Yuxarı

Nikahdankənar uşaqlar: azad seks, Avropa ənənəsi, yoxsa dinə meyl?

Nikahdankənar uşaqlar: azad seks, Avropa ənənəsi, yoxsa dinə meyl?

aileOnları el arasında müxtəlif adlarla adlandırırlar. “Qanunsuz uşaqlar” deyən də var, lap irəli gedib “bic” damğası yapışdıran da. Əslində isə onlar nikahdankənar dünyaya gələn uşaqlardır. Cəmiyyətin onların necə adlandırmasından asılı olmayaraq, qanun bu uşaqları belə qəbul edir. Son zamanlar nikahdankənar doğulan uşaqlarla bağlı statistik göstəricilərin artması narahatlıq üçün əsas verib. Bir çoxlarının düşüncəsinə görə, bu, ölkədə azad seksin daha geniş yayılmasının göstəricisidir. Milli mentalitetlə qətiyyən uyğun olmayan Avropa ənənəsinin yayılması və rəqəmlərdə əks olunan reallıq təhlükəli  məqamlardan xəbər verir. Kənddə azad seks? Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə rəsmi nikahda olmayan qadınlar tərəfindən 25069 , 2014-cü ildə 25486 uşaq dünyaya gətirilib. Yəni statistikada artım var. Ancaq bu uşaqlar harda dünyaya gəlib? Bu sualın cavabı cəmiyyətin  səbəbi əslində Avropada yox,  başqa yerdə axtarmasını vacib edir. Yenə rəqəmlərə baxaq. 2014-cü ildə belə uşaqların sayının artmasına baxmayaraq, şəhər yerlərində rəsmi nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Belə ki, 2013-cü ildə Azərbaycanın iri şəhərlərində 10892, 2014-cü ildə 9772 uşaq rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Kənd yerlərində isə rəsmi nikahda olmayan qadınlar tərəfindən 2013-cü ildə 11177, 2014 ildə isə 15714 uşaq doğulub.  Rəsmi məlumatlar “azad seks” səbəbini aradan qaldırır. Təbiidir ki, kəndlərdə azad seksdən danışmağa dəyməz, o zaman bu uşaqları dünyaya kim və hansı halda gətirib?   Toy olub, uşaqlar isə nikahsız doğulub Haşiyə: Gülgəz Əliyeva 2 uşaq anasıdır. Uşaqları qanunun dili ilə desək  nikahdankənar doğulub. Qalanını özü belə danışır: “Zaqatalada ailə həyatı qurmuşam. Normal qaydada təmtəraqlı toy mərasimim olub. Ancaq qaynanamgil varlı olduqlarına görə mənə ancaq uşaq dünyaya gətirdikdən sonra rəsmi nikah bağlayacaqlarını bildirdilər. Beləliklə, güya mənim onların var-dövlətinə sahib çıxmamın qarşısını almaq isətyirdilər. Valideynlərim də bununla razılaşdı. İlk övladım dünyaya gələndən sonra atası şəxsiyyət vəsiqəsinin olmadığını əsas gətirib, uşağa soyadını vermədi. O zaman buna inandım. İkinci uşaqdan sonra da bundan imtina etdi. O zaman anladım ki, o, uşaqlara atalıq etməyəcək. Uşaqlarımı da götürüb atamgilə qayıtdım. Böyük qızım 6 yaşında olanda sənədin vacibliyini gördüm, ASAN Xidmətə sənəd üçün müraciət etdim. Uşağa öz soyadımı verdim, ata adı yerində isə istədiym adı yazdıra bilərdim. ASAN Xidmətdə məni “tənha ana” kimi qeydiyyata aldılar. İndi uşaqlarımın atası olsa da uşaqlara atalıq etmir, uşaqları heç rəsmən qəbul etməyib. ASAN Xidmətdə mənə “tənha ana” kimi hər uşağım üçün 100 manat müavinət ala biləcəyimi söylədilər. Bunu bilmirdim. Mənim üçün gözlənilməz oldu. İndi 200 manat müavinət alıram. Amma həmin pulu uşaqların təhsili üçün bank hesabında toplayıram, hələ gəncəm, özüm işləyib uşaqlarımı saxlayıram. Gələcəkdə onların təhsili üçün bu pula ehtiyacım olacaq”.   15 yaşlı analar və uşaqlar... “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, “qanunsuz” adlandırdığımız uşaqların böyük əksəriyyəti dini nikahdan doğulan uşaqlarıdr: “Ancaq qanun onları nikahdankənar uşaq kimi qəbul edir. Yəni sənədlərdə belə göstərilir. “Nikahdankənar uşaq” ifadəsi Azərbaycanda erkən nikahların artması ilə eyni zamanda aktuallaşıb. Çünki dini nikahla ərə verilənlərin əksəriyyəti həm də erkən nikahlardır.  Statistika göstərir ki, 15 -17 yaşlı anaların sayı 2014-cü ildə  3296 nəfər olub. Şəhər yerlərind bu rəqəm 1054, kənd yerlərində 2242 nəfər təşkil edib. Əgər əvvəllər valideynlər rəsmi nikah olmadan evliliyə razılıq vermirdilərsə, indi düşüncə təəssüf ki dəyişib. Valideynlər dini nikahla razılaşır və sonrakı problemləri düşünməkdən yayınırlar. Onlar qəbul edə bilmirlər ki, qanun qarşısında dini  və vətəndaş nikahı əslində bərabərdir. Çünki əgər Azərbaycanda din dövlətdən ayrıdırsa, dini nikah vətəndaş nikahı arasında qanunla heç bir fərq yoxdur”.   Avropada vətəndaş nikahı, Azərbaycanda dini nikah Mehriban Zeynalovanın fikrincə, nikahdankənar uşaq sayını artmasını əsas gətirib Azərbaycan qadını barədə mənfi fikri söyləyənlərə də zamanında “dayan” deyilməlidir: “Televiziya ekranlarında tez-tez “qanunsuz uşaqların sayı artır, qadınlar azad  seksə meyl edir” deyə fikirlər səsləndirilir və bu mənfi Avropa ənənəsi kimi təqdim olunur. Bu eyni zamanda Azərbaycan qadını barədə mənfi fikir formalaşdırır. Amma unutmayaq ki, Avropada vətəndaş nikahında yaşayan cütlük uşaq dünyaya gətirmək qərarına gəldikdə münasibətlərini rəsmiləşdirir. Yəni dünyaya gələcək uşağın mənafeyi nəzrə alınır. Azərbaycanda isə bunun əksinədir. Azərbaycanda azad seksual həyat yaşayıb, üstəlik bundan dünyaya uşaq gətirən qadınların sayı heç də iddia olunduğu qədər çox deyil. “Qanunsuz” adlandırılan uşaqlar əslində rəsmi nikahda olmayan qadınların dünyaya gətirdiyi uşaqlardır. Təsəvvür edin ki, bunların arasında hətta özü də ata-ana olan var, amma hələ də nikahdankənar uşaq hesab olunurlar. Çünki ata-ana illərlə bərabər yaşayıb, cəmiyyət onları ailə kimi qəbul edir, amma uşaqlar nikahdankənar doğulublar. Nikahdankənar doğulmaq o demək deyil ki, qadın kiminləsə əlaqədə oldu və uşaq dünyaya gətirdi. Təbii ki, belə hallar da var. Amma bu hallar Azərbaycanda çox deyil. Sovet dönəmində müharibədən sonra əhali sayını artırmaq üçün tək analara müəyyən güzəşt edilirdi - “tək ana” ifadəsi də bir zamanlar güzəşt üçün açar hesab olunurdu. Hətta Rusiyada belə bu, cəmiyyət tərəfindən normal qarşılanmadı”.   Küçələrdə başlayan əlaqə və “qanunsuz” uşaqlar Haşiyə: Belə qadınlardan biri ilə “Təmiz dünya”nın sığınacağında görüşdük.  Adı Marinadır, bir neçə gündür ana olub. Özü də uşaqdır - 17 yaşı var. Kiçik yaşda anası onu dilənçiliyə vadar edib. Daha sonra küçə həyatı başlayıb,  Küçədə yaşayıb, müxtəlif kriminal dairələr arasında olub. Hamilə qalıb. Birinci hamiləliyi 14 yaşında olub, abort etdirib. 16 yaşında təkrar hamilə qalıb. Artıq uşağı dünyaya gətirib. Ancaq uşağın atasının kim olduğu bəlli deyil. Daha doğrusu, özü uşağın atasının kim olduğunu bilir, ancaq qarşı tərəfin soyadını uşağına vermək və onun məsuliyyətini çəkəcək həvəsi və durumu yoxdur. Bundan başqa, küçədə arzuolunmaz həyat yaşayan bu şəxsdən başqa bir qadın da yaxın zamanda dünyaya uşaq gətirəcək. Mariya deyir ki, sığınacağa gətirilənə qədər uşağının gələcəyi ilə bağlı heç nə düşünməyib. Atalığın müəyyən edilməsinin mümkünlüyü isə ancaq sığınacaqda ona bildiriblər.  Yəni özünün bu barədə heç bir fikiri olmayıb. Mehriban Zeynalova deyir ki,  rəhbərlik etdiyi təşkilat bu faktla bağlı atalığın müəyən edilməsinə cəhd göstərəcək:.”Ancaq Mariya tək deyil, bu şəraitdə olan başqa qadınlar da var. Onların sayı çox olmasa da, bir fakt belə narahatlıq üçün əsas olmalıdır. Əgər Mariya bura gətirilməsəydi, yəqin ki, heç uşağın doğum haqqında sənədini də ala bilməyəcəkdi, çünki buna maraq göstərməyəcəkdi. Təbii ki, belə hallarda doğulan uşaqlar da var. Amma yenə dediklərimi təkrarlayıram- nikahdankənar doğulan uşaqların böyük əksəriyyəti dini nikahlardan doğulanlardır. Nə qədər din xadimlərinə rəsmi nikah olmadan dini nikah bağlamamaq barədə tapşırıq verilsə də, buna çox vaxt əməl olunmur. Digər tərəfdən son zamanlar dinə meyl edənlər arasında kəbini özü oxumaq halları da artıb. Yəni onlar heç din xadiminə müraciət etmədən kəbinlərini özləri oxuyurlar və beləliklə öz fikirlərincə, evlənmiş hesab edilirlər.”   Səbəblər çoxdur: biri də miqrasiya Birlik sədri deyir ki, dini nikaha meylin əsas səbəbləri arasında rəsmi nikaha müəyyən vəsait tələb edilməsi, dini təsirlərin artması, miqrasiya prosesi ön sıralardadır. Qəhrəmanımız Sevda Qocayevanın ilk övladı nikahdan kənar doğulub. Əslində o da bütün gənc qızların arzusunda olduğu toy mərasimi ilə ərə gedib, ancaq rəsmi nikah bağlanmayıb. Səbəb isə həyat yoldaşının işləmək üçün Rusiyada yaşaması olub. Həmsöhbətim deyir ki, həyat yoldaşı Rusiyada yaşamaq və işləyə bilmək üçün özündən xeyli böyük qadınla nikaha girməli olub: “Artıq 4 ildir ki, həmin qadınla rəsmi nikahdadır. Həmin qadın da azərbaycanlıdır, amma Rusiya vəətndaşıdır. Onun qazanc mənbəyi məhz budur. Bəlkə də rəsmən bir neçə dəfə ərə gedib. Hər ay ona müəyyən məbləğ ödəyirdik.  Vətəndaşlıq ala bilmək üçün 5 il gözləmək lazımdır. Ancaq həmin müddət bitmədən sənədlərin düz olmadığına görə məni Rusiyadan deportasiya etdilər. Həyat yoldaşım da bundan sonra dinə meylləndi və hələ də o qadınla rəsmi nikahdadır. Ancaq rəsmən ayrılsa belə, mənimlə rəsmi nikaha meyl etməyəcək. Çünki dini nikahı daha vacib hesab edir”. Həmsöhbətim isə ikinci uşağa hamilədir və nikahdankənar doğulan uşaqların sırasına biri də qoşulacaq.   Doğum evindən məhkəmə salonuna Nikahdankənar doğulan uşaqların problemi kifayət qədərdir. Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə, onların qarşılaşdığı ən çətin problem atalığın müəyyən edilməsidir: “Əgər ata öz razılığı ilə uşağa ad-soyadını verirsə, onunla rəsmi nikahdan doğulan uşaq arasında heç bir fərq olmur. Yəni hüquqlar bərabər olur. Amma əgər ata öz razılığı ilə atalığın müəyyən edilməsinə razılaşmırsa, o zaman məsələ məhkəmə müstəvisində həll olunur. Amma bu bir az çətin prosesdir”. (Azərbaycanda belə bir praktika olub. İranın ölkəmizdəki keçmiş  səfiri ilə Əfşar Süleymani ilə  jurnalist Şəmsiyyə Bəylərqızı arasındakı qalmaqalı xatırlayaq- S). Hüquqşünas bildirir ki, nikahdankənar uşaq dünyaya gətirən valideynlər arasında ümumiyyətlə uşağa sənəd almağa meyl etməyənlər də var. Bu isə uşağın təhsil, iş hüququndan istifadəsində problemlər yaradır: “Görürsən uşaq kənddə dünyaya gəlib, heç kəs də ona sənəd almağı düşünməyib. Zaman keçib, uşaq məktəb yaşına çatır, ancaq sənəd olmadığından problem yaranır. Halbuki, əgər ata uşağa soyadını verməkdən imtina edirsə, həmin uşağı ana öz soyadına yazdırıb sənəd məsələsini dərhal həll edə bilər və uşaq ən azı təhsildən yayınmaz”.   Bütün problemlərin kökü: sosial müdafiəsizlik Mehriban Zeynalovanın fikrincə isə, bütün problemlər qadınların sosial müdafiəsinin olmamasından yaranır: “Təsəvvür edin ki, qadın dünyaya uşaq gətirib  və bu uşaq nikahdankənar hesab olunur. Qeyd etdiyimiz kimi bu uşaqların əksəriyyəti dini nikahlardan doğulanlardır, bəzi hallarda atalar uşaqlara baxmaqda maddi yardım edir. Amma yardım edilməyən hallar da var və qadın uşağına təkbaşına baxmalıdır. Bu zaman onun ilk ehtiyacı olan şey işdir, bu isə uşaqdan arxayın olmadan mümkün deyil. Əvvəllər körpələr evi vardı və bir çox analar uşaqların 6 aylığında həmin körpələr evinə qoyaraq işə başlayırdılar. İndi isə körpələr evinə uşağı 2 yaşından tez qəbul etmirlər. Deməli, ana ən azı 2 il işsizdir və bu müddətdə heç bir sosial təminatı yoxdur. Bütün problemlərin kökü qadının sosial müdafiəsinin olmamasından başlayır. Elə güman edirəm ki, yeni seçiləcək Milli Məclis ilk iclaslarından birində mütləq bu məsələyə baxmalıdır”.   Sevil Ağazadə