycanlı xəstələr üçün xüsusi dərmanlar hazırlayır? 96470_res_01 Ekspertlərin fikrincə, bunun səbəbi azərbaycanlı pasiyentlərin orqanizminin aşağı dozaya tabe olmamasıdır İran səhiyyəsi ölkənin dərman ehtiyacının 98 faizini daxili imkanlar hesabına ödəyir. Ölkədə istehsal edilməyən bir neçə adda dərman Avropa ölkələrindən idxal edilir. İran səhiyyəsinin son illər inkişafı ölkəmizdən ora kütləvi pasiyent axınına səbəb olur. Yerli həkimlər bizim xəstələrimizi əksər hallarda İran istehsalı olan dərmanlarla sağaldır və bu dərmanları ölkənin istənilən əczaxanasından əldə etmək mümkündür.   Dərmanı almaq üçün aptek seçimi 227253 Qonşu ölkəyə müalicə üçün gedən həmyerlilərimizdən öyrəndiyimizə görə İran həkimləri reseptə yazdığı dərmanı xüsusi apteklərdən almağı tələb etmir və dolayısı ilə bizim bir çox həkimlər kimi dərman firmalarından faizli gəlir əldə etməyi düşünmür. Apteklərdə ağrıkəsicilər belə həkim resepti əsasında verilir. Bir çox həmyerlimiz ölkəyə qayıdanda İran istehsalı olan müxtəlif ağrıkəsicilər  və dərmanlar alır. Bu preparatlar İran sərhədçiləri tərəfindən problemsiz buraxılsa da, Azərbaycan sərhədçiləri tərəfindən bir-bir yoxlanılır-qadağan edilmiş dərman, psixotrop maddələr yoxdursa, ölkəyə keçirməyə icazə verilir. Müalicəyə gedib qayıdan soydaşlarımızın dediklərinə inansaq, İran həkimləri Azərbaycandan gedən pasiyentlərə nisbətən yüksək dozada dərman tövsiyyə edirlər. Tibb ekspertləri bunun səbəbini yerli pasiyentlərin uzun müddət yüksək dozalı preparatlara adaptasiya olmaları ilə əlaqələndirir. Belə ki, orqanizm dərmanın yüksək dozasına öyrəşdikdən sonra İran həkimlərinin aşağı dozada təyin etdiyi preparatlara tabe olmur. İranlı həkimlər bu səbəbdən dərmanı yüksək dozada təyin etməli olur.   Ekspert: “Boş söhbətdi” Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, yüksək doza ilə təyin edilsə də, İranda istehsal olunan dərmanların  təhlükəsizliyi məsələsinə ciddi şəkildə nəzarət həyata keçirilir. İranda dərman vasitələrinin köklü bir sənaye tərəfindən istehsal olduğunu dilə gətirən ekspert deyir ki, sözügedən dərmanları alıb ölkəmizə gətirən pasiyenlərdən nümunə götürərək yüksək dozanı təyin etmək olar: “Hesab edirəm ki, İrana müalicə üçün gedən azərbaycanlılar həkimin yazdığı resepti istənilən aptekə verib dərmanlarını ala bilirsənsə hər hansı xüsusi yüksək dozadan söhbət gedə bilməz. Çünki o resepti yazan həkim bilmir ki,  pasiyent hansı aptekdən dərman alacaq və o aptekdə əvvəlcədən yüksək dozalı dərmanlar hazırlatsın”. Məlumat üçün qeyd edək ki, İran daxili dərman bazarında 98 faizlik paya sahib olduğu üçün istehsala lazımlı xammalın təxminən 50 faizini idxal edir. Ölkə daxilində istehsal edilməyən dərmanların idxalına keçən il təxminən 1,7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.  Xaricdən alınan dərmanların baha olmasına səbəb isə İrana qarşı tətbiq edilən sanksiyalardır. Ölkə daxilində istehsal olunan preparatların birinin qiyməti xaricdən gətirilən preparatın qiymətinin 30 faizi dəyərindədir. Qeyd edək ki, İran alimləri astma, Hepatit, SPİD və xərçəng xəstəlikləri də daxil olmaqla bir sıra xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan 6 dərman preparatının tərkib hissələrinin istehsalına başlayıb, yaxın gələcəkdə bu dərmanların həm ölkədə, həm də dünyada satışına imkan olacaq. Bu dərman preparatlarının daxildə istehsalı 16 milyon dollara başa gələcək və beləliklə hər il 49 milyon dollara qənaət ediləcək.   Millət vəkili: “Əgər xammalın rüsumu az olsa”... Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də yerli dərman istehsalının tərəfdarıdır, amma bunun o qədər də asan olmadığını deyir: “Azərbaycan hər sahədə öz istehsalını qura biləcək bir dövlətdir. Amma dərman istehsalı ilə bağlı bir əngəl var. Ölkəyə dərman istehsalı üçün xammalın gətirilməsinə müəyyən edilən rüsumlar hazır dərman vasitələrinin gətirilməsinə tətbiq edilən rüsumlara bərabərdir. Əslində xammala görə gömrük rüsumu olmalı deyil, olsa da aşağı həddə alınmalıdır. Ona görə də, ölkəmizdə hazırlanacaq dərmanın maya dəyəri kifayət qədər yüksək olur və sahibkar üçün bu istehsal sahəsi maraq kəsb eləmir. Əgər gətirdiyi xammalın gömrük rüsumu hazır dəmanın gömrük rüsumu ilə eynidirsə o zaman elə hazır dərman gətirər, daha zavod-fabrik üçün əlavə vəsait sərf etməz. Xammala görə gömrük vəsaiti aşağı salınsa və yaxud ləğv edilsə, elə bilirəm ki, yerli dərman istehsalı mümkün olar”. Soydaşlarımızın müalicə üçün İrana daha çox üz tutmasına münasibət bildirən müsahibimiz qeyd etdi ki, bu axına səbəb qonşu ölkədə tibbi xidmətin çox ucuz olmasıdır: “Bizim orta və aztəminatlı insan üçün orda müalicə münasibdir. Yol yaxındır, nəqliyyat ucuzdur, müalicə sərfəlidir – bütün bunlar adamların ora daha çox getməsinə gətirib çıxarır. Son 4-5 ilə qədər bizim tibb ocaqlarında imkan yaxşı deyildi, amma indi istər avadanlıq, istərsə də kadr baxımından İrandakından daha yüksəkdir. Bizim həkimlər heç də İran həkimlərindən geri qalmırlar. Ola bilsin bizdə tibbi xidmətin qiymətində bahalıq insanları İrana aparır”.   Dərmanların qiyməti 3-4 dəfə ucuzlaşdı Yeri gəlmişkən, son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də məhz dərmanlarla bağlıdır. Artıq ölkəmizdə qanunla bütün dərmanlara eyni qiymət tətbiq edilib. İlkin mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Tarif Şurasından əldə etdiyimiz məlumata görə, qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Şuradan bildirirlər ki, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib. Daha aydın desək, əvvəl 18 manata aldığınız hansısa dərmanı indi 6 manata ala bilərsniz. Qiyməti ucuzlaşan dərmanların siyahısı ilə http://www.tariff.gov.az/ internet ünvanında tanış ola bilərsiniz. Qeyd edək ki, ölkəmizdə ümumilikdə 60 adda dərman istehsal olunur. Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi  Pərviz Əzizbəyovun sözlərinə görə, bu il Azərbaycanda 4500-ə yaxın dərman rəsmi dövlət qeydiyyatından keçib və onların ölkəyə idxalına icazə verilir. Ölkəmizdə rəsmi qeydiyyatda olan dərmanların yalnız 60 adda olanı Azərbaycanın öz istehsalı olan dərman preparatlarıdır. Azərbaycana idxal edilən dərmanların 50%-dən çoxunu Avropa istehsalı olan dərman preparatları təşkil edir. 2000-ci illərdə Azərbycanda “İnsanovin” adlı bir preparat da istehsal edilirdi, patenti keçmiş Səhiyyə Nazirli Əli İnsanova aid olan bu preparat ağciyər xəstələri üçün nəzərdə tutulmuşdu. Rusiyada, Türkiyədə, Hindistanda, Ukraynada, Gürcüstanda, Türkmənistanda da istehlak edilən və Əli İnsanovun ixtirası olan bu dərmanın 2005-ci ildə Azərbaycanda istehsalı dayandırıldı və satışdan yığışdırıldı. Amma keçmiş nazirin məhkəmə çıxışlarına istinadla deyə bilərik ki, “İnsanovin” preparatı hazırda xaricdə satılır.   Qonşu ölkələr Azərbaycanda dərman fabriki qurmaq istəyir Məlumat üçün bildirək ki, Rusiya Azərbaycanda dərman istehsalına başlamaq niyyətindədir. Amma bu hələ müzakirə masasına yatırılmamış mövzudur. Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana gözlənilən səfəri zamanı daha ətraflı şəkildə müzakirə olunacağı gözlənilir. Həmçinin İranın Qırmızı Aypara Cəmiyyətinin Tibbi Təchizat Təşkilatının təşəbbüsü ilə Azərbaycada dərman istehsalına başlanacaq. Tehranda bitki dərmanları istehsalı ilə məşğul olan zavodun rəhbərliyi Azərbaycan nümayəndələri ilə görüşlər keçirib və Azərbaycanda da istehsal müəssisəsi yaradılması üçün təkliflə çıxış edib. Amma istehsal olunacaq preparatlar kimyəvi tərkibli deyil, bitki tərkibli olacaq. Bakıda istehsalı nəzərdə tutulan dərmanlar əsasən mədə-bağırsaq, böyrək, burun-boğaz, şəkər və digər xəstəliklərin müalicəsində istifadə olunacaq. İstehsal olunacaq dərman maddələrinin beynəlxalq standartlara uyğunluğuna gəlincə, İran müəssisəsi beynəlxalq lisenziyaya sahibdir. Müvafiq dövlət orqanlarının lisenziyası əsasında Bakıda fəaliyyət göstərəcək istehsal müəssisəsinin məhsullarının beynəlxalq standartları olacaq. Azərbaycanda əsasən, ekstraktlar, krem və çaylar istehsal ediləcək. Bu məhsulların xarici bazarlara çıxarılması da istisna edilmir. Lalə Mehralı